Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:52

Saqqalı başına bəla göyçaylı...


Foto: Arxiv
Foto: Arxiv
-
Göyçayın Çərəcə kənd sakini Urfan Bədirov deyir ki, qalıb bir saqqalın əlində. Deyir, polislər onu tutub aparırlar şöbəyə, saqqalını qırxıb buraxırlar. Ötən ilin aprel ayında onu yaşadığı Göyçay polis şöbəsinə aparıb saqqalını qırxmışdılar. Hələ üstəlik polisə tabe olmamaqda təqsirləndirib 3 sutka da həbs vermişdilər. Bu günlərdə isə o, yaxın qohumunun evinə getdiyi Ucar rayonunda eyni vəziyyətlə qarşılaşdığını deyir:

«Noyabrın 18-də ailəmlə Ucar şəhərinə getmişdim. Aptekdən dərman alıb çıxdım. Gördüm ki, maşınımın yanında polis işçiləri dayanıb. Məni görən ki, yaxınlaşıb dedilər ki, rəisin yanına getməliyik. Məni maşına mindirib polis şöbəsinə apardılar. Yolda mənə şöbəyə aparılmağımın səbəbini demədilər. Rəisin otağına gətirdilər. Rəis dedi ki, bu nə saqqaldır? Bilmirsən ki, mənim ərazimə saqqalda daxil olmaq qadağandır? Soruşdu ki, sən namazı Allahşükür kimi qılırsan, yoxsa Qamət Süleymanov kimi? Mən də dedim, Allahşükürlə namaz qılmamışam, bilmirəm ki, o, namazı necə qılır. Ancaq Qamətlə qılmışam. Rəis işçilərinə əmr etdi ki, aparın, bunun saqqalını qırxın, şəkillərini çəkin, sonra buraxın getsin».

Urfan Bədirov deyir ki, işçiləri rəisin tapşırığını icra ediblər. Əvvəl şəklini çəkiblər. Sonra zorla elə şöbədəcə saqqalını qırxıblar. Daha sonra isə bir də bu vəziyyətdə şəklini çəkib şöbədən buraxıblar.

«POLİS BƏRBƏRXANA DEYİL Kİ...»
Orxan Mansurzadə
Orxan Mansurzadə

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə şikayətçinin dediklərini təsdiq etmir:

«Polis öhdəsinə düşən daha ciddi işlərlə məşğuldur. Polis şöbəsi bərbərxana deyil ki, camaatı aparıb saqqalını qırxsınlar. Görünür, bu adam gündəmdə qalmaq üçün guya polisə aparılaraq saqqalının zorla qırxıldığını deyir. Onun dedikləri cəfəngiyatdan başqa bir şey deyil».

Orxan Mansurzadə Urfan Bədirovun polis şöbəsində saqqalının zorla qırxılması ilə bağlı ötən ilin aprel ayında dediklərini də uydurma adlandırmışdı. O bildirirdi ki, Bədirov əvvəllər də qadağan olunmuş dini ədəbiyyat yaydığına görə məhkəmə tərəfindən cərimələnib və həmin səbəb üzündən polis tərəfindən dəfələrlə xəbərdarlıq alıb.

Urfan Bədirov isə deyir ki, istər Göyçayda, istərsə də Ucarda dini inanclılara qarşı təzyiqlər artıb.
XS
SM
MD
LG