Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:13

Azərbaycanın saxta tarixçiliyi


-

Debat



"Ermənilərin Qarabağı işğal edərkən istifadə etdiyi primitiv və nasist "Türklər işğalçıdır, buralar bizim torpaqlar olub" məntiqinə daha modern cavab verməkdənsə bizimkilər saxta tarix üzərində işlədilər".


Cavid Ağa


AZƏRBAYCANIN SAXTA TARİXÇİLİYİ


Belə bir məşhur deviz var - Tariximizi özümüz yazmalıyıq - məhz bu "deviz" bizim gəncliyimizi böyük bir uçuruma aparıb.

Bəzilərimiz bu uçurumdan son anda yayınmışıq, bəzilərimiz isə hələ də tutunacaq bir yer axtarmağa davam edir.

Bəzi ölkələr öz tarix tezislərini uydurublar. Türkiyədə də, SSRİdə də olub. Bizim indiki tarix tezisimiz isə necə deyərlər, "həftəbecər" bir tezisdir. Yuxarıdakıların qarışığıdır. Bizim tarix tezisimizə görə biz "azərbaycanlılar" Atropatın, Cavanşirin, Babəkin nəvələriyik. Eyni zamanda Oğuz xaqanın, Şah İsmayılın, Mahmud Qəznəvinin nəvələriyik.

Azərbaycan Sovet tarix tezisi haqda artıq bir fikir formalaşıb ki, bu Stalinin o vaxtı İrana təsir aləti idi. Amma bizim tarixçilər məsələnin o qədər ağını çıxardılar ki, hər şey qarışdı bir-birinə. Geriyə getsək görərik ki, bu heç də SSRİdən qalma ənənə deyil.

Bizim tarix tezisimizin qəti olaraq bir məqsədi var - ermənilərin əslində bir millət olaraq tarixən mövcud olmadığını "sübut" etmək.

Ən birinci Ziya Bünyadovdan başlayaq. Ziya Bünyadovun bizim akademik tariximizə töhfəsi inkar edilməzdir. O, möhtəşəm şərqşünasdır. Amma onun ən böyük səhvi - hərçənd, bunun arxasında nəyin durduğunu dəqiq bilmirəm, onun millətçilik hisslərimi, alternativ tarix yaratma istəklərimi, bilmək olmaz - bu silsilə "albanlaşdırma"nı başlatmasıdır.

Lakin bir fakt, Azərbaycanda daim gözardı edilən yaxud heç anladılmayan fakt budur ki, dəyərli ziyalı bunu 1860-1903-cü illər arasında yaşayan Vasili Veliçko adlı səyyahın yazılarına əsasən iddia edib.

Bəs bu yazıların mahiyyəti nə idi? Rusiyada 1850-ci illərdə başlayan erməni millətçiliyi Rusiyanın assimilyasiya siyasətinə uyğun gəlmirdi. Qafqazın hərbi komandanı knyaz Qriqori Qolitsın isə hətta "Tiflisdəki tək erməni Tiflisdəki muzeyin müqəvvası olacaq!" demişdi. Rusiyada başlayan anti-erməni hərəkatı propaqanda fazasına keçid edərkən, Tiflisdə rusca yayımlanan Kavkaz qəzetinin başına Vasili Veliçko keçdi. O ermənilərin Rusiyanın maraqlarına zərərli bir ünsür olduğunu deyir, azərbaycanlıların və xüsusilə gürcülərin Rusiyanın əsas müttəfiqləri olduğunu vurğulayırdı. Azərbaycanlıların ermənilərdən fərqli olaraq seperatçı ola biləcəyinə inanmırdı: "Onlar təbii olaraq sərhədsiz gücün, güclü patriarxal qaydaların və ədalətin tərəfdarıdır, buna görə də mütləq monarxiya və dövlət anlayışını avtomatik qəbul edirlər."

O, yazılarında əsasən erməni millətçiliyi və liberallığını tənqid edərək buna anti-semitizm də qatırdı: "Ermənilər və yəhudilər azərbaycanlılardan fərqli olaraq irqi xüsusiyyət olaraq bütün dövlətlərin əleyhinədirlər."

Ziya Bünyadovun bu subyektiv fikirləri götürüb elmi fakt olaraq yazmağa başlamasını rus arxeoloqu Viktor Şnirelman öz "Albaniya mifi" məqaləsində göstərib.

Beləcə, tarixin saxtalaşdırılması bir rus armenofobundan başlayaraq Ziya Bünyadovla bizim dövrümüzəcən gəlib çıxıb. Vəziyyət isə acınacaqlıdır, Fəridə Məmmədova bütün erməni kilsələrini "albanlaş"dıraraq işə davam etdi və SSRİnin dağılmasına yaxın yeni "türkçü tarixçilər" sayəsində tezisin üstünə yeniləri gəldi.

Türkçü tarixçilərin isə bir problemi var idi, indiyə qədər davam edən "Alban tezisi" bir kökün üstünə oturdulmalı idi.

Ermənilərin Qarabağı işğal edərkən istifadə etdiyi primitiv və nasist "Türklər işğalçıdır, buralar bizim torpaqlar olub" məntiqinə daha modern cavab verməkdənsə bizimkilər saxta tarix üzərində işlədilər.

Beləliklə aşağıda qısa xülasəsini verdiyim bir "Azərbaycan tarixi" yarandı:

Albanlar və Atropatenalılar türk olub, onlardan əvvəl Lullubi, Turukki, Kuti kimi türk tayfaları olub, onlardan əvvəl də Şumerlər türk olub. Sonra burdan durub Orta Asiyaya gediblər, sonra ordan Oğuzlar olaraq yenidən geri qayıdıblar.

Üstəlik yuxarıdakı heç bir iddia Azərbaycan tarixçiləri xaricində heç bir akademik nüfuzlu alim tərəfindən qəbul edilmir. Hələ Prof. Qeybullayevin: "Alban etnik adını daşıyanların türkmənşəli olduğunu təsdiqləyən başqa faktlar da vardır. Onların biri qazaxlarda, türkmənlərdə, qırğızlarda və qaraqalpaqlarda Alban adlı tayfanın keçən əsrin sonlarınadək mövcud olmasıdır." sözü adamı güldürməkdən başqa işə yaramır. Bu məntiqlə Şotlandların əslində türk olduğunu iddia edə bilərik. (Kelt dilində "alban" - "şotland" deməkdir.) Belə-belə Azərbaycan tarixi "formalaşdırılaraq" uşaqlıqdan beynimizə yeridilməyə başladı.

Türkiyədən gələn təsirin də rolu az deyil. Hunların arasındakı baş verən hakimiyyət uğrunda feodal müharibələrini müvəffəqiyyətlə millətçi təfəkkürlə yozdular, qardaşının imperatorun gözündə böyüməsini qısqanan Kürşad (H.N.Atsız tərəfindən verilən adı, əsl adı Aşina Cieşeşuay olub) üsyanını guya Çin əsarətindən qurtulmaq istəyən vətənpərvər türklərin üsyanı kimi göstərdilər, türklərin İslamı guya xoşluqla qəbul etdiyi yalanını uydurdular (Talkan soyqırımı, Cürcan soyqırımı vasitəsilə məcburi müsəlmanlaşdırılıblar), Cavanşiri, Babəki, Şirvanşahları "türkləşdir"dilər.

Bu hərəkat hələ də davam edir, paranoya bitmək tükənmək bilmir. İndi də Adəm peyğəmbər və İbrahim peyğəmbər türk elan edilib. Ən sonuncu bombanı isə, yəqin ki, bilirsiniz - Ramiz Mehdiyev "partladıb":

"Siyasi xaos və parçalanmalar dövründə dövlətin sükanında oturmuş Şah İsmayılın şəxsiyyəti və fəaliyyəti, beynəlxalq təsisatların kollapsı dövründə xalq tərəfindən dövlət başçısı postuna çağırılan Heydər Əliyev şəxsiyyəti ilə bir çox şeydə üst-üstə düşür. Məhz bu cür dövlət xadimlərinin ağlı və bacarığı sayəsində millət öz müstəqilliyini və suveren dünyagörüşünü əldə edir. Bu, siyasi dahi keyfiyyətinin təzahürü və həqiqi patriotların təntənəsi deyilmi?"

Ramiz Mehdiyev ilk öncə Heydər Əliyev və Şah I İsmayıl Səfəvi arasında yaxşı bir analogiya qurmağa çalışsa da alınmayıb. 1500-cü illərdə Azərbaycanda tam millət formalaşmamışdı və millətçilikdən söhbət də gedə bilməzdi. Avropadakı həmkarları kimi primitiv feodal münasibətlər quran Səfəvilər dövlətində hətta millət-dövlət anlayışından (ing. nation state) söhbət gedə bilməz. Fikir verin, Avropada mövcud olmuş İngiltərə, Fransa, İspaniya, Müqəddəs Roma İmperiyası, Rusiya kimi dövlətlərdə sülalələr, idarəçilər dəyişsə də dövlət adı heç vaxt dəyişməyib. Amma siz bir də müsəlman şərqinə baxın: Qəznəvilər, Səfəvilər, Qacarlar, Osmanlılar, Salarilər, Samanilər. Hakimiyyətə kim gəlibsə dövləti "atasının malı" edib. Bu halda nə millətçilik, patriotluq, vətən eşqindən söhbət gedə bilər?

Amma gəlin razılaşaq, Ramiz Mehdiyev tam da səhv etməyib Heydər Əliyev ilə bağlı analogiya qurarkən. Söhbət Venesiyalı tacirlərdən birinin 1518-ci ildəki qeydindən gedir:

"... öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur..."

Sonda bütün məqaləni belə bitirmək istərdim, düşünürəm ki, tarixi sırf primitiv "Kim birinci gəlib?" məsələsinə görə saxtalaşdırmaq olmaz. Heç bir beynəlxalq qurum ermənilərin bizdən əvvəl Qarabağda yaşadığını nəzərə alaraq Xocalı soyqırımına haqq qazandırmaz, nəinki bir qurum, bu heç bir insani təfəkkürə uyğun deyil. Heç bir beynəlxalq qurum illər öncə bir xalq hardasa yaşayıb deyə gələnləri qovmaz, məntiqlə düşünün, türklərin Orta Asiyadan gəlməsi faktı qəbul olunarsa bizi birbaşa Monqolustana, Qazaxıstana göndərəcəklər? Hansı sağlam beyin belə düşünər? Ramiz Mehdiyev demişkən "düşünürəm ki, buna təəccüblənmək lazım deyil, çünki bu, qavramama sindromundan əziyyət çəkənlərin qismətidir. Bu halda, kliniki müdaxiləsiz daimi hallüsinasiyalardan qurtulmaq mümkün olmur."

Təhsil Nazirliyi bu dövlətin vətəndaşlarını anadangəlmə faşist olaraq yox, sağlam bir fərd olaraq, tarixi gerçəklikləri ilə anladaraq yetişdirməlidir. Faşistlərin isə modern dünyada daima uduzduğu görülüb.

Cavid Ağa
03.12.2012
Türkiyə/İstanbul


İstifadə olunmuş mənbələr:

Aleksandr Valentinoviç Amfiteatrov - "Erməni sualı", Sankt Peterburq, 1906

Aleksandr Ebanoidze - "Rusiya anlamalıdır ki, Gürcüstan müstəqildir" məqaləsi

Vasili Veliçko - Qafqaz jurnalı - "Rus fəaliyyəti və tayfadaxili münasibətlər" məqaləsi

Tomas de Vaal - "Qara Bağ" kitabı

Odri Alştadt - Azərbaycan türkləri: Rus hakimiyyəti altında gücü və kimliyi, 2003

"Yeni Tan sülaləsi" kitabı, 195-ci cild

Yozef Yap - "Şici"dən tərcümələr: "Hunlarla müharibələr", 2009, Bloomington/ABŞ

Kultura.Az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG