Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:41

«Neftin qoxusunu, radiasiyasını bizə uddururlar, amma...»


Müsavat küçəsi
Müsavat küçəsi
-

«PROBLEMLƏRİ NECƏ GÖRMÜŞDÜNÜZSƏ, ELƏ DƏ QALIB»

Balaxanıdan olan dinləyicimiz Fəxrəddin Kərimbəyli «Qaynar xətt»ə yaşadığı Müsavat küçəsinin bitib-tükənməyən problemlərindən danışır. 1 il əvvəl bu küçədən əməkdaşımız reportaj da hazırlamışdı. Fəxrəddin Kərimbəyli deyir ki, küçə sakinləri problemlərin həll olunacağını gözləsələr də, ümidləri boşa çıxıb.

«Gəldiniz, yazdınız, işıqlandırdınız. Ancaq bu küçədə 1 ildə heç nə dəyişməyib. Problemləri necə gəlib görmüşdünüzsə, elə də qalıb. Əsas problemimiz əvvəllər olduğu kimi də su və kanalizasiyadır. Qəsəbədə kanalizasiya xətti yoxdur, bəzi yerlərdə olan xətlərin də ötürücülük qabiliyyəti zəifdir. Su xətlərinin istismar müddəti bitdiyinə görə həyətlərə gəlib çatmayan içməli su da kanalizasiya sularına qarışıb küçələrə axır».

Fəxrəddin Kərimbəyli deyir ki, ilin 4 fəslində də su maşınları bu küçədən əskik olmur:

«Suyu pulla alırıq. Hər ay 70-80 manat pul veririk. Şəxsən mənim həyətimdə keçən yayda susuzluqdan 15 ağac tələf oldu».

Müsavat küçəsi
Müsavat küçəsi
Müsavat küçəsinin sakini asfalt örtüyünün olmamasından da şikayət edir.

«QIŞ GƏLDİ, KOMBİ BÜDCƏMİZİ AĞLADIR»

«Şəhər evlərində mərkəzləşdirilmiş istilik sistemi olduğuna görə aylıq qaz pulu da çox ödəmirlər. Biz isə kombi sistemi quraşdırmaq məcburiyyətindəyik. O da onsuz da kasıb olan büdcəmizi ağladır. Ayda 150 manata qədər qaz pulu verməli oluruq. Ona görə də nisbətən ucuz başa gəldiyinə görə çox evlərdə elektrikə üstünlük verilir. Sutkalarla işıqlar söndürüləndə isə elektriklə qızınmaqdan da məhrum oluruq. Halbuki nefti yerdən çıxaranda onun qoxusunu, radiasiyasını bizə uddururlar, heç kompensasiya da vermirlər. Qazın qiymətinə gələndə isə deyirlər Avropada bundan da bahadır».

2013-Ə 1 AY QALDI

Balaxanının icra nümayəndəsi Fərhad Qəribov isə deyib ki, su xətlərinin yenilənməsi ilə əlaqədar bütün Balaxanı son vaxtlar su problemi ilə üzləşib. Ancaq bu, müvəqqəti çətinlikdir. Kanalizasiya məsələsi isə dövlət proqramına uyğun olaraq 2013-cü ildə hazır olacaq. Bununla bağlı bir sıra işlər də görülüb.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair sonuncu dəfə Dövlət Proqramı 2011-ci ilin may ayında təsdiqlənib. Bu proqramda Bakı şəhərinin və onun qəsəbələrinin elektrik enerjisi, qaz, su, kanalizasiya, vəziyyətin yaxşılaşdırılmasından bəhs edilir. Bundan başqa proqramda yolların və digər infrastruktur obyektlərinin inşası, sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması vəd edilir.
XS
SM
MD
LG