Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Əkrəm Əylisli. Tənqidçilərin "ikiüzlülüyü" haqda


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

Əkrəm Əylisli


Mənə elə gəlir ki...

Əvvəllər bizdəki ədəbi tənqidin səviyyəsi bəlkə indikindən yüksək olmayıb. Ancaq mən heç cür inana bilmirəm ki, Azərbaycanda (hər hansı dövrdə!) tənqid cari ədəbi prosesə bu qədər ikiüzlü münasibət bəsləmiş olsun.

Məlum məsələdir ki, bu mənim öz fikrimdir. Bu barədə «əfkari-ümum» ola bilər ki, başqa fikirdədir. Mənim subyektiv əqidəm belədir ki, ədəbi tənqid, xüsusən son 10-15 ildə bir «dənə» də yeni ideya irəli sürməyib.

Ədəbiyyatımızdakı hər hansı bir proqressiv halı, ya hadisəni müdafiə eləmək üçün bir dəfə də cəsarət eləyib, özünü irəli verməyib. Tənqidçilər deyə bilər ki, son illərdə ədəbiyyatımızda heç bir diqqətəlayiq hadisə-zad olmayıb. Tutaq ki, lap belədir. Bəs onda bu işin nəyə görə bu yerə gəlib çıxdığını tənqidçilərin əvəzinə kim təhlil etməliydi? Bu barədə kim söz deməliydi, həyəcan qaldırmalıydı?

Mənə elə gəlir ki, heç olmasa, oxucular arasında son dərəcə geniş yayılmış bir sıra əsərlərin obyektiv qiymətini tənqid öz «cari yaddaşında» mütləq qeydə almalı idi. Bəs tənqid bunu niyə eləmir?

Bəlkə elə hesab eləyir ki, bu sayaq bir sıra məsələlər artıq «kontroldan» çıxıb, yəni ictimai fikrin belə-belə işləri «idarə eləməyə» daha zoru çatmaz?.. Belədirsə, onda tənqid özünün ictimai funksiyasını tamamilə itirdiyini işdə boynuna almış olur. Ədəbi tənqid üçün bundan acınacaqlı ikinci bir mənzərə də təsəvvür etmək mümkündürmü?

Özü də bütün «maskarad» ədəbi tənqiddə neçə-neçə qüdrətli qələm sahibinin mövcud olduğu bir vaxtda baş verir. Bizdə bu saat yaxşı tənqidçi çoxdur, mən bunu səmimi deyirəm. Paradoksun yekəsi də elə burasındadır. Bu, ona oxşayır ki, sərhədi qorumaq üçün «ştatda» nə qədər desən zabit var, amma, necə deyərlər, «postda» durmağa bir nəfər də əsgər yoxdur... «Zabit» olmayanlar da «zabit» olmağa can atır. Müsibət burasındadır!

Bundan ədəbiyyatımıza nə qədər ziyan gəldiyini biz hələ sonra biləcəyik... Kənardan cazibədar görünən çox şeylər var ki, onlar sənəti əsl casus fitnəkarlığı ilə, altdan-altdan mənəvi qaynaqlardan qoparır, onu düz yoldaş sapdırır, bəsitləşdirir, bayağılaşdırır. Məsələn, patriotluq gözəl şeydir, ancaq patriot olmaq asan şey deyil və hər yazanın işi də deyil. Vətən hissi ali hissdir. Bu hissi ifadə eləməkdən ötrü əvvəlcə bədii söz ali səviyyədə yiyələnmək lazımdır.

Yazıçının patriotluğu yalnız bu halda öz lazımi bəhrəsini verə bilər. Bizdə isə bəziləri patriotluğu populyar olmaq üçün əlverişli vasitəyə çeviriblər. Bundan ədəbiyyatımız tarix boyu heç nə qazanmayıb və qazanmayacaq. Çünki milli mədəniyyətimizin beşiyi başında duranların heç biri (nə Mirzə Fətəli, nə Mirzə Cəlil, Nə Nəriman Nərimanov, nə Sabir, nə də Üzeyir bəy...) bunu bizə belə vəsiyyət eləməyib...

Populyarlaşmaq, üzə çıxmaq, həmişə göz qabağında, diqqət mərkəzində olmağa hər vasitə ilə çalışanların və bu yolda doğrudan da öz məqsədinə çatanların gözqamaşdırıcı nümunəsi cavan yazıçılara açıq-aşkar pis təsir eləyir. Hörməti, ad-sanı, şan-şöhrəti layiq olduğundan qat-qat «karlı» görsənənlər beyinləri dumanlandırır, bədii sözü mənəvi zordan salır. Sözə tələbkarlıq günbəgün azalır... Bədii sözə möhtəkir münasibət, ədəbi şarlatanlıq, mənsəbpərəstlik, ötəri, mövsümi ehtiraslar ədəbiyyatımızın bütün tarixi boyu bəlkə heç vaxt bu dərəcədə açıq-aydın özünü göstərməyib.

Qəzetlərdə, jurnallarda «ideya» sözünə tez-tez rast gəlirik. Ancaq «ideal» sözü elə bil yerli-dibli yaddan çıxıb. Məğzində, ideal naminə, zərrə qədər mənəvi enerji olmayan neçə-neçə «üstü bəzək, altı təzək» «populyarlıq produktu» az qalır ədəbiyyatın qızıl fonduna daxil olsun. Tənqid isə ağzına su alıb oturur. Çünki tənqidçilər də öz kitablarını rahat çap elətdirmək istəyirlər, şan-şöhrətli olmaq istəyirlər. Ancaq gəlin, bir həqiqəti yaddan çıxarmayaq: həmişə üzdə olmağa can atanlar əvvəl özlərinə xəyanət eləyir, sonra isə ümumən sənətə, mənəviyyata...

1986
Ə.Əylisli. Ədəbiyyat yanğısı. Bakı: Yazıçı, 1989
XS
SM
MD
LG