Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:40

Nigar Yaqublunun məhkəməsi dekabrda davam edəcək


Nigar Yaqublu (Foto: İRFS)
Nigar Yaqublu (Foto: İRFS)
-

Noyabrın 23-də Abşeron Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu ilə bağlı məhkəmə prosesi keçirilib.

Onun vəkillərindən biri Nemət Kərimli AzadlıqRadiosuna deyib ki, hakim onların Ağcabədi rayon sakini Sadiq Xəlilovun mülki iddiaçı kimi etibarsız sayılması haqda vəsatətini təmin edib. O Nigar Yaqublunun idarə etdiyi avtomobillə toqquşan “KAMAZ”-ın sürücüsüdür.

«TƏQSİRLƏNDİRİLƏN ŞƏXS AZADLIĞA BURAXILSIN»

Vəkilin sözlərinə görə, məhkəmədə ifadə verən Sadiq Xəlilov deyib ki, Nigar Yaqubluya qarşı heç bir mülki iddia qaldırmayacaq. Hadisənin təsadüfən baş verdiyini deyən sürücü baş verənlərə görə təəssüfləndiyini bildirib. O xahiş edib ki, təqsirləndirilən şəxs azadlığa buraxılsın.

Vəkillərin başqa bir vəsatətinə - Nigar Yaqublu haqda seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda vəsatətinə dekabrın 5-də baxılacaq.

Növbəti prosesdə ittiham tərəfin şahidləri dindiriləcək.

Noyabrın 23-də keçirilən məhkəmə prosesində İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Müsavat Partiyasının başqanı İsa Qəmbər, onun müavini Arif Hacılı, AXCP sədrinin müavini Gözəl Bayramlı, Xalq Partiyasının sədri Pənah Hüseyn, Nigar Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin sədri Mehriban Vəzir, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və gənclər təşkilatlarının fəalları iştirak ediblər.

Eləcə də ABŞ, Norveç, Böyük Britaniya səfirliklərinin, ATƏT-in Bakı ofisinin nümayəndələri də prosesi izləyiblər.

İSA QƏMBƏR DEYİB Kİ...

“Media forum” saytı xəbər verir ki, hakim İlham Kərimli prosesin təxirə salındığını elan edəndə zalda əyləşən Müsavat başqanı İsa Qəmbər replika verib: “Siz bu qərarı elan edəndə Bernard Shaw-nun (Bernard Şou) bir fikri yadıma düşdü. O deyib ki, bir avtomobil qəzası haqda iki şahid dinlədikdən sonra mənim tarix elminə hörmətim azaldı. Siz bu işin mahiyyətini gözəl bilirsiniz. Necə şahid dindirsəniz də, heç nə dəyişməyəcək. Ona görə də bu işi uzatmayın, qərarınızı verib ədaləti bərpa edin, işi yekunlaşdırın. Özünüzü o qızın yerinə qoyun. Bu, bir qəzadır və hər kəsin başına gələ bilər, heç kim qəzadan sığortalanmayıb. Ona görə də hələ bilmək olmaz hansı qəzalar olacaq, kim türmədə oturacaq”.

Nigar Yaqublu müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasına görə həbs olunub. Qəza avqustun 25-də baş verib. Aydın Acalovun avtomobili Ağcabədi rayon sakini Sadiq Xəlilova məxsus “KAMAZ” markalı maşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib.
XS
SM
MD
LG