Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:23

Hətta ali təhsilli adamlar da "dünyanın sonu" haqda həyəcanla danışırlar...


-

Şahvələd Çobanoğlu


DÜNYANIN SONU...


Son günlərəcən “dünyanın sonu” barədə cəmiyyətimizdə yaşanan narahatlığa əhəmiyyət vermirdim. Inanmırdım kiminsə bunu ciddiyə aldığını.

Axı Mayya təqvimi ilə bağlı maraqlı yozumlar təzə söhbət deyil. Qulağı qırılmış bu daş abidə üzərində, ya da onun tapılmayan səhifəsində bəlkə dünyanın bundan sonrakı minillikləri haqda da məlumat olub?

Düzdür, o təqvimi nə görmüşük, nə də onu oxuyub şərh edəcək mütəxəssis deyilik, mütəxəssislər isə orada belə bir iddianın olmadığını söyləyir. Yozmağa qalsa, oradakı “Bolon Yokte tanrısı göydən yerə enəcək” kəlməsini hər cür anlamaq olar. Lakin niyə bu təqvim elmin yüksək inkişaf mərhələsi olan müasir dövrdə mötəbər istinad nöqtəsi sayılmalıdır?!

Bundan əvvəl də bənzər iddia ilə - 2000-ci ildə milenium faciəsinin olacağı yozumu ilə rastlaşmışdıq. Nəsə olmadı. Heç olmasa bu təcrübə insanlara ucuz zarafatlara uymamağa kömək etməli idi.

Amma son günlərin müşahidələri göstərdi ki, cəmiyyətimiz bu cür qorxulara qalib gəlməyə qadir deyil, hətta ali təhsilli, yaşlı, təcrübəli insanlar da bu mövzuda həyəcanla danışırlar. Camaat isə dünyanın qaranlığa qərq olacağını düşünüb, mağazalardan evlərə şam daşıyır. Igidlərin ehtiyatına baxın!

Təəssüflənirsən, təəccüblənirsən, sonra da bir az saf-çürük edib, bu vəziyyətin heçdən olmadığını düşünürsən. Indi siz deyin, öz dövlətinin polis serjantından qorxan cəmiyyətin adamları dünyanın sonundan niyə də qorxmasın? Qorxu onun canındadır!

Öz hökuməti barədə ən yüngül iradını da pıçıltı ilə deyənlərdən kimlərinsə dünyanın sonundan qorxması zatən gözlənilən olmalıdır. Dövlət başçısına padşah kimi baxanların mayyalılar kimi düşünməsi, padşah dövrlərinin insanları kimi göy gurultusuna qurban kəsməsi, ərşdən-gürşdən qorxması təəccüblü də deyil. Dünyanın sonundan qorxmaq padşahların yaşadığı əsrlərə xas olub, elə bizdə də hazırda padşah dövrüdür...
Sağlam cəmiyyətdə - insanın azad yaşadığı, azad düşündüyü, azad məlumat ala bildiyi mühitdə bu qorxuya yer yoxdur.

Bu gündən sabahına ümidlə yaşayan, gələcəyinə arxayın olan toplumda buna yer ola bilməz. Işi-gücü, normal istirahəti, yaxşı güzəranı, arzuları və bu arzuların arxasınca getməyə inamı və həvəsi olan cəmiyyətdə o qorxuya yer olmur.

Əksinə, əzilən, qorxu içində sarsılan, “böyük”lərin yanında özünə kiçik baxan, bir qarın çörəyə dünya qədər möhtac olan, yaxud yaşadığı dünyanı yalnız talayıb sərvət yığmaq məkanı kimi görən insanların cəmiyyətində bu qorxunun olması çox təbiidir. Kitaba yan
Maya təqvimindən fraqment
Maya təqvimindən fraqment
baxan, Rəqsanənin mahnısına qulaq asan, “Toy olsun”a tamaşa edən, parlamentindən Fəzail Ağamalını dinləyən cəmiyyət Mayya təqviminin üstündə qurulan sarsaq zarafatdan doğrudan da qorxuya düşə bilər.

Məktəbini, universitetini hələ demirik. Alimi mələyin uçma sürətini hesablayan ölkədir bu. Adamların ağladığı verilişdə gülüş doğuran falabaxan Ilham Mirzəyevin Elmlər Akademiyasında işlədiyi ölkədir bura. Burada insanların qədim daş təqvimlə dünyanın sonuna inanması doğrudan təəccüblü olmalı deyil...

Daha bu adamlar öz talelərinə baxıb demirlər ki, dünyanın sonu elə bu cür yalan və talan içində bədbəxt olmaqdır. Mayya təqviminə baxana kimi öz təqviminizə baxın, görün hansı durumda olan bir cəmiyyətdə yaşayırsınız. Görün hansı zamanda hansı keçmişin qaydaları ilə ömür sürürsünüz...

Əslində, dünyanın sonu neft ölkəsindən gedib Rusiya bazarlarında göy satmaqdır. Bəlkə belə deyil?!

Dünyanın sonu dərdinə əlac tapmaq üçün Iran qapılarında qalmaqdır. Bəlkə elə deyil?!
Dünyanın xoş gələcəyi haqqında fikirləri ilə dünyaca məşhur olan Frensis Fukuyama 20 il öncə “Tarixin sonu” adlı əsər yazmışdı. Dünyanın yox, ağalıqlar və zülmlər tarixinin bitdiyini deyirdi. Yeni zamanın başladığını iddia edirdi. Amma düşüncə və əməlcə həmin köhnə və zülmət tarixin nümayəndəsi olan Ramiz Mehdiyevin bizim ölkəyə yol göstərən məqalələrində Fukuyamadan sitat gətirməsi dünyanın sonu sayıla bilər...

Nəhayət, Ilham Əliyevin Avropa ölkələrini demokrat olmamaqda qınamasıdır dünyanın sonu...

Elə dünən çox simvolik bir hadisə baş verib. Qazaxda yaşayan istedadlı və mübariz şair Bəxtiyar Hidayətin şeirlər kitabı Bakıdakı “Akademkitab” mağazasında satışdan çıxarılıb. Maraqlıdır, “Ağ qaranlıqlar” adlanır həmin kitab. Dünyanın sonunun gətirəcəyi zülmətdən qorxub şam alanlar elə ağ qaranlıqlarda yaşayanlardır. Zülmət içində oturub zülmət gözləyən və buna görə şam alanlar özləri dünyanın sonudur...

Azadlıq qəzeti

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG