Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:40

Seyfəddin Hüseynli. Deməsinlər ki, qələm düşmən (Sayman Aruz) əlindədir...


Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli
-

Aşkar-aşkar vurğulanmasa da, Sayman Aruzun təqdimatının alt qatından belə bir rəy də sızır ki, inqilab, hər şeydən əvvəl, Qarmaqarışıqlıqdır! Fəlakətlər gətirən Qarmaqarışıqlıq!


Seyfəddin Hüseynli bu məqaləsi ilə yazıçı Sayman Aruzun "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasında çap edilmiş "Yüz il inqilab" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Seyfəddin Hüseynli


DÖNÜKLÜYÜN NORMAL ANATOMİYASI: İNQİLAB PATOLOJİ HAL KİMİ


“Başqa millətdən, hüququn almaq üçün, hər zaman
İnqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!
Bizdən isə, satmağa namusü irzi-milləti,
Etidaliyyun, himariyyun, fəsadiyyun çıxar!”


Kölgəlikdən odlu-bürkülü çölə baxanın gözləri önünə nə gələr?

İlğım.

Ta fikrini cəmləyənə, diqqətini toplayana qədər.

Bəmbəyaz işığın altından gözlərini zülmət qaranlığa zilləyən əvvəl-əvvəl nə görər?

Eləcə qaranlıq, onun da arxasından cürbəcür qarabasmalar.

Ta gözləri qaranlığa alışanacan.

Bəs boylanıb-baxanın özü də o qızmar çölün manqalından çıxıb, həmin qaranlığın bətnindən qopub gəlibsə?

Onda gah titrətmə bürüyər varlığını, gah da qızdırma; birdən işıqdan gözləri qamaşar, birdən də gözlərinə qaranlıq çökər.

Danışdıqları titrətmə-qızdırmanın, gördükləri də qarovluğun, çaşqınlığın ayağına yazılar.

Deməli, inanılmaz olar, şübhəli görünər, dilə gətirdiyi, qələmə aldığı dərd-nisgil yad gələr, azarı-ağrısı ögey tutular.

Özü də nə buralı kimi buranın, nə oralı kimi oranın adamı sayılar.

Hələ gəldiyi yerin də işığında qısaqapanma, gözvurma varsa, mehiylə bürküsü növbələşirsə, lap od düşər canına, tamam azalar gözlərinin fəri...

İstərsə, yüz il inqilab eləmiş, dəyişikliyə cəhd göstərmiş olsun: dəyişsə-dəyişsə, ancaq dəyişiklik haqqında təsəvvürün dəyişər!

“İstəməm nuri, qaranlıq sevirəm,
Mülki-İranı dumanlıq sevirəm...”


Sayman Aruzun burdan o taya doğru uzatdığı yaddaş körpüsü üzərindən İran – “Altı min ildən bəri mövcud olan bir məmləkət...” də bax beləcə “...Viran...” görünür, orda baş verən inqilab(lar), o inqilab(lar)dan sonra cərəyan edən hadisələr də eyni dərəcədə “Dumanlı...”, “Qorxulu...” təəssürat oyadır.

Gördüyü, göstərdiyi hər cür eybəcərliyin, çirkabın arxasından inqilabı dartıb qabağa çıxarır, dörd bir yana yayılan qan qoxusuna, meyit üfunətinə, alışan evlərin, yanan canların tüstü-dumanına görə inqilabı təqsirkar tutur Sayman Aruzun “Yüz il inqilab” kitabının əsas adamı. Deyir: “Bu nə azadlıqdı ki, yolu bu biabırçılıqdan keçir?!”

Yaxın-uzaq tarixin səhifələrinə dönə-dönə həkk olunmuş inqilaba aid nəzəri-fəlsəfi
fikirlərin kopyası, eynilə davamı, ya da azca fərqlənən törəməsi kimi köhnə səslənə, nimdaş, işlənmiş görünə bilər onun bu mülahizələri – elə inqilabın, inqilabçılıq anlayışının özü qədər.

Amma elə məqsəd də budur – inqilabın, bir dəyişiklik üsulu, bir tərzi-yeniləşmə olaraq, iyrəncliyini, murdarlığını vurğulamaq.

İnqilabların qanlı, mürtəce mahiyyətini tarix boyu heç onun alovlu tərəfdarları da danmayıblar:

“Bu cənablar nə vaxtsa inqilab görüblərmi? Sözsüz ki, inqilab - mümkün olan avtoritar üsulların ən qatı təzahürüdür. İnqilab - əhalinin bir qisminin öz hökmünü, iradəsini top-tüfənglə, süngüylə, ən amansız vasitələrlə digər qismə sırıdığı hərəkatdır. Qalib gələn tərəf, vacib bildiyi məqamlarda, öz üstünlüyünü məhz silahlarının əks düşərgədə yaratdığı vahimənin köməyilə qoruyub saxlayır...”

İnqilabi üsulun barışmaz tərəfdarlarına qalanda isə, vəziyyət hərtərəfli aydındır:

“Bütün inqilablar irtica ilə nəticələnib. Bu - labüddür. Bu - qanundur. İnqilablar nə dərəcədə kəskin, amansız olubsa, ardınca gələn irtica da bir o qədər güclü çıxıb. İnqilabla irticanın növbələşməsi nəsə sirli bir dövrədən xəbər verir. İnqilab – köhnə həyatın sonudur, ancaq yenisinin başlanğıcı deyil, keçilən yolun hesabatı, cəzasıdır. Keçmişin günahları inqilabla yuyulur”.

“İnqilab – tərəqqinin ən antibəşəri üsuludur”, “İnqilab öz balalarını basıb yeyir” - bunlar isə, əlbəttə, lap məşhur mülahizələrdir.

“Yüz il inqilab” müəllifinin “Seyid adıyla tanıtdığı qatil”in aşağıdakı fikirlərinin əsasında da elə yuxarıdakı əhvali-ruhiyyə dayanır:

“Mən kütlənin inqilabına inanmıram. Kütlə ehtiyacını ödəyə bilməyən zaman etiraz eləməyə başlayır, amma nəyisə dəyişə bilmir. İnqilabın bətnində dəyişmək yoxdur, qırmaq, qırılmaq və dağıtmaq var. Öldürmək və itirmək var. Zindan və edam var. Dəyişmək üçün islahat aparmaq lazımdı. Onu da özündən başlamalısan...”

“Deyirdilər, inqilabın əvvəllərində edam olunanların başına son gülləni çaxanların biri elə bizim Hacımız olub. Əsl köpəyoğluydu... Var-yoxu xarab, qızışanda molla olub çıxırdı minbərə...:

- Seyid! Biz bu inqilaba and içmişik. Kişi, ya qadın, nə fərq eləyir, düşmən düşməndi da. İnqilabın düşməni bizim düşmənimizdi...”;

“Müharibə baş yeyər. Özü də mərdlərin başını. Müharibə azad insanların başını yeyər. İran-İraq müharibəsi minlərlə azad insanın başını yedi. Həmin o azad insanlar min arzuyla, azadlıq üçün inqilab eləmişdilər...”

“İnqilablar nə qədər təmiz ürək və təmiz ideyayla başlasalar da, yarıyolda hakimiyyətçiliyə satılırlar. Xəlxali inqilab eləyən gəncləri “cənnətə göndərirdi”. Mən bütün şərəfsizliyimlə and içərəm ki, Xəlxalinin o gənclərin hətta milyonda biri qədər də inqilabın qələbə çalmasında rolu olmayıb. Bunu özümdən də görə bilirəm. Mən inqilab olanda uşaq idim. Amma indi böyüyüb həmin inqilabın istintaqçısı olmuşam. Mən özüm bilirdim ki, hətta ora gələn cinayətkarların da bu ölkədə məndən çox payı var...”


Sayman Aruzun kitabındakı inqilab anlayışı elə bir qatarı xatırladır ki, hərəkətə gələndən sonra, onu rels üzərinə qoyanlara da, irəliləməsi üçün təkan verənlərə də, sərnişinlərə də, yola salanlara da, yolboyu düzülüb salamlayanlara da, qarşılamağa çıxanlara da o qatarın hər pəncərəsindən güllə yağdırılır, hər nöqtəsindən, hər dəlmə-deşiyindən atəş açılır.

Bircə sürücü heyətindən başqa. Bircə onlar düşmürlər gülləbaran altına. Çünki atəş düyməsini özləri basırlar. Ta qatar idarə altından çıxıb harasa çırpılana – o labüd taran anı yetişənə qədər. Bu isə, artıq növbəti inqilab deməkdir.

“Yüz il inqilab”dakı bir düşüncə layı kimi də bunu götürmək olar: inqilab təkcə balalarını yox, ümumən hamını yeyib-bitirir: “seçdiyi ögey balalar”ı da, elə özünü də. Ancaq hərənin bir vaxtı, bir mərhələsi var.

“Aldanmayın, aldanmayın, Allahı sevərsiz!
İranlı kimi yanmayın, Allahı sevərsiz!”


Sayman Aruz
Sayman Aruz
Aşkar-aşkar vurğulanmasa da, Sayman Aruzun təqdimatının alt qatından belə bir rəy də sızır ki, inqilab, hər şeydən əvvəl, Qarmaqarışıqlıqdır! Fəlakətlər gətirən Qarmaqarışıqlıq! Kosmosla sonadək ulduzu barışmayacaq, axırzamanacan qanlıbıçaq olacaq Xaos! Elə ona görə də hər inqilabdan sonra xalq eləcə əllərinin boşu, gözlərinin yaşıyla ortalıqda qalır:

“Oğlum, inqilab millətin dirçəlişə doğru üsyanının kor-koranə formasıdı. Həmişə də millətin könlüncə olmur. Yüz il inqilab etdik, üsyan etdik, amma xalqın inqilabını xalqdan alıb onun öz başına çaldılar...”

Bu qənaəti qəribliyə salmayıb, bir azca diqqətlə nəzər yetirəndə “Yüz il inqilab” üçün bir başqa sələfin, yaxud qeyri-ixtiyari istinadgahın – 14 il əvvəl qələmə alınıb yayılmış bu sətirlərlə - mətləbin düz ortasından vurduğunu görmək olar:

“Zəif dövlət mexanizminə malik olan məmləkətlər gec-tez xarici siyasi maraqların predmetinə çevrilir və bu zaman ya marionet dövlət şəklində miskin və şərəfsiz bir həyata düçar olur, ya da vətəndaş qarşıdurmaları zəminində öz içindəcə dağıla-dağıla labüd məhvə doğru gedir...

...Başıpozuq qüvvələrin əli ilə hakimiyyət çevrilişi törədilməsinə yol vermək xalqımıza qarşı ən böyük və bağışlanmaz tarixi xəyanət olardı. Belə bir çevriliş millətimizi yenidən XAOS CƏHƏNNƏMİnə ata bilərdi...

...XAOS - yüzlərcə ananın illər boyu ürəyinin yağı ilə böyüdüb-bəslədiyi övladını bircə günün içində diri-diri udan amansız ƏJDƏHAdır.

XAOS - Allahı taxtdan salıb, Şeytanı taxta çıxaran aqressiv dərrakəsizliyin simvolu və vuran əlidir.

XAOS – yaşamaq ixtiyarını Allahdan yox, Şeytandan alanların dünyamızı dağıtmaq ehtirasının qara qan püskürən müdhiş vulkanıdır...”


“Yüz il inqilab”ın məramnaməsini bir də bu geniş rakurs altından oxumaq mümkündür: İranda da, İraqda da, daha haralarda da insana üz verən bəlaların səbəbləri növbənöv inqilablar, çevrilişlər, sosial-siyasi kataklizmlərdirsə, bunların da ana qaynaqları min cür formada təzahür tapan istibdad, ədalətsizlikdir, həm farsın, həm də türkün, kürdün..., həm “yuxarılar”ın, həm də “aşağılar”ın çarəni zorakı üsullarda axtarması, qırğınların ya məcburi, ya da könüllü iştirakçısına, insanın insana qarşı yönəltdiyi zülm alətinə çevrilməsidir. Bu sayaq davranışların – məmləkətin ixtiyar sahibləri üçün də, yerdə qalanlardan ötrü də - vəd etdiyi aqibət, hazırladığı hökm-cəza hələ 5 əsr əvvəl çox aydın ifadələrlə təsbit olunub:

“...Göstərən saətdə dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşkəri, həm kişvəri...”


