Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

«Bu tamaşa ortaq türk dili yaratmaq yolunda bir töhfə olacaq»


İntiqam Soltan
İntiqam Soltan
-

«Tamaşanı türkiyəli aktyorlar öz ləhcələrində, bizimkilər isə öz ləhcələrində oynayacaqlar».

Bu sözləri Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan AzadlıqRadiosunun «İz» proqramına söyləyib.

YARISI TÜRKİYƏLİ AKTYORLAR OLACAQ, YARISI DA BİZİMKİLƏR

Proqrama Türkiyənin Eksanat Teatrı ilə gerçəkləşdirdikləri maraqlı layihədən söz açan İntiqam Soltan əvvəllər də bunu sınaqdan keçirdiklərini dedi: «Bakı Uşaq Teatrının narkomaniya ilə bağlı tamaşalarının birində türkiyəli aktyor oynayırdı. Tamaşaçı da normal qəbul etdi. Amma indi tən yarısı bizimkilər, yarısı da türkiyəlilər olacaq».

ORTAQ TÜRK DİLİ YARATMAQ İSTƏYƏNLƏRƏ KÖMƏK

İntiqam Soltan bu sınağın faydalı olacağına inanır: «Ortaq türk dili yaratmaq istəyən mütəxəssislərə müəyyən mənada kömək, yardım ola bilər. İki türkün üz-üzə dayanıb söhbətləşmələri necə səslənir, necə qavranılır—bunu görə biləcəyik. Hər halda türkçülüyün inkişafı üçün, türk millətlərinin yaxınlaşması, ortaq dil, ortaq mədəniyyət baxımdan faydasız olmayacaq».

TAMAŞANIN ADI—«SIRAVİ DURSUN»DUR

Verilişin qonağı Sultan Məcid Qənizadənin «Dursunəli və Ballı Badı» pyesindən bəhrələnib, «Sıravi Dursun» adlı tamaşa hazırlayıb: «Müasir dövrə uyğunlaşdırmışam. Gənclərin hərbi vətənpərvərlik ruhunda hazırlanmış tamaşadır. Komik janrdadır. İşlərimiz yekunlaşır. Noyabrın 25-26-sı Türkiyədən aktyorlar gələcək. Bizim aktyorlarla tamaşanı yekunlaşdıracağıq. Dekabrın 1-də tamaşaya Mahnı Teatrında, ya da Aktyor Evində göstəriləcək».

TAMAŞA TÜRK DÖVLƏTLƏRİNDƏ VƏ AVROPADA GÖSTƏRİLƏCƏK

İntiqam bəy ilk tamaşadan sonra türk dövlətlərinə səyahətə çıxacaqlarını dedi:

«Türkmənistanda, Qazaxıstanda, Qırğızıstanda. Özbəkistanda - türk dövlətlərinin hamısında olmaq fikrimiz var. Bunun maliyyə tərəfini türk teatrı üzərinə götürüb. Maliyyə məsələlərini nəzərə alıb, tamaşanı yığcam hazırlamışıq. Əslində biz dostluq edən 3 rejissoruq—mən, Eksanat Teatrının rəhbəri Ahmet Kaya və Batumidəki «Berekeli» teatrının rəhbəri Rezo Berekeli. Tamaşanı Batumidə və Sinopda oynayacağıq. Sonra Avropa ölkələrinə qastrola çıxmaq fikrimiz var. Türklər yaşayan ölkələrdə də tamaşa göstərəcəyik. Mənim üçün əsas olan odur ki, bu qaynaq—iki dildə tamaşa baş tutsun. Gələcəkdə türk dövlətlərinin hərəsindən bir-iki aktyor seçib tamaşa hazırlamaq istəyirəm».

- Neçə ildir Sarabski adına Mədəniyyət Sarayının bir küncünə sığınan yersiz-yurdsuz Bakı Uşaq Teatrı gələn qonaqları necə qarşılayacaq?

- Türkiyədə aktyorlar necə yaşayır?

- Azərbaycan aktyoru ilə Türkiyə aktyorunun müqayisəsi nəyi üzə çıxardı?

- İntiqam Soltan Azərbaycan aktyorlarını niyə «Quru bəylər» adlandırdı?

- 150-200 manatlıq maaşla bir ay necə dolanmaq olar?

- Teatrın direktoru sünnət toyunda tamadalıq edərək pul qazanan xalq artistlərini nədə suçladı?


«İz» proqramını buradan dinləyə bilərsiniz.

XS
SM
MD
LG