Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:20

Sloveniyalı yazıçı "Mixaylo" haqda ikicildlik roman yazıb


-

Sloveniyanın Nova Qoritsa şəhərinin Çepovani qəsəbəsində Sovet İttifaqı qəhrəmanı, azərbaycanlı partizan Mehdi Hüseynzadəyə həsr edilmiş “Mixaylonun təkbaşına qisası” (“Jeden za vse Mihajlovo Mascevanje”) ikicildlik romanının təqdimatı olub.

Dünya Azərbaycanlı Gənclər Birliyindən (DAGB) AzərTAc-a bildirib ki, sloveniyalı yazıçı Peter Ameliettinin müəllifi olduğu romanın təqdimat mərasimində “Onun təxəllüsü Mixaylo idi” adlı qısametrajlı sənədli film nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev iki ölkə və xalq arasındakı dostluğun tarixindən danışıb.

Bildirilib ki, Mehdi Hüseynzadə Azərbaycan və Sloveniya xalqlarının qəhrəmanlıq rəmzidir.

Sonra müəllif Peter Amelietti romanın məzmunu ilə bağlı iştirakçılara məlumat verib.

Əsərin Azərbaycan və Sloveniya gənclərinə vətənpərvərlik ruhunun aşılanmasına mühüm töhfə verəcəyi vurğulanıb.

DAGB-nin nümayəndəsi Günel Həsənova Azərbaycan xalqının Mehdi Hüseynzadənin xatirəsinə yüksək ehtiram göstərdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan xalqı dərin məhəbbətlə sevdiyi qəhrəman övladının xatirəsini əbədiləşdirmiş, Bakının mərkəzində M.Hüseynzadənin abidəsi ucaldılmışdır.

İkinci Dünya müharibəsinin iştirakçıları, xüsusən də Mehdi Hüseynzadənin döyüşçü yoldaşları Mixaylonun hər iki xalqın qəhrəman övladı olduğunu bildiriblər.

Qeyd edilib ki, M.Hüseynzadənin Sloveniyadakı muzeyi daim yerli xalq tərəfindən ziyarət olunur.

Onun Çepovani qəsəbəsindəki məzarı üzərində həkk edilən “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır” sözlərinin iki xalq, xüsusən də gənc nəsillər üçün əsl vətənpərvərlik örnəyi olduğu xüsusi vurğulanıb.

Mərasimdə Nova Qoritsa şəhərinin meri, Sloveniya Veteranlar Şurasının üzvləri, Mehdi Hüseynzadənin sloveniyalı döyüşçü yoldaşları, bu ölkənin Yazıçılar İttifaqının və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

AzərTAc
XS
SM
MD
LG