Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:52

Kompütersiz kompüter dərsləri...


Xudatdakı 3 saylı məktəbdə informatika dərsi
Xudatdakı 3 saylı məktəbdə informatika dərsi

4 illik Dövlət Proqramından sonra hələ də Azərbaycan məktəblərində informasiya kommunikasiya texnologiyaları təhsilə daxil ola bilməyib.

-

Ucqar bir kənd məktəbini təsəvvür edin. Müəllimlər elektron dərsliklərlə mövzunu izah edir, şagirdlər internetdə material axtarırlar və sair. Əgər təhsilin informasiyalaşdırılması ilə bağlı Dövlət Proqramında yazılan nəticələr əldə olunsaydı, bu təsəvvür olunanlar həm də gözlə görünəcəkdi.

KOMPÜTERLƏR HARADADIR?

İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) təhsildə tutduğu yeri müşahidə etmək üçün bir neçə rayona baş çəkdik.

Xaçmazın 2 birmərtəbəli binadan ibarət olan Yeni Xudat kənd məktəbində bu suala cavab olaraq hamı müəllimlər otağını göstərir. Məktəbə verilən iki kompüterin birinin burda, digərinin isə direktor otağında olduğunu deyirlər. Müəllimlər otağına daxil olanda görülən bir kompüterin başına yığışmış 12-13 uşaq, müəllimlər olur. Artıq 4 ildir ki, bu məktəbdə işləyən Mehriban Arzumanova mövzularının «Google sketchUp» proqramı olduğunu deyir:

«Bu proqramın diskini təzə tapmışam. Uşaqlara deyirəm kim istəyir, verim aparsın, evdə də təkrarlasın. Deyirlər kompüterimiz yoxdur. Halbuki kompüter elə şeydir ki, gərək məşğul olasan. Rayon yerində dərs demək çətindir. Uşaqlar kompüterə elə baxırlar ki...».

Mövzudan asılı olaraq kompüterdən istifadə etdiklərini deyən M.Arzumanova burdakı başqa müəllimlərə mane olduqlarını deyir:

«Çətindir bu qədər uşağa bir kompüterdə dərs başa salmaq. 9-cu sinfimizdə uşaqlar çoxdur - 20 nəfərdirlər deyə, onları, ümumiyyətlə, bura gətirə bilmirəm».

Seyidlər məktəbinin 8-ci sinif şagirdi Elnur Tağıyev (şagirdlərin adları şərtidir) isə qonşu kənddəki uşaqlardan fərqli olaraq məktəbdəki kompüterdən xəbərsizdir. Müəllimləri deyirlər ki, məktəbə bir kompüter verilib, o da məktəbin pəncərələri şüşəli olduğundan oğurlanma təhlükəsi var deyə, direktorun otağında seyfdədir.

Xudatdakı 3 saylı məktəbə 24 kompüterin verildiyi bildirilsə də, onlardan ancaq 22-ni görə bildik. İnformatika otaqlarının birində 11, digərində 9 kompüter vardı. İki kompüter isə katibə və direktorun otağında idi. Digər iki kompüteri isə görə bilmədik. İkinci informatika otağında kompüterlərin üzəri örtülmüşdü, otaqda isə rus dili fənni keçirilirdi. Dərsdəki şagirdlər dedilər ki, bu kompüterlər istifadə olunmur.

SİSTEM HƏR YERDƏ EYNİ İŞLƏMİR

Xudatdakı 3 saylı məktəbə 24 kompüterin verildiyi bildirilsə də, onlardan ancaq 21-ini görə bildik.
Xudatdakı 3 saylı məktəbə 24 kompüterin verildiyi bildirilsə də, onlardan ancaq 21-ini görə bildik.
2012-ci ilin sonunda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı başa çatır. Proqramın əsas məqsədi İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) təhsildə tətbiqi və istifadəsi idi. Məktəblərində kompüterdən axırıncı dəfə nə vaxt istifadə olunduğunu artıq unutduğunu deyən Tərtərin Qaradağlı kənd məktəbinin 7-ci sinif şagirdi Seymur Vəliyev heç nə öyrənə bilmədiyini görüb çıxış yolunu kompüter kursuna getməkdə görür.

Cənubda-Lənkəranın Boladı kənd məktəbində oxuyan 11-ci sinif şagirdi Şükufə Səmədova də kompüter vərdişlərinə yiyələnmək üçün rayon mərkəzindəki ayrıca kursa gedir. Çünki kompüter otağına getmək onlara həftədə bir dəfə qismət olur.

Təhsil üzrə ekspert Rüfət Əliyev proqrama daha çox ilkin variant kimi baxır. Ekspertin fikrincə, məktəb rəhbərləri və müəllimlər bu proqrama hazır deyil:

«Onların biliyi sırf klaviatura səviyyəsindədir, ancaq hansısa arayışın çapını bilirlər, kompüterə ancaq mətnləri çap etmək vasitəsi kimi baxılır. Kompüterdən hansısa texnologiya kimi istifadə etməyə hələ yaxınlaşmamışıq, onun gücü bilinmir, maarifləndirmə aşağı səviyyədədir. Ola bilər ki, hazırda şagird-kompüter nisbəti 20:1 olsun, bəlkə də daha yaxşıdır, lakin ondan istifadə etmək imkanı çox aşağıdır. ​Kompüter təhsili məktəblərdə çox aşağı, primitivdir. Halbuki indiki uşaqlar tez qavrayır, istifadə edirlər. Kompüter maksimum gücü ilə istifadə edilməlidir».

​Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov bütün bunlardan xəbərdar olduqlarını deyir. O, rayon məktəblərinin Bakıdakından fərqləndiyini, aşkarlanan bu halların normal olduğunu deyir:

«Dünya praktikasında da belədir. İnformasiya -Kommunikasiya Texnologiyalarının təhsildə tətbiqi bu yolları keçib. Bu sistem hər yerdə biz istədiyimiz kimi işləmir».

4 İLDƏ MƏKTƏBLƏRİN BİR FAİZİ KOMPÜTERLƏRLƏ TƏMİN OLUNUB

2008-ci ildə qəbul olunmuş Dövlət Proqramında «2005-2007-ci illər Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı»
Bakıda 20 saylı məktəb-lisey
Bakıda 20 saylı məktəb-lisey
Dövlət Proqramının nəticəsi kimi yazılır ki, o vaxt respublikanın 4 min 562 ümumtəhsil məktəbinin 82 faizi kompüter avadanlığı ilə təmin olunub. Təhsil Nazirliyinin «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə» Dövlət Proqramının nəticəsi ilə bağlı verdiyi məlumatda isə göstərilir ki, 4 min 522 ümumtəhsil məktəbindən 3769-u kompüterlərlə təmin olunub. Bu o deməkdir ki, 2008-ci illə müqayisədə 2012-ci ildə kompüter avadanlığı ilə təmin edilmiş məktəblərin sayı bir faiz artıb. Qalan 553 məktəbə (16 faiz) isə 2012-2013-cü il tədris ilində kompüter veriləcəyi bildirilir.

GÖSTƏRİCİ: HƏR 27 ŞAGİRDƏ BİR KOMPÜTER

Dövlət proqramının nəticələrindən biri kimi qeyd olunurdu ki, ümumtəhsil məktəbləri üzrə hər 20 şağirdə 1 kompüter düşür. Bu nisbət hələ də Proqramın nailiyəti kimi göstərilir, lakin artıq bu göstəricini ancaq V-XI sinif şagirdinə aid edirlər.

Hazırda respublikanın ümumtəhsil məktəblərində bir milyon 332 min 276 şagird təhsil alır. Bu rəqəmi məktəblərə verilmiş kompüter sayına - 48 min 630 (stolüstü, noutbuk və netbuk daxil olmaqla) bölsək, nisbət hər 27 şagirdə bir kompüter edir.

Məktəblərə verilən kompüterlərin də mütləq biri direktorun otağında, biri katibənin otağında, kompüter az olan məktəblərdə isə təkcə direktorun otağındadır. Səbəb isə məktəbin dəftərxana işlərinin görülməsi göstərilir. Baxmayaraq ki, idarəçilikdə işlədilən bu kompüter də şagird sayına düşən kompüter kimi hesablanır.

KOMPÜTERLƏR USTA GÖZLƏYİR

Məktəblərə kompüterlərin verilməsinə 2005-2007-ci illər «Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı» zamanında başlanıb. Bu proqramın nəticəsi olaraq məktəblərə 31 min 700 kompüter verilib, onlarınsa 21 min ədədi KÜR şirkətinə məxsus kompüter olub. Nazirliyin məlumatına görə, hazırda məktəblərdəki kompüterlər əsasən KÜR, NEXUS və HP markalı kompüterlərdir. ​Hazırda məktəblərdə 1-ci Proqram zamanı verilmiş kompüterlərin yenilərlə əvəzlənməsi gedir. Rəsmi məlumata görə, 2005-ci ildə Bakı və Sumqayıt şəhərlərinə verilmiş KÜR markalı kompüterlərin 2 min 973 ədədi HP ilə əvəzlənib.
Xaçmazın Köhnə Xudat kənd məktəbi
Xaçmazın Köhnə Xudat kənd məktəbi

Region məktəblərində çoxluq təşkil edən KÜR kompüterlərinin yaddaşı 40 Gb-dan artıq deyil. Vaxtı ilə 3 il zəmanətlə alınan kompüterlərə texniki baxış olmadığından onların çoxu artıq işlək vəziyyətdə deyil.

Xaçmazın Köhnə Xudat kənd məktəbinin direktoru Valeh Əzizov deyir ki, onun otağında olan kompüter işləmir, gözləyir ki, Bakıdan briqada gəlib düzəldəcək.

Tərtərin Qaradağlı kənd məktəbinin şagirdi Seymur da məktəblərindəki kompüterlərin indi ancaq 3-4-ünün işlədiyini, qalanının açılmadığını deyir.

Təzəlikcə Lənkəranın Nərimanabad -2 kəndində informatikadan dərs deməyə başlayan Rafael Ağayev deyir ki, hər gün məktəbə öz noutbuku ilə gəlir. Çünki məktəbdəki kompüterlərin heç biri işləmir:

«Məktəbdə 4-5 kompüter var, heç biri işləmir. Onlar işləməyib deyə, informatika dərsi elə-belə keçirilib. Uşaqlar mənə deyir ki, indiyə qədər kompüterin sifətin görməmişdik».

Lənkəranın Liman qəsəbəsinin məktəbində işləyən Nicat Əliyev isə deyir ki, kompüterlərə əvvəllər KÜR-ün özündən gəlib baxırmışlar, indi isə baxılmır:

«Mən özüm ixtisasca informatika müəllimiyəm, mənim dərs keçdiyim otaqda 11 kompüterdən biri xarabdır, digər otaqda 7-8-i. Həftədə 5 gün dərs keçib 150-160 manat alıram, özümə də deyirlər, xarab olmuş kompüterləri düzəltdir».

Nicat Əliyev deyir ki, artıq bir neçə şirkətə iş üçün müraciət edib, maaş azdır deyə, müəllim işləmək ona sərf etmir.

İNFORMATİKANI RİYAZİYYATÇI VƏ FİZİKLƏR KEÇİR

Məktəblərdə informatikanı tədris edənlərin çoxu Nicat Əliyevdən fərqli olaraq, qeyri-ixtisas müəllimləridir. Təhsil Nazirliyinin məlumatına görə, hər il 300 müəllim yenidən hazırlanma kurslarından keçərək informatika və riyaziyyat müəllimi olur.

Balakən rayon Nizami adına 1 saylı orta məktəbin 10-cu sinif şagirdi Sevinc Telmanlı deyir ki, bu ildən məktəbləri də yenilənib, kompüterləri də, üstəlik müəllimləri də. Əvvəllər təkcə fizika dərsi deyən müəllim artıq onlara informatikanı da tədris edir.
İnformatikanı fizika müəlliminin keçməsinə Xaçmazın Köhnə Xudat, Fərzəlioba məktəblərində də rast gəlinir. Xaçmaz Söyüdlər kəndində riyaziyyat müəllimi işləyən Zeynəddin Batmanov deyir ki, bir həftəlik kompüter kursu keçərək informatika müəllimi olub.

«Nazirlik qərar verdi ki, bu ixtisasda olanlar informatika kursu keçsinlər. Bir illik kurs keçib olduq informatika müəllimi». Bu sözləri isə Xudat şəhər 3 saylı tam orta məktəbdə informatika dərsi keçən Rəna Zəkiyeva deyir. O, ixtisasca riyaziyyatçıdır.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov problemi kompüter savadı yüksək olanların şirkətlərdə yüksək maaşlı işə getməsində görür:

«Hazırda daha çox iş aparılır ki, universitetlərin müvafiq fakültələrində olanları cəlb edək. Bilirsiz ki, rayona gedən müəllimlərə güzəştlər edilir. Bu problem günün tələbindən asılı olaraq belədir, şirkətlərdə maaşın yüksək olmasına görə kompüter bilən şəxslərin ora axını çoxdur».

KOMPÜTER ANCAQ İNFORMATİKA DƏRSİ ÜÇÜNDÜR?

2008-ci ilin iyununda Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş təhsilin informasiyalaşdırılmasına dair Proqramda qarşıya qoyulan məqsədlərdən biri də bütün fənlər üzrə tədris planlarında və kurrikulumlarda İKT-dən istifadə olunması idi. ​Hazırda isə kompüter dedikdə, ancaq informatika dərsi başa düşülür. Digər dərslərin də elektron qaydada, elektron vəsaitlərlə keçirilməsinə həm vəsaitlərin yoxluğu, həm də texniki təminat mane olur.
Prezident İlham Əliyev Goranboyda, 21 yanvar 2012
Prezident İlham Əliyev Goranboyda, 21 yanvar 2012
İndiyə qədər ancaq tarix, fizika, biologiya və kimyaya aid disklər buraxılıb, elektron kitablar isə yoxdur.

​İlin müəllimi olmuş Rafael Ağayev deyir ki, fənlər üzrə olan disklərdən hər məktəbə bir ədəd komplekt verilib:

«Mən Boladı məktəbində fizika dərsi deyirəm. O vəsaitdən bizdə yox idi, mən Təhsil Şöbəsi ilə əlaqə saxlayıb bizim məktəbə də gətirtdim. İndi mənim noutbukumda var, dərsə girəndə qoyuram uşaqlar yığışıb baxır. Ancaq məsələ burasındadır ki, mən belə bir dərs keçmək üçün noutbukumu hər gün daşımalıyam özümlə. Müəllimlərə noutbuklar verilsə, yaxşı olar. Axı dövlətimizin imkanı çatır, yolları çəkib, məktəblər tikirlər kompüterləşdirirlər, bizə verə bilərlər kompüterlər».

1043 şagirdi olan Xudat şəhər 3 saylı məktəbin müəllimi Rəna Zəkiyeva deyir ki, stolüstü kompüterləri olsa da, noutbuk və proyektor olmadığından digər fənləri elektron keçə bilmirlər:

«Əslində hamımız kurrikulumla bağlı kurs keçmişik, amma proyektor yoxdur ki, dərsləri o cür keçək».

Xaçmazın Seyidlər kənd məktəbinin coğrafiya müəllimi Ramiz Əliyev bütün biliklərinin beynində qaldığına təəssüflənir:

«Kurrikulumdursa, biz gərək kompüterlə dərs deyək uşaqlara. Ancaq bir kompüter verilib onu da məktəbin şəraiti yoxdur deyə, direktor otağında seyfdə saxlayır. Bizim özümüzün də yoxdur ki, gətirib dərs keçək uşaqlara. Üstəlik, gərək evdə də kompüter olsun. Evdə olmadan da necə hazırlaşa bilərik?».

Təhsil Nazirliyinin məlumatına görə, məktəblərə 2 min 308 ədəd noutbuk, 2 min 809 ədəd proyektor verilib. Samir Məmmədov deyir ki, hər sinifdə noutbuk, proyektor olması «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında öz yerini alır:

Təhsil üzrə ekspert Əlövsət Osmanlı
Təhsil üzrə ekspert Əlövsət Osmanlı
«Rayon məktəblərimizin çoxunda noutbuk proyektor olmalıdır. Ola bilər hansısa kənd məktəbində şagirdlər azdır deyə, onlara noutbuk proyektor verilməyib. Demək olar ki, 70 faiz məktəblərin heç olmasa bir dənə noutbuk- proyektor dəsti var, o da mobildir, siniflərə aparıb istifadə edə bilərlər».

