Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:21

XVI əsrdə oğlunu Krakova oxumağa göndərən Azərbaycan xanı kim olub?


Michal Labenda
Michal Labenda
-
«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Polşanın Azərbaycandakı səfirliyi «Bakıda polyak məkanları» və «Azərbaycanda polyak məkanları. İçərişəhər» kitablarının nəşrini gerçəkləşdirib. Polşanın Azərbaycandakı səfiri Michal Labenda bu «İz»in qonağıdır.

-- Cənab səfir, xoş gördük! Necəsiniz? Özünüzü Bakıda da Varşavadakı kimi hiss edə bilirsinizmi?

-- Mən özümü çox yaxşı hiss edirəm. Artıq iki ildir ki, burada yaşayıram, işləyirəm. Lakin sizdə bir atalar sözü var—«Anam kimi yar yoxdur, ölkəm kimi diyar»… Təbii ki, Azərbaycan xalqı çox qonaqpərvər xalqdır. Mən şadam ki, buradayam. Amma Polşaya qayıdanda mən daha şad olacağam, çünki Vətənimə qayıdacağam. Demək istəyirəm ki, mən və ailəm özümüzü çox yaxşı hiss edirik. Çox şadıq ki, 4 il burada yaşamaq imkanımız var.

--Cənab səfir, dilimizdə kifayət qədər yaxşı danışırsınız… Doğrudanmı bu dili 2 ilə öyrənmisiniz?

-- Hə, mən bura gələn kimi Azərbaycan dilini öyrənməyə başladım. Mənim üçün bu, bir az asan idi. Çünki mən Qazaxıstanda təhsil almışam və qazax dilini çox yaxşı bilirəm. Ona görə Azərbaycan dili mənə asan gəldi. Bilirəm, aksentim kobuddur. Çünki qazax dili bir az kobud dildir. Lakin ümid edirəm siz məni başa düşürsünüz…

--Mən Sizi gözlədiyimdən də yaxşı başa düşürəm... (gülüşmə) Bəs ailənizdə dilimizi bilən varmı ?

--Yox. Mənim həyat yoldaşım ingilis və rus dillərini yaxşı bilir. Bir oğlum var. İndi bağçaya gedir. Orada ingiliscə danışır. Dostlarla rus dilində danışır. 3 dil bilir. Amma hələ Azərbaycan dilini bilmir.

--Hələ qarşıda 2 il var. Öyrənə bilər…

--Təbii. Onun dostları azərbaycanlılardır. Onlar aralarında öz dillərində danışır. Yəqin ki, öyrənə bilər.

--Keçək əsas məsələyə. «Bakıda polyak məkanları» və «Azərbaycanda polyak məkanları. İçərişəhər» kitabları nəşr olunub. Bakıdakı polyak məkanları hansılardır və onlara baxanda bir polyak kimi nələr düşünürsünüz?

--Bu iki kitabdan biri—«Azərbaycandakı polyak məkanları. İçərişəhər» polyak dilində çıxdı. İkinci kitab isə Azərbaycan və ingilis dillərində çıxdı. Bu, bizim səfirliyin layihəsi idi. Kitabların layihəsini, mətnini hazırladıq. Sonra isə çap etdirdik. «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarovdan çox böyük dəstək aldıq. O, təqdimat üçün zal ayırdı və tədbirimizdə iştirak etdi. Birinci kitab polyak dilində çıxdı. Çünki Bakıya gələn müsafirlər üçün polyak dilində heç bir kitab yox idi. Bir də, Polşada Azərbaycanda fəaliyyət göstərmiş polyaklar haqqında heç bir məlumat yoxdur. İkinci kitab nədən yarandı? Mən bu iki ildə adamlarla ünsiyyətdən anladım ki, Bakıda fəaliyyət göstərən polyaklar haqqında da bakılılar heç nə bilmirlər.

--Amma bizlər bilirik…

--Əksər bakılılar bunu bilmir. Bu, tarixin bir hissəsidir. Məktəblərdə bu mövzu barədə məlumat vermirlər. Düşündüm ki, yaxşı olar ki, azərbaycanca belə bir kitab olsun. Həm də, xaricdən gələnlər bu haqda bilsinlər. Siz soruşdunuz ki, polyak memarların binalarını görəndə nə hiss edirəm? Mən çox fəxr edirəm. Çünki mənim vətəndaşlarımın işidir. Onu da bilirəm ki, buraya dəvət edilmə onlar üçün çox böyük bir fürsət idi. XX əsrin əvvəllərində Polşada karyeranı inkişaf etdirmək üçün imkan yox
Səadət Sarayı və ya Muxtarovun evi. Memar: Józef Plośko
Səadət Sarayı və ya Muxtarovun evi. Memar: Józef Plośko
idi…

--Cənab səfir, onda Sizə belə bir sual ünvanlayım. Azərbaycan-Polşa əlaqələrinin tarixi nə zamandan başlayır? Bir də, XIX --XX əsr milyonçularının polyak memarlara üz tutmasının səbəbi nə idi? Bakılı milyonçuları niyə, məsələn, italyan, ya fransız memarlarına yox, polyak memarlarına üstünlük verirdilər?

--Çox dərin sual verirsiniz… Əvvəla, bizim Polşa və Azərbaycan əlaqələrinin tarixinə nəzər salanda çox da dərinə getmirlər. 1918-ci ildə Azərbaycan müstəqilliyini elan etdi. Elə həmin ildə də Polşa müstəqil oldu. Rəsmi münasibətlər o vaxtdan başladı. Xalqlar arasındakı münasibətlər isə çoxdan var idi. Məsələn, biz bir məktub tapdıq. O məktubda XVI əsrdə yaşamış Azərbaycan xanı öz oğlunu təhsil almaq üçün Krakova göndərdiyini yazır.

--Xanın adı nə olub?

--Bilmirəm.

--Bəlkə də dəqiqləşdirmək olar…

--Məktubun ancaq bir hissəsi saxlanılıb. İmza yoxdur… Biz baxdıq ki, məktub azərbaycanca yazılıb. O oğlan yəqin ki, Krakovda təhsil alıb. Məktub Krakovda qorunub saxlanılıb. Yəni, XVI əsrdən əlaqələr var idi. Rəsmi əlaqələr isə 1918-ci ildən başladı. Polşa Azərbaycana öz səfirini təyin etdi. Lakin səfir 1920-ci ilin mayından əvvəl Bakıya gələ bilmədi. Apreldə isə bolşevik işğalı başladı… Soruşursunuz ki, niyə gəlirdilər Bakıya? Bakıya təkcə memarlar gəlmirdilər. Onların arasında müxtəlif peşə sahibləri var idi. Amma əksəriyyəti ziyalılar idi. Niyə polyak memarları? Müasir dillə desək, onlar Avropa keyfiyyətini yerli qiymətlə uyğunlaşdırdılar. Bakılı milyonçular niyə varlı idilər? Çünki pulu yaxşı saya bilirdilər. Vəziyyəti yaxşı qiymətləndirirdilər. Baxdılar ki, Peterburqda, Moskvada, Varşavada təhsil alan polyaklar çar hökumətinin siyasətinə görə Polşada karyera qura bilmirlər. Ona görə də, milyonçular bu cavan memarları, mühəndisləri və s. öz ölkəsinə dəvət etdi.

--Polyak mütəxəssislər Bakıda necə qarşılanırdı? Onlara lazımi diqqət, qayğı göstərilirdimi? Möhtəşəm abidələr yaradanlar qarşılığını ala bilirdilərmi? Onlar necə yaşayırdılar?

--Onların necə yaşadığına siz bu gün də baxa bilərsiniz. Bakıda bir memarımızın— Józef Gosławski-nin evi saxlanılıb. Bu evdə bu günədək onun nəsli yaşayır. İki bacı və onun nəvələri. Ev Mirzə İbrahimov küçəsindədir. Bacılar—Irina və Vera Trofimovalar çox qonaqpərvərdirlər. Oranı ziyarət etsəniz, sizə hər şeyi göstərərlər. Orada Goslawski-nin yaşadığı otaq necə var, eləcə--onun ölüm günündəki kimi saxlanılıb…

--Biz məmnuniyyətlə orada video çəkiliş edərik.

--Bu bacılar sizə çox maraqlı məlumatlar verərlər. Ovaxtkı ziyalıların həyatı çox yaxşı idi. Demək lazımdır ki, Goslawski sadə adam deyildi. O, Bakının baş memarı idi. Soruşursunuz ki, Bakıda hansı binaları polyak memarlar tikib? Çoxdur! Yüzdən çoxdur! Demək olar ki, bütün İstiqlaliyyət küçəsindəki binalar—İcra Hakimiyyətinin binası, «İsmailiyyə», Müsəlman Qızlar Məktəbi, Tağıyevin evi—bugünkü Tarix Muzeyi polyak memarların işidir. Bakıda müxtəlif polyak məkanları var. Mən çox şadam ki, onlar saxlanılıb və hökumət tərəfindən qorunur.

--Sovetlərin gəlişi polyak memarların həyatına necə təsir etdi? Bolşeviklərlə işləyənlər tapıldımı?

--
Bakı şəhər İcra Hakimiyyəti. Memar: Jozef Goslawski
Bakı şəhər İcra Hakimiyyəti. Memar: Jozef Goslawski
Əvvəlcə dediyim kimi, müxtəlif peşə sahibləri Bakıya gəlmişdi. 1918-ci il həm Azərbaycan üçün, həm də Polşa üçün müstəqilliyin bərpası ili idi. Ona görə də, polyakların xeyli hissəsi Vətənə xidmət üçün Polşaya qayıtdı. Bir hissəsi Rusiyaya getdi. Bir hissəsi isə Azərbaycan Demokratik Cümhuriyyətinə xidmət etdi. Bilirsinizmi ki, bolşeviklərə qarşı Gəncə üsyanının rəhbəri polyak-- Sienkiewicz olub? Təbii ki, o, üsyandan sonra Azərbaycandan qaçmağa məcbur idi… Bir hakim vardı—adı Neiman Kruczynski idi. O, tatar əsilli polyak idi. O, ADR hökumətində Ədliyyə nazirinin müavini idi. Bolşeviklərdən sonra o, Polşaya qaçdı və orada Baş prokuror çalışdı. Elələri də var idi ki, düşünürdü ki, biz çar hökuməti, Cümhuriyyət hökuməti, ya bolşeviklər üçün yox, Azərbaycan xalqı üçün işləyirik. Belə bir mühəndis vardı--Pavel Pototsky—qəbri Bibiheybətin ətrafındadır. O, ilk dəfə dənizin dibindən neft çıxarmağın yolunu tapdı. Pototsky kor idi. Amma ətrafı «görə» bilirdi. Harada neft var—oranı duyurdu. O, hökumət üçün yox, xalq üçün çalışırdı. Çünki neft xalqındır. O, sovet dövründə də işini davam etdirdi. «Lenin» ordeni aldı. 1932-ci ildə dünyasını dəyişdi. Vəsiyyət etdi ki, işlədiyi yerdə dəfn olunsun. Bu dövrdə də Bakıya gələnlər var idi. 1922-ci ildə Peterburqdan Iosif Esman gəldi. O, 1928-ci ildə Azərbaycan Politexnik İnstitutunun rektoru oldu. 1945-ci ildə EA-nın Energetika İnstitutunu yaratdı və ilk rəhbəri oldu. 1953-də rəhmətə getdi.

--Cənab səfir, bizim mühacirət tariximizdə də Polşanın xüsusi yeri var. Hətta bir-iki il öncə bu barədə Vilayət Quliyevin kitabı da çıxmışdı…

--Xəbərim var. Polşa mühacirətindən Nəsiman Yaqublunun da kitabı var. M.Ə. Rəsulzadə vaxtilə Polşada yaşayıb. Onun həyat yoldaşı polyak idi-- Wanda Piłsudska. Rəsulzadənin ilk müəllimi də--Bakıda polyak olub—Bojkovic…

--Bakıdakı polyak məkanlarını xəyali gəzib-dolaşdıq. Amma əslində hər gün onların yanından keçib gedirik…

--Bu kitabları nəşr etdirməkdə məqsədimiz o idi ki, azərbaycanlılar bunu bilsinlər. Bu, təbii ki, polyak deyil, Azərbaycan məkanlarıdır. Amma polyak əsilli Azərbaycan məkanlarıdır. Və xahişim odur ki, Azərbaycanlılar bunu yadda saxlasınlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG