Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Ramiz Mehdiyev Şah İsmayıldan yazdı


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-

«Bu gün biz Tunisdə, Misirdə, Liviyada dinin yenidən müəyyən qüvvələrin hakimiyyətə gəlməsinə kömək edən çox rahat siyasi alətə çevrilməsinin şahidiyik. İndi isə bu, Suriyada tətbiq olunur». Bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev «Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi» məqaləsində belə deyilir. Məqalə dekabrın 5-də «Azərbaycan» qəzetində dərc olunub.

Məqalədən bəzi hissələri təqdim edirik:

ŞAH İSMAYIL SİYASİ DOKTRİNAYA ƏMƏL EDİRDİ

«Bir sıra tarixçilər haqlı olaraq, Azərbaycanın və azərbaycanlıların bütün orta əsrlər dövründə ən güclü etnosiyasi amil kimi tarix səhnəsinə çıxmasını Səfəvilər dövlətinin mövcud olduğu mərhələyə aid edirlər. Azərbaycan türklərinin Yaxın və Orta Şərqdə gedən siyasi proseslərə təsiri o dərəcədə hissedilən idi ki, bunu hətta ən bədbin meylli tədqiqatçılar belə inkar edə bilməmişlər.

«Səfəvilərin mənəvi rəhbəri olan Şah İsmayıl dövləti fəaliyyətində dini ideologiyadan daha çox siyasi doktrinaya əməl edirdi. Şiə-qızılbaş hərəkatının beşiyi olan Azərbaycanda sünnilərin çoxluq təşkil etməsinə baxmayaraq, Şah İsmayıl və onun varisləri mötədil şiə idilər və qızılbaş hərəkatındakı qatı şiələrin yaydıqları baxışlarla razı deyildilər.
«Çox sonralar, XIX əsrin əvvəllərində, bütün Avropada milli özünüdərkin artması prosesi gedəndə xalqların çoxunun ya öz dövləti yox idi, ya da öz iradəsindən asılı olmayaraq, dövlətlərin bir hissəsi idi. Məhz o vaxt, o tarixi dövrdə dövlətlərin yaranmasında və millətlərin formalaşmasında artıq din yox, millətçilik böyük rol oynamışdır».

TUNİS, MİSİR, LİVİYA VƏ SURİYA

Şah İsmayıl
Şah İsmayıl
«Bu gün biz Tunisdə, Misirdə, Liviyada dinin yenidən müəyyən qüvvələrin hakimiyyətə gəlməsinə kömək edən çox rahat siyasi alətə çevrilməsinin şahidiyik. İndi isə bu, Suriyada tətbiq olunur».

«Şah İsmayıl dövlətin başında durduğu bütün illərdə praqmatik olmuşdur. Bütün Azərbaycanı və İranı birləşdirməyi qarşısına məqsəd qoyan Şah İsmayıl lap əvvəldən türk tayfalarının hərbi dəstəyinə arxalanırdı. Türk əsilli olması ona Azərbaycan türklərinin Əfşar, Qacar, Ustac, Şamlu və digər tayfalarının dəstəyi və köməyindən bəhrələnməyə imkan vermişdi. Bu tayfalar Şah İsmayılı özlərinin əsl başçısı sayırdılar».

«Səfəvilərin hakimiyyətini möhkəmləndirən bu cür siyasət nəinki digər ölkələri regional ekspansiyadan çəkindirir, hətta Osmanlı imperiyasının daxili sabitliyinə ciddi təhdid yaradırdı. Müasirlərinin sözlərinə görə, Şah İsmayıl klan və tayfa başçılarının əhval-ruhiyyəsi və maraqlarından məharətlə istifadə edir, tez-tez onların türk düşüncəsini xatırladırdı. Məhz dövlət maraqlarını dərk etməsi onu fəaliyyətə sövq edir və bu prosesdə həmin maraqlar həyata keçirilirdi. Şah İsmayılın xalqın və dövlətin həyatının bütün tərəflərini əhatə edən fəaliyyəti xalqın öz köklərini dərk etməsinə, dayanıqlı etnik kodun və mədəni identikliyin formalaşmasına kömək edirdi. Prinsipcə bu, suverenliyini və müstəqilliyini yenicə qazanmış dövlətdə qanunauyğun haldır. Lakin dağınıq cəmiyyəti vahid ideya ətrafında birləşdirmək üçün lider dühası tələb olunur».

«GÜNAHKAR» NƏ İDİ

«İndi, üstündən beş yüz il keçəndən sonra, 1514-cü ildə Çaldıran döyüşünə gətirib çıxaran səbəbləri və işləri başa düşmək bizə daha asandır. Həmin münaqişə təkcə siyasi, iqtisadi və sosial maraqlar deyil, iddialı məqsədlər zəminində yaranmışdı. Osmanlı və Səfəvi dövlətləri arasında özünün geosiyasi və geoiqtisadi kulminasiya nöqtəsinə çatan rəqabət tam qarşıdurma forması almışdı. Təəssüf ki, dövlət maraqları ilə birlikdə rəqabətin bu cür kəskinliyi vahid coğrafi məkanda inkişaf edən bu iki türk imperiyasının ifrat qütbləşməsinə gətirib çıxardı və onları uzunsürən, üzücü müharibələrə sürüklədi. Bu müharibədə dövlət başçılarından hansının günahkar olmasında israr edərkən son dərəcə ehtiyatlı olmaq lazımdır. Çox güman ki, "günahkar" ortaya çıxan rəqabətdir. Bu, elə bir vaxt idi ki, dövlətlər arasında geosiyasi rəqabəti dinc vasitələrlə, danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etmək mümkün deyildi».

«Çaldıran döyüşünün nəticələrindən asılı olmayaraq, Şah İsmayılın dühası, onun Azərbaycan xalqı qarşısındakı xidmətləri danılmazdır. O, həm mərkəzləşdirilmiş qüdrətli Azərbaycan dövləti qurmuş, həm də milli poeziyamızın, bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafı üçün əlverişli şəraitin formalaşmasına imkan yaratmışdır. Onun dövrü haqlı olaraq orta əsrlərdə Ön Asiya tarixində ən mütərəqqi dövrlərdən biri sayılır».

ŞAH İSMAYIL ZƏMANƏMİZİN ÖVLADI İDİ

«İndi, beş əsrdən sonra Şah İsmayılın böyük xidmətlərini (onlarsız Azərbaycanı sonrakı əsrlərdə nələr gözləyə biləcəyini söyləmək çətindir) təsdiq etmək üçün heç də hər kəs özündə cəsarət və obyektivlik tapa bilmir. Şah İsmayıl zəmanəsinin övladı idi. Bunu dərk etmək əvəzinə, Şah İsmayılda ona yaraşmayan xüsusiyyətlər axtarmaq lazım deyildir. Ən başlıcası isə o, əsl vətənpərvər idi, çox mürəkkəb, qarışıq bir vaxtda öz ölkəsini birləşdirmək və ayağa qaldırmaq üçün əlindən gələni etmişdi. Şah İsmayıl Səfəvinin timsalında biz daxili problemləri uğurla çözələyən, beynəlxalq vəziyyətdən gözəl baş çıxaran böyük dövlət lideri obrazını görürük. Sosial təcrübənin inanılmaz mürəkkəb şəraitində iti zəkasını qoruyub saxlayan, ruhdan düşməyən Şah İsmayıl hər tərəfdə siyasi hərc-mərcliyin tüğyan etdiyi bir vaxtda dövlət məsələləri, xalqın mənəvi problemləri barədə düşünür və bunları həll edir, müstəqil dövlət qurmaq ideyasını tam həyata keçirməyə ciddi hazırlaşırdı. XV əsrin sonunda feodal pərakəndəliyi vəziyyətində olan, daxili müharibələrin didib-dağıtdığı Azərbaycan, on altıncı yüzilliyin əvvəlində müsəlman Şərqində hökmranlıq üstündə qüdrətli Osmanlı imperiyası ilə uğurla rəqabət aparan dövlətə çevrilmişdi».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG