Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Yolsuz, qazsız, susuz, həkimsiz, məktəbsiz oba - Ələsgər kəndi...


Adı Ələsgərdi, amma aşıq deyil...
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00

Adı Ələsgərdi, amma aşıq deyil...

-

Zaqatalanın 20 kilometrliyindəki Ələsgər kəndinə yolunuz düşsə elə biləcəksiniz ki, ün yetməz bir adaya səyahət etmisiniz. Çantanıza kibrit, fənər, dərman və isti geyim qoymağı unutmayın. Yox hələ bitmədi... Çayı yarıb keçən kənd yoluna ancaq yük maşını yarayır. O da yoxdursa onda bəzi yerli sakinlər kimi kəndə pay-piyada gedib-gəlməyə məcbursunuz... Çünki bura nə avtobus, nə də digər minik maşınları gedir. Onda da gərək uzunboğaz çəkmə geyəsən.

Kəndin daş-kəsəkli yollarını keçə bilmək üçün əvvəlcədən yük maşını sifariş verməlisiniz. Cibinizdə də azı 20 manat olmalıdır. Çünki bir dəfə gediş-gəliş 20 manatdır.

YOLSUZ KƏND...

Yolüstü bu kəndin sakini Əfəndi Abdullayev daşlı yolları göstərərək, söhbətə başlayır:

«Kənd camaatı bu yolu piyada gedib-gəlir. Bu kəndin yolu belə yoxdur, ona görə də maşın gedə bilmir».

Əfəndi Abdullayev
Əfəndi Abdullayev
Bu kəndə düşdünmü, özünü heç də XXI əsrdə hiss etmirsən. İbtidai imkanlar, müxtəlif macəralarla üzləşmək burada yaşayan 70 ailənin yaşam tərzidir:

«Çaydan gedib su daşıyırıq. Çənləri, vedrələri doldururuq. Belimizdə şələ ilə odun daşıyırıq. Bu kənddə yaşamaq üçün heç bir şərait yoxdur».

BURADA NƏ SU, NƏ DƏ QAZ VAR

Kəndin nəinki yolu, burada nə su, nə də qaz var... sakinlərdən Güldanə Mahmudova deyir ki, kənd camaatı yayda suyu çaydan vedrə ilə daşıyır. Qışda işləri ikiqat çətinləşir. Çaya su gəlmir deyə, harada qar tapsalar onu əridirlər. Kəndlilər buranı unudulmuş oba sayırlar:

«DÖVLƏT BU KƏNDİ BİR HƏKİMLƏ TƏMİN EDƏ BİLMİR»

«Bu kəndi hökumət unudub. Kəndə neçə illərdir bir yol çəkilmir, bir avtobus, maşın yoxdur. Mənim qoca anama həkim lazım olanda kənddə bir həkim yoxdur, bir təzyiq ölçən yoxdur. Bu dövlət bu kəndi bir yolla, bir həkimlə təmin edə bilmir».

75 yaşlı Gülşən Mahmudovanın səhhəti qəfildən pisləşib. Təsadüfən kənddə yük maşını olub. Yoxsa maşın tapılana, kəndə gəlib çatana kimi bəlkə də onu xilas etmək mümkün olmayacaqdı:

«Şəkər xəstəsiyəm. Birdən halım pisləşir. Tez-tez həkim müalicəsindən keçməliyəm. Amma aldığım təqaüd ancaq dərmanıma, yeməyimə çatır. Hər dəfə 20 manat maşına pul versəm, onda gərək bir ay ac qalam».

Ələsgərli kəndində uçan məktəb
Ələsgərli kəndində uçan məktəb
Kəndlilərin dolanışığı əkinçilik və heyvandarlıqdan gəlir. Sakinlərdən Azər Mahmudov deyir ki, 6 nəfərlik ailə üzvü qoca anasının 115 manat təqaüdünə göz dikib:

«Kənddə iş yoxdur. Yalnız kənd təsərrüfatıdır gəlir yeri. Bir də anamın 115 manat təqaüdü...».

PROBLEMLƏRİN BİTƏCƏYİ GÜN UZAQDA DEYİL...

Kənddə zəlzələ zamanı məktəb tamamilə dağılıb. Dərslər müvəqqəti olaraq müəllimlərin və ya şagirdlərin evlərində keçirilir. Rəsmilər yeni məktəb binasının ilin sonuna kimi təhvil veriləcəyini vəd edir. Amma kənd sakinləri bu gedişlə məktəbin heç təhsil ilinin sonuna kimi tamamlanacağına inanmırlar.

Sakinlər Zəlzələnin zərər vurduğu evlərə komissiya baxışı keçirildiyini, amma hələ də kənddə bir dənə də olsun evdə iş aparılmadığını deyirlər. Səbəb kimi isə yolun uzaqlığı, gediş-gəlişin çətinliyi göstərilir. Onlara verilən cavablara görə, digər kəndlərdəki işlər başqa çatdıqdan sonra növbə bu kəndə də çatacaq.

Tikilməkdə olan təzə məktəb
Tikilməkdə olan təzə məktəb
Ələsgər kənd (Mamrux) Bələdiyyəsinin sədri Məhərrəm Həsənov deyir ki, problemlərin bitəcəyi gün uzaqda deyil:

«Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı çərçivəsində 2013-cü ildə Ələsgər kəndinə yeni su və qaz xəttinin çəkilişi nəzərdə tutulur. Bundan başqa kənd yolunun bir hissəsinin də bərpası proqramda öz əskini tapıb. 2013-cü ildən işlər başlanılacaq».

Qarşıdan qış gəlir... Sakinlər ümid edir ki, bu, onların belə çətinliklərlə keçirəcəyi sonuncu qış olacaq...
XS
SM
MD
LG