Hər nə qədər inqilab əleyhinə mülahizələrə üstünlük verib, bu məzmuna uyğun hadisələr təqdim etsə də, Sayman Aruz tamam əks rəyə – inqilabın, silahlı mücadilənin, kəskin, zorakı dəyişikliklərin bəzən yeganə, sonuncu nicat yolu olduğu düşüncəsinə də qapı aralayır:
“...İslahat gec nəticə verə və ya heç nəticə verməyə bilər. Yalnız o zaman ayağa qalxıb, ələ silah almaq olar. Silahlı mübarizə və inqilab mədəni islahatın nəticə vermədiyi yerdə son və tək çarədir”...

Bu nədir belə? Müəllifin çoxvariantlılığa əl atmaqla rasional-obyektiv davranmaq, neytrallıq nümayiş etdirmək cəhdimi? Bəlkə bununla müəllif inqilab azarkeşlərinin könlünü almağa çalışıb? Bəlkə fikirləşib ki, buna da bir yol saxlasın, inqilaba canü könüldən sarılan kimsələr narazı qalmasınlar, köhnə giley-güzarı təzə platformada dilə gətirməsinlər:

“Ke, ey nikbəxt, an nə şəkle-mən əst,
Vəlakin qələm dər kəfe-doşmən əst”.


(Yəni, təxminən, belə: “Ay bəxtəvər, bu şəkildəki baş-qulaq mənlik deyil, amma neyləmək olar, qələm düşmən (Sayman) əlindədir”

Yox, heç inandırıcı gəlmir. Çünki Sayman Aruz bu mətləb üzərində çox ləngimir, ona ötəri toxunub keçir: 250 il əvvəl “Rifah naminə azadlığını qurban verənlər nə azadlığa, nə də rifaha layiqdirlər” hayqırmış amerikalı alim-mütəfəkkirlə də, onun 60 il əvvəl “Dinc dəyişikliklərin yolunu bağlayanlar özlərinə qarşı silahlı, qanlı inqilabı zərurətə çevirirlər” bəyanatını vermiş həmvətəniylə - məqtul prezidentlə səsləşəcək qədər zilə çıxmır.

Məlum məqam, böyük ehtimalla, müəllifin mövqeyindən, iradəsindən qaynaqlanan, məqsədli şəkildə yol verilən qeyri-prinsipiallıq faktıdır, dediyindən dönmə nümunəsidir: kitabdakı əsas adama məxsus xəyanətlər silsiləsinin növbəti halqasıdır. Çünki “Yüz il inqilab”, bir baxımdan da, dönüklüyün anatomiyasını verməyə, xainliyin xronikasını əks etdirməyə hesablanıb.

Bu kitabda “Cümlə xəyanətlərə bais olan...” ünvanı inqilaba verildiyi kimi, həm cəmiyyətə, həm də özünə, həm keçmişinə, həm də indisinə, həm ilk sevgisinə, həm də ailə qurduğu qadına xəyanət etmək, həm mənsub olduğu millətə, həm də keşiyində dayandığı sistemə xain çıxmaq da Seyidin adına yazılıb.

Özünün son xəyanəti - intihar kimi, sırf şəxsinə aid olan, inqilabi bir addımı ata bilməməsi, gicgahına apardığı silahın tətiyini çəkməməsi, sonra da zindan küncündə, güman ki, edam saatını gözləyə-gözləyə, bu xatirələri tez-tələsik yazıya alması (yoxsa “Yüz il inqilab” necə yazılardı, axı yeni tipli romanlardakı əsas cəhətə – kitabın yazılma prosesilə bağlı qeydlərə, hadisələrlə paralel yazılmasına bu mətndə rast gəlinmir) ilə Seyid yenidən - bu dəfə həmişəlik - antiinqilab mövqeyinə qayıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG