Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:20

Qeyri-adi Internet fenomenləri: Qırmızı sancaq


Kyle Mac Donald
Kyle Mac Donald
-

Qeyri-adi Internet fenomenləri


QIRMIZI SANCAQ


Uşaqda fərasətə bax...

Kanadalı blogger Kyle MacDonald cəmi bir ilə ikimərtəbəli ev sahibi olub. Amma həmin ev ona pulsuz başa gəlib. Daha dəqiqi - sancaq qiymətinə.

MacDonald 2005-ci ilin yayında “One red paperclip” (Qırmızı kağız sancağı) adlı sayt yaradır.

Sayt necə işləməli idi? Kanadada “Bigger and better” (Daha böyük və daha yaxşı) adlanan uşaq oyunu var. Bir nəfər balaca bir əşyanı götürüb qapı-qapı gəzir və onu daha böyük və daha yaxşı əşyaya dəyişməyə çalışır.

Blogger də açdığı sayta bir qırmızı sancaq şəkli qoyub altında belə bir elan verir:

“Bəlkə də bu sizə qeyri-adi bir şey kimi görünməyəcək. Bu, kağız sancağıdır. Rəngi qırmızıdır. Bu qırmızı sancaq indi stolumun üstündə - kompüterimin yanındadır. Mən bu sancağı sizinlə daha böyük və daha yaxşı bir şeyə dəyişmək istərdim: bəlkə bir qələmə, bəlkə bir qaşığa, bəlkə də bir ayaqqabıya. Əgər bu sövdələşməyə razı olsanız, mən özüm sizin yaşadığınız evə gələrəm. Əgər sizdə qırmızı sancaqdan daha böyük və daha yaxşı nəsə varsa, mənə bu ünvana yazın: biggerorbetter@gmail.com

Tezliklə görüşmək ümidilə
Kyle

P.S. Mən davamlı şəkildə belə sövdələşmələr edəcəm – ta ev sahibi olanacan. Ya da ada sahibi. Ya da bir adada ev sahibi. Məsələni anladınız da...”

Bu elandan sonra Vankuverdən Rhawnie və Corinna onunla əlaqə saxlayırlar və yaşıl rəngli, balıq formalı qələmlərini sancaqla dəyişmək istədiklərini bildirirlər.

Kyle elə həmin gün qələmi qapı dəstəyinə dəyişə bilir.

Bundan bir neçə gün sonra isə o, ABŞ-a, Massachusetts-ə gedir, ona qapı dəstəyi əvəzinə köhnə bir “Coleman” sobası (daşına bilən) verirlər.

Daha sonra Kyle sobanı ondan da köhnə bir Honda generatoruna, generatoru boş pivə
Kyle Mac Donald-ın sonda sahib olduğu ev
Kyle Mac Donald-ın sonda sahib olduğu ev
çəlləyi və pivəni çəlləkdən çəkib süzmək üçün qurğuya dəyişə bilir. (Bunlar bir yerdə “instant party” adlanır, yəni harasa gedəndə dərhal işə salıb pivə məclisi qurmaq üçün).

“Pivə dəstgahı”nı isə ondan Kvebekdən olan bir aktyor istəyir. Əvəzində ona lazım olmayan ikinəfərlik snoumobil (motorlu xizək) verir.

Bundan sonra Kyle saytında Yahk-a ikinəfərlik səyahət təklifi ilə çıxış edir.

2006-ci ilin yanvarında xizəkdəki ikinci yeri sata bilir, daha doğrusu Yahk-a aparıb-gətirəcəyi adam bunun üçün ona “van” - yük yerli avtomobil verir.

Kyle həmin avtomobili Ontario-da bir səsyazma müqaviləsinə dəyişə bilir.

Həmin kontrakta səsin yazılması, montajı, daha sonra Sony-BMG və XM radio rəhbərləri tərəfindən dinləniləcəyi zəmanəti də daxil idi.

Həmin müqavilə Jody Gnant adlı qızın diqqətini çəkir – o bunun əvəzində Arizona-ya bir illik səyahət təklif edir.

Bura təyyarə bileti və Arizona-da qalmaq üçün mənzil kirayəsi daxil idi.

2006-cı ilin aprelində isə Kyle bunu məşhur amerikalı rokçu “Alice Cooper-in bir fanatı ilə görüşü”nə, görüş imkanını isə motorlu qar şarına (qar şarı – milad bayramı suveniridir, şüşə şar formasında olur, içinə su doldurulur və müxtəlif fiqurlar yerləşdirilir və həmin fiqurların üzərinə “qar yağır”) dəyişdirə bilir.

Bəlkə də qar şarı məşhur rokçu ilə görüşə dəyişmək üçün balaca görünə bilər.

Amma bu, adi qar şarı deyildi, motorlu idi və hətta sürətini nizamlamaq olurdu.

Kyle bununla qar şarı kolleksiyaçısının diqqətini çəkə bilir.

Beləliklə, motorlu qar şarını “Donna on Demand” filmində kiçik bir rola dəyişdirə bilir.

Rol - məşhurlaşmaq fürsətidir.

2006-cı ilin iyulunda rolun əvəzində bloggerə Kipling-də ikimərtəbəli kənd evi təklif edilir...

“Çox adam məndən soruşur ki, bu layihəmlə necə diqqət mərkəzinə gələ bilmişəm. Mənim cavabım çox qısadır: Bilmirəm!” – deyə Kyle BBC-yə müsahibəsində etiraf etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG