Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Gürcüstanda narkotik istifadəçiləri arasında HİV-ə yoluxma halları azalıb


Arxiv foto
Arxiv foto
-

Dünya statistikasına görə, Gürcüstan HİV infeksiyasının zəif yayıldığı ölkələrdəndir. Lakin digər tərəfdən, qeydə alınan HİV/QİÇS daşıyıcıları ilə yanaşı, bu qeydiyyatdan kənarda qalan xeyli infeksiyalı şəxslər də var. Ötən ilin noyabr ayında Gürcüstanda 3588 yoluxma halı qeydə alınıb ki, bunun 2630-u kişi, 958-ni qadınlar təşkil edir. İlk dəfə HİV daşıyıcısının qeydə alındığı 1989-cu ildən bəri bu ölkədə 779 pasient ölüb. Son 4 ilin statistikası barədə infeksion xəstəliklər üzrə elmi-praktik mərkəzin icraçı direktoru Tenqiz Cherchvadze danışır:

«2008-ci ildə 351, 2009-cu ildə 385, 2010-cu ildə 455, 2011-ci ildə 424, bu il isə 473 yoluxma halı qeydə alınıb. Bu rəqəmlərə nəzər salsaq, infeksiyaya yoluxmuşların sabit artımını görmək olar».

Tenqiz Cherchvadzenin sözlərinə görə, Gürcüstan və bütövlükdə, Cənubi Qafqaz regionu keçmiş post sovet ölkələri arasında ən aşağı yoluxma göstəricisinə sahibdir:

«Biz bilməliyik ki, HİV və QİÇS-in bütün mərhələlərdə müalicəyə ehtiyacı yoxdur, müalicənin öz kriteriləri var. Buna ehtiyacı olan hər bir kəs isə pulsuz, beynəlxalq standartlara cavab verən müalicə ilə təmin olunur».

Tenqiz Cherchvadze
Tenqiz Cherchvadze
Qeyd etmək lazımdır ki, dövlətin həyata keçirdiyi QİÇS-lə mübarizə proqramının büdcəsi 3 milyon laridir (təxmini 2 milyon dollar). Pulsuz testdən keçmə, HİV-ə yoluxmuş insanlar və onlarla ünsiyyətdə olanlara göz olmaq, həmçinin tibb heyətini QİÇS-lə bağlı suallara hazırlamaq – bu hələ proqrama daxil edilənlərin tam siyahısı deyil.

DAHA ÇOX KİMLƏR TƏHLÜKƏDƏDİR?

BMT-nin vahid HİV/QİÇS proqramının Gürcüstan üzrə məsləhətçisi Liya Tavadzenin sözlərinə görə, bu epidemiya bir neçə risk qrupu ətrafında təmərküzləşib.

«Bu gün inyeksiya yolu ilə narkotik qəbul edənlər, kişilərlə cinsi əlaqədə olan kişilər, fahişəliklə məşğul olan qadınlar ən böyük risk qruplarıdır. Bu qruplarda profilaktik tədbirlər keçirmək çətindir, bu isə nəticədə infeksiya artımı və epidemiyaya səbəb olur».

36000 NARKOMAN MÜAYİNƏ OLUNACAQ

2011-ci ildə Beynəlxalq Səhiyyə Təşkilatı - BMT-nin QİÇS proqramı ilə birgə QİÇS-lə mübarizəyə dair fəaliyyət proqramını işləyib hazırlayıb. Onun əsasında 2015-ci ilədək Avropa ölkələrinin risk qruplarına daxil olan şəxslərin müayinəsi aparılacaq. Bu qrupa daxil olanların 90 faizi inyeksiya yolu ilə narkotik qəbul edən şəxslərdir.

Mütəxəssislər bildirir ki, Gürcüstan bu tövsiyələri yerinə yetirməyə namizəd ölkədir. Bunun üçün 40 min qeydiyyatda olan narkomanın 36 mini müayinə olunacaq, bu isə öz-özlüyündə heç də asan iş deyil. Epidemiologiya üzrə ekspert Akaka Abutidze deyir ki, gecikmiş diaqnostika problemi hələ də həll edilməmiş qalır:

Gürcüstanda AIDS günü ilə bağlı aksiya
Gürcüstanda AIDS günü ilə bağlı aksiya
«Təəssüflər olsun ki, Gürcüstanda gecikmiş diaqnostika, yəni, HİV infeksiyasının gec mərhələdə aşkarlanması hələ də müşahidə olunur. Bunun da səbəbləri var. Ən mühüm məsələlərdən biri bütün ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə venaya narkotik yeridənləri müayinə və müalicəsidir».

İnfeksion xəstəliklər üzrə elmi-praktik mərkəzin icraçı direktoru Tenqiz Cherchvadze deyir ki, son zamanlar narkotik istifadəçiləri arasında HİV-ə yoluxma halları azalıb. Əksinə cinsi yolla yoluxma halları artıb.

«Əgər əvvəllər narkotik istifadəçilərinin 70 faizi HİV daşıyıcısı idisə, indi bu göstərici 55 faiz olub. Yəni, narkomanlar arasında bu infeksiya artmayıb. Bu isə dövlətin, o cümlədən təhsil və maarifləndirmə tədbirlərinin nəticədir. Nəticədə eyni iynədən istifadə edən narkomanlar steril şprislərə keçib və ya narkotik istifadəsini azaldıblar. Lakin HİV infeksiyasının heteroseksual yollarla, yəni cinsi əlaqə vasitəsilə yoluxma halları artıb. Bu isə Gürcüstan üçün çox vacibdir».

Nəhayət, qeyd etmək lazımdır ki, 2005-ci ildən bəri infeksiyaya yoluxmuş tək-tük uşaq dünyaya gəlib. Bu isə hamilələrin diaqnostikadan imtina etdiyi vaxtlarda qeydə alınıb.
XS
SM
MD
LG