Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Bir yaşayış massivindən gileydolu məktub


-
Maştağa yolunun üstündə yerləşən Müşəlan adlı yaşayış massivinin yerləşməsindən çoxları xəbərsizdir. Müxtəlif vaxtlarda ayrı-ayrı adamlar burda ev tikib məskunlaşmaqla ərazidə əməlli-başlı yaşayış massivi yaranıb. «Qaynar «xətt»imizə gələn şikayətlər yazmağa əsas verir ki, massivin çoxlu sayda problemləri var. Aqşin Fərəcov «Qaynar xətt»imizə bu massivdən şikayət edən ilk dinləyici deyil. Bundan əvvəl də həmin ərazidə yaşayan adamlar zəng vurub şikayətlənmişdilər.
YAŞAMAQ ÜÇÜN NƏ VACİBDİRSƏ, HEÇ BİRİ YOXDUR
Aqşin Fərəcov yazır:
«1-ci qrup əliləm. Uzun illər 5 nəfərdən ibarət ailə üzvlərimlə yataqxanalarda yaşayandan sonra 3 il əvvəl burda borc-xərclə torpaq alıb iki otaq tikdirdim. Biz bura köçəndə nəhayət ki, ev-eşiyimiz olduğunu düşünüb özümüzü çox xoşbəxt hesab edirdik. Nə biləydik ki, ilk yağışdan evimizin içərisinə dolan kanalizasiya suları sevincimizi gözümüzdə qoyacaq? Yağış mövsümü gələndə bizim də qara günlərimiz başlayır. 3 ildə ailəmizin bütün üzvləri müxtəlif xəstəliklərə tutulub. Mən özüm birinci qrup əliləm. Bir ayağım yoxdur, iki dəfə infarkt keçirmişəm, yaşadığımız şəraiti görəndə az qalıram intihar edəm».
Aqşin Fərəcov deyir ki, yaşadıqları ünvanda problem təkcə kanalizasiya sisteminin olmaması ilə bitmir. Qaz sistemi quraşdırılmayıb, havalar soyuyanda işıq kəsilir.
BƏLƏDİYYƏ DÖZÜMLÜ OLMAĞI MƏSLƏHƏT GÖRÜR
Maştağa bələdiyyəsindən AzadlıqRadiosuna bildiriblər ki, qeyd olunan ərazidəki problemlərdən xəbərdardılar. Ancaq bu problemi bütün Maştağa qəsəbəsinə aid etmək olar. Çünki qəsəbənin kanalizasiya və qaz sistemlərinin qurulmasına yeni başlanılıb. Bu işlər mərhələ ilə həyata keçirilir.
Bir sözlə, Müşəlannın sakinləri də dözümlükük nümayiş etdirib quruculuq işlərinin nə vaxt bu yaşayış massivinə gəlib çatacağını gözləməlidilər.
XS
SM
MD
LG