Təhsil üzrə ekspert Əlövsət Osmanlı kompüterləşmə başa çatdıqdan sonra informasiyalaşdırmaya, kurrikuluma keçmək lazım olduğunu deyir:

«Müasir təhsil deyəndə, onun içində kompüter proqramları vasitəsilə hazırlanmış dərslər də dayanır. Yazılı kitabda bir material verilir, amma o, vizual görünmür. Məsələn, deyir budaqda 5 sərçə vardı 3-ü də gəldi-bunu vizual görə bilərik. O proqramla yerləşdirilsə, hərəkət görünsəydi, bu, başqa olardı. Mən inanmıram ki, seçmə məktəbləri çıxmaqla digərləri əyani vasitələrlə iş apara bilsin».

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz İKT-nin bütün təhsilə inteqrasiya olunmasına mane olan səbəb kimi ilk olaraq Azərbaycan dilində elektron resursların azlığını qeyd edir. Deyir ki, xaricdə coğrafiya fənni ilə bağlı nəsə axtaranda, internetdə ekvator və sair yazan kimi 40-50 dərs vəsaiti çıxır. Amma Azərbaycanda ya bir-iki dənə çıxır, ya da heç çıxmır.

«İNTERNETİN SÜRƏTİ İŞLƏMƏYƏ İMKAN VERMİR»

Lənkəranın Boladı kənd məktəbinin şagirdi Şükufə Səmədovanın ən ciddi şikayəti internetlə bağlıdır. Deyir məktəbdə internet olsa da, işləməyə imkan yoxdur:

«İstəsək nəsə işləyək internetdə, qoymurlar. Sinif yoldaşlarımdan kim girsə, gizlin girir».

Məktəblərdəki kompüterlərin sayından asılı olmayaraq, verilən internetin sürəti 1 Mb/s-dir. Xudatdakı 3 saylı məktəbdə informatika tədris edən Rəna Zəkiyeva deyir ki, əslində sürət 1 Mb/s olmalıdır, elə yazılır. Ancaq güclə 512 Kb/s-ə çatır.

Xaçmazın Seyidlər kənd məktəbi
Xaçmazın Seyidlər kənd məktəbi
Xaçmazın kənd məktəblərində isə nəinki internet, hətta məktəblərin özlərinin telefon xətti də yoxdur. Köhnə Xudat məktəbinin informatika müəllimi Mehriban Arzumanova deyir ki, birdən internet lazım olsa, mobil operatorların data-kartı ilə girirlər.

Paytaxtdakı 46 saylı məktəbin 11-ci sinif şagirdi Lalə Babayeva isə deyir ki, məktəblərindəki 10 kompüterdən 3-ü işləmir. Amma onu kompüterlərin işləməməyi yox, internetin sürətinin aşağı olması narahat edir:

«İnternetin sürəti işləməyə imkan vermir. Məktəbdəki kompüterlərimiz Wi-Fi-la qoşulub internetə deyə, aşağı mərtəbələrdə hamı istifadə edir. Nəticədə biz informatika dərsi vaxtı - 45 dəqiqə lazım olan materialı yükləyə bilmirik».

Sabirabad rayon Təhsil Şöbəsinin sədri Elman Bünyadov deyir ki, rayonda 85 məktəbdən 75-də kompüter var, onlardan da ancaq 9-u internetə qoşulub:

«24 məktəbə internet çəkilib, qoşulmalıdır ona da. Yaxşı olardı ki, bütün məktəblərdə internet olsun».

Təhsil Nazirliyinin məlumatına görə, hazırda internetə çıxışı olan məktəblərin sayı 1300-dür. İlin sonuna kimi isə bu rəqəmin 1700-ə çatması planlaşdırılır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, əvvəlcə infrastruktur düzəldilməlidir ki, internet çəkilə bilsin:

«Statistikaya görə, 60 faiz məktəbdə keyfiyyətli internet şəbəkəsi yoxdur. Düşünürəm ki, əvvəlcə infrastruktur problemi həll olunmalıdır. Bizdə nəinki kəndin məktəbində, hətta həmin kəndin özündə problem var. Düşünürəm ki, təhsil üçün yeni proqram qəbul olunanda, bunları nəzərə almaq lazımdır ki, kənd məktəbi üçün yeni zolaqlar olsun».

MƏKTƏBLƏRİN ANCAQ 1 FAİZİ «ELEKTRON MƏKTƏB»DİR

2008-ci ildən həyata keçirilən «Elektron Məktəb» layihəsinə 39 ümumtəhsil məktəbi daxildir. Layihəