Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:05

İranlı rejissor Bakıda: "Elə bilirəm başqa bir Təbrizə gəlmişəm"


Təhminə Milani
Təhminə Milani
-

"Azərbaycanda özümü evimdəki kimi hiss edirəm, elə bilirəm başqa bir Təbrizə gəlmişəm"

"Fikrimcə, kinematoqrafçılar ittifaqının bağlanması dövlətin mədəniyyət sahəsində atdığı ən səhv addımlardan biridir".


Dəfələrlə beynəlxalq mükafatlara layiq görülmüş, beynəlxalq dərəcəli jüri, hazırda Bakıda keçirilən VIII "START" Gənclərin Beynəlxalq Film Festivalının münsiflər heyətində yer almış tanınmış iranlı rejissor, ssenarist Təhminə Milaninin Trend-ə müsahibəsi


"Mənə feminist adının qoyulmasını düzgün hesab etmirəm"

- İran kinosu həm regionda, həm də beynəlxalq səviyyədə özünəməxsus yer tutub. İranın tanınmış rejissoru və bir kinematoqrafçı kimi İran kinosunun və kinematoqrafçılarının hazırkı durumunu necə qiymətləndirirsiniz?

- İran kinosunun regionda və dünyada mövqeyi yaxşı idi, lakin təəssüflər olsun ki, son iki-üç il ərzində bu mövqe zəifləyib. Buna səbəb ölkə daxilində səlahiyyətli şəxslərin müstəqil film istehsalçılarına diqqətsizliyidir. Yəni indi dünyaya təqdim oluna biləcək çox az film tapılar. Mən müxtəlif beynəlxalq festivallarda jüri olmuşam və İran kinosunun mövcud vəziyyətinin perspektivini daha yaxşı görürəm. Misal üçün jüri olduğum son bir neçə festivalda İrandan bir dənə də kino iştirak etməmişdi. Lakin iki-üç il öncə müxtəlif ölkələrdə keçirilən kino festivalları İran kinosunun iştirakı üçün bir-biriləri ilə rəqabət aparırdılar. Bu, onu göstərir ki, İranda ya filmlər çəkilmir, ya da onların ölkədən kənarda nümayiş olunmasına icazə verilmir. Bunun ziyanı təkcə rejissorlara deyil, bəlkə həqiqətdə elə İranın özünə dəyir.

Fikrimcə, kino sahəsində çalışan səlahiyyətli şəxslər bir az genişürəkli olmalıdırlar və icazə verməlidirlər ki, tənqidi filmlər çəkilsin. Kinonun mahiyyəti elə bundadır. Lakin belə görünür ki, onlar bunu istəmirlər və tənqidi düşünən hər kəsə nəzarət edirlər. Bu nəzarət İran mədəniyyətinin ziyanınadır.

- İran saytlarında dəfələrlə sizin özünüzü feminist adlandırdığınıza dair məlumatlar gedib. Həqiqətən siz feministsinizmi?

Tehran - Təhminə Milaninin "Super star" filmini reklam edən bilbord
Tehran - Təhminə Milaninin "Super star" filmini reklam edən bilbord
- Mən deməmişəm ki, feministəm. Bu adı mənə "Keyhan" qəzeti (hökumətə yaxın qəzet) verib. Mən qadınlarla bağlı kinolar çəkirəm. Ona görə ki, balansın olmasının tərəfdarıyam. Fikrimcə, ailənin sağlam və normal olması üçün qadın və kişinin bərabər hüquqları olmalıdır. Yoxsa o ailədə rahatlıq ola bilməz. Mənim üçün nə kişinin və nə də qadının üstünlüyü var. Mənim də həyat yoldaşım, uşağım var, ev işləri görürəm, yemək bişirirəm və bunların heç birini də pis hesab etmirəm. Həyat yoldaşım mənə yardım edir. Həm evdə, həm də işdə. Həyat yoldaşımla birlikdə memarlıq işləri görürük. Çalışıram filmlərimdə ailələrlə bağlı məsələlərə toxunmaqla balansın qorunmasına kömək edim. Qadınların kişilərdən üstün olduqlarını düşünmürəm və bu cür məqsədim də yoxdur. Mən insanlığı düşünürəm, ona görə mənə feminist adının qoyulmasını düzgün hesab etmirəm. Lakin əgər mənim İranın orta təbəqə qadınları ilə bağlı siyasi, ictimai və pisxoloji filmlər çəkməyimin və cəmiyyətdə balansın yaranmasına çalışmağımın adı feministlikdirsə, onda bəli, mən feministəm. Çünki feminizm digər adlar kimi müxtəlif mənalarda işlənilir. Kommunizm də belədir. SSRİ-də olan kommunizmlə Çindəki bir-birindən fərqlidir. Feminizm də Amerikada başqa, İranda başqa, Səudiyyə Ərəbistanda başqa mənalarda işlənilir.

"Azərbaycanda özümü evimdəki kimi hiss edirəm, elə bilirəm başqa bir Təbrizə gəlmişəm"

- 2012-ci ilin sonuna yaxınlaşırıq. Bu il sizin üçün necə keçdi və hansı işləri gördünüz? Gələn ilə hansı layihələrlə gedirsiniz?

- Təssüf ki, üç ilə yaxındır yeni film çəkməmişəm. Sonuncu prezident seçkilərindən və baş verən hadisələrdən sonra incəsənət xadimlərinə nəzarət gücləndirilmişdi. Lakin axır vaxtlarda mənə yeni bir filmin çəkilməsi ilə bağlı lisenziya verilib və bu, o deməkdir ki, yaxın gələcəkdə yeni filmin çəkilişlərinə başlayacağam. Ötən il mənim üçün səmərəli il idi. Ona görə ki, bir çox ölkələrdə keçirilən festivallara jüri kimi dəvətlər aldım, mədəni işlərlə məşğul oldum, bir neçə ssenari yazdım və memarlıq işləri ilə məşğul oldum. Yeni filmim vətənpərvərlik mövzusundadır və böyük vəsait hesabına ərsəyə gələcək. Ümid edirəm gələn il təkcə İrana yox, həm də dünyaya gözəl bir film verə biləcəyəm. Yeni filmimin adı "Səs-küylü tənhalıqdır" ("Tənhayiye Porhəyahu"). Bu film də qadınlarla bağlıdır. Filmdə dərzi işləyən gənc qızın müharibəyə (İran-İraq müharibəsi) baxışlarını ekranlaşdıracam.

T.Milaninin "Atəşkəs" filminin treyleri
(Gənc cütlük yola getmir və boşanma ərəfəsindədir, amma sonda anlayirlar ki, onları yola getməyə qoymayan yetkin olmamaları, "daxillərindəki uşaq"dır).



- Digər ölkələrdə film çəkmək barədə düşünürsünüzmü? Azərbaycanda film çəkmək istərdinizmi?

- Azərbaycanda film çəkmək istərdim və ümid edirəm bu, baş tutacaq. Azərbaycan mədəniyyəti mənim üçün doğmadır. Azərbaycan müsiqisini dinləyirəm, Azərbaycanın köhnə kinolarını dəfələrlə ailəmlə birlikdə izləmişəm və izləyirəm. Həqiqətən özümü Azərbaycanda evimdəki kimi hiss edirəm, elə bilirəm başqa bir Təbrizə gəlmişəm. Bu hislər mənə çox doğmadır. Dünyanın müxtəlif yerlərindən mənə film çəkmək üçün təkliflər edilir, o cümlədən Hollivuddan təkliflər almışam. Lakin mənə təklif olunanlar mənim çəkmək istədiyim filmlər olmayıb. Mən istəyirəm filmlərimdə öz fikirlərimi göstərim. Hazırda Türkiyədə bir filmin çəkilişi ilə bağlı danışıqlar aparırıq, müsbət nəticələnərsə, orada film çəkəcəyəm.

- İranın ən böyük kinematoqrafçılar birliyi olan "Sinema Evi"nin fəaliyyəti ölkənin Mədəniyyət Nazirliyi tərəfindən qanunsuz elan olundu və həmin birliyin ofisi bağlandı. Bu, iranlı kinematoqrafçıların işinə necə təsir göstərdi?

- Fikrimcə, kinematoqrafçılar ittifaqının bağlanması dövlətin mədəniyyət sahəsində atdığı ən səhv addımlardan biridir. Dövlət bu işi görməklə həqiqətdə özünə düşmən hesab elədiyi ölkələrə dəstək verdi. Çünki onların kinosu hər gün inkişaf edir, lakin kinematorqrafçılar ittifaqının bağlanması və həddən ziyadə nəzarətlə İranda kinonun inkişafına ziyan vurulur. Düzdür, rejissorlar və ssenaristlər öz işlərini görürlər, lakin aktyorlar qocalırlar. Üç il kinoda rol oynamayan aktyora çox ziyan dəyir. Bir ay, üç ay, altı aydan sonra, gec-tez kinematoqrafçılar ittifaqı fəaliyyətini bərpa edəcək. Ona görə ki, ora bizim evimizdir, kinematoqrafçıların evidir, dövlətin evi deyil.
XS
SM
MD
LG