Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:39

«Bizim yol»un əməkdaşları DİN-də olublar


Noyabrın 14-də «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev və təhdidlərə məruz qalan iki əməkdaşı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İradəsində olub.

Bu barədə AzadlıqRadiosuna Bahəddin Həziyev məlumat verib.

«Bizi təhdid və hücumlarla bağlı sorğu-sual etdilər. Oktyabrın 6-dan başlayaraq qəzetimizdə «200-dən çox adama 5 milyon manata qədər ziyan vuran dəstə barədə» silsilə araşdırmalar başlayandan sonra, yazı müəllifi Sevinc Vaqifqızına və yayım əməkdaşı Vüsal Yusubova təhdidlər olunmağa başlayıb. Mən də bununla bağlı nazir Ramil Usubova müraciət etdim. Bu işin araşdırılmasını nazirliyin sözügedən idarəsinə tapşırıblar deyə, onlar bizi dəvət edib, məsələ ilə bağlı fikirlərimizi soruşdular. Biz də necə varsa olan hadisələri danışdıq. Bizim araşdırmalarımızdan aydın oldu ki, insanları aldadıb, pul alanları polis və məhkəmə əməkdaşları müdafiə edib. Biz hücumların araşdırmada adları hallanan adamlar tərəfindən olması barədə fikirlərimizi dedik. Bizə dedilər ki, məsələ ciddi araşdırılmaqdadır».

Noyabrın 7-nə keçən gecə «Bizim yol» əməkdaşı Vüsal Yusubov «Azərbaycan» nəşriyyatından çıxarkən bir neçə nəfərin hücumuna məruz qalıb. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Yasamal polisi qəzet əməkdaşının ifadəsi əsasında bir nəfəri saxlasa da o, 48 saat sonra sərbəst buraxılıb. Polis həmin şəxsi artıq saxlamağa əsas olmadığını deyib.

200-DƏN ÇOX ADAMA ZİYAN VURAN QADIN SAXLANIB

Bahəddin Həziyevin sözlərinə görə, Vüsal Yusubov gündüz saatlarında ölümlə hədələnib, gecə isə hücuma məruz qalıb.

«Biz həm Vüsalı, həm də araşdırma müəllifi Sevinc Vaqifqızını hədələyənlərin səsini yazmışıq. Onlar araşdırma qəzetdə gedən gündən əməkdaşlarımızı bir neçə dəfə hədələyiblər. O baxımdan da hesab edirik əməkdaşımıza olan hücum da bu araşdırma ilə bağlıdır».

Hücuma məruz qalan qəzet əməkdaşı Vüsal Yusubov AzadlıqRadiosuna polisdə üzləşdiyi şəxsin elə ona hücum edən şəxs olduğunu demişdi.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna verilən məlumata görə, «Bizim yol»un araşdırmalarında 200 fərddən çox adama 5 milyon manata qədər ziyan vurmaqda adı hallanan qadın həbs edilib.
XS
SM
MD
LG