Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:53

Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb


Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb.

Qətnamə BMT Baş Assambleyasının dünən gecə keçirilən iclasında çıxarılıb.
138 ölkə, o cümlədən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən Rusiya, Fransa, Çin qərar layihəsinin lehinə səs verib.

9 ölkə, o cümlədən ABŞ, Kanada, İsrail, Panama, Çex Respublikası Fələstinə BMT üzvü olmayan müşahidəçi dövlət statusu verilməsinə qarşı çıxıb. Böyük Britaniya, Almaniya da daxil olmaqla 41 ölkə bitərəf qalıb.

Qərar Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyır.

Müşahidəçi dövlət statusu fələstinlilərə İsrailə qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək imkanı verəcək.

Qətnamədə Yaxın Şərqdə sülh prosesinin dərhal davam edilməsinə çağırılır. Fələstinlə İsrail arasında ədalətli və davamlı sülhə nail olunmasının vacibliyi qeyd edilir.

Qərardan sonra yüzlərlə fələstinli Ramallahda küçələrə çıxaraq bunu bayram edib.
Keçən il tam üzvlük üçün müraciət edən fələstinlilərin müraciəti BMT Təhlükəsizlik Şurasında qəbul olunmamışdı. UNESCO-da isə qəbul edilmişdi.

Qərardan sonra ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Susan Rice deyib ki, Fələstinin müşahidəçi dövlət statusu alması sülh üçün böyük maneə olacaq.

Fələstin hakimiyyəti lideri Mahmud Abbas deyib ki, İsraillə danışıqlara hazırdır.
XS
SM
MD
LG