Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 14:48
-

EHTİYACDAN CİNAYƏTƏ

«Uşaqlarım özlərinə stabil iş tapa bilmədiklərinə görə, indiyə qədər özlərinə ev düzəldə və ailə qura bilməyiblər. Bir oğlum isə işsizlikdən oğurluğa əl atıb və indi 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Biz necə yaşayaq?».

Bir neçə kitab müəllifi olan, 40 il alman dili müəllimi işləmiş və hazırda yaşa görə pensiyaya çıxan Şamil Şəfəqli (Binnətov) deyir ki, 11 nəfərdən ibarət olan ailəsini tək dolandırır. Çünki övladları özlərinə iş tapa bilmir, üstəlik, 11 nəfər iki darısqal otağa sığınıb. Həyat yoldaşı 1996-cı ildə qətlə yetirilib. Özü ikinci, böyük oğlu Şahin isə birinci qrup əlildir. Şəraitsizlik, kasıbçılıq övladlarından birini cinayətə sövq edib və 5 illik həbsə məhkum edilmiş həmin oğlu cəzasını çəkməkdədir. Şamil Binnətovun istədiyi odur ki, ailənin mənzil şəraiti yaxşılaşdırılsın.

«İCRA BAŞÇISININ QƏBULUNA DÜŞMƏK OLMUR»

«Bununla bağlı aidiyyəti üzrə yerlərə dəfələrlə müraciət etmişəm ki, ailəm iki otağa sığmadığından ya torpaq sahəsi, ya hazır ev, ya da yataqxana ilə təmin olunaq. Heç olmasa övladlarımdan birini evləndirə bilim. Amma yazdıqlarımdan nə fayda? Heç bir qurumdan müsbət cavab ala bilməmişəm. Ən dözülməzi isə odur ki, yaşadığım Sabunçu rayonunda nəinki icra hakimiyyəti başçısının, heç işıq, qaz idarələrinin rəislərinin də qəbuluna düşmək olmur ki, dərdimizi deyə bilək. Mənə təsir edən odur ki, neçə illik müraciətlərimə baxmayaraq, 2010-cu ildə Zabrat qəsəbəsində əlillər üçün yaşayış binası istifadəyə veriləndə yenə bizi yada da salan olmadı».

ÖTÜR-ÖTÜR...

Ehtiyat torpaq fondu ayrılarsa, Şamil Binnətovun müraciətinə baxıla bilər
Ehtiyat torpaq fondu ayrılarsa, Şamil Binnətovun müraciətinə baxıla bilər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsindən bildiriblər ki, Nazirliyin sifarişi ilə inşa olunan mənzillər ilk növbədə yaşayış yeri üzrə mənzil növbəsinə dayanan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün nəzərdə tutulub. Nazirlikdən məsləhət görüblər ki, Şamil Binnətov yaşayış qeydiyyatında olduğu Sabunçu rayon İcra Hakimiyyətinə müraciət etsin.

Sabunçu rayon İcra Hakimiyyətindən bildiriblər ki, Şamil Binnətov yaşayış yeri üzrə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülüb. Ancaq Bakı şəhərində dövlət vəsaiti hesabına yeni yaşayış binaları tikilib istifadəyə verilmədiyindən, onun istəyini təmin etmək mümkün deyil. Yaşayış yeri üzrə növbədə olanların sayı çox olsa da boş yaşayış sahəsi yoxdur. Torpaq sahəsi ayrılması və sənədləşdirilməsi ilə bağlı müraciətə gəlincə, Sabunçu rayon İcra Hakimiyyəti Şamil Binnətovun yerli bələdiyyəyə müraciət etməsini məsləhət görür.

Bakıxanov bələdiyyəsindən isə bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakıxanov bələdiyyəsinin mülkiyyətinə ehtiyat torpaq fondu ayrılmayıb. Prezidentin 27 oktyabr 2007-ci il tarixli sərəncamı ilə «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanun»a dəyişikliklərdən sonra bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilir. Gələcəkdə Bakıxanov bələdiyyəsinin mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün ehtiyat torpaq fondu ayrılarsa, həmin torpaqlar hərraca çıxarılacağı halda Şamil Binnətovun müraciətinə baxıla bilər.

Sənin fikrin

Şərhləri göstər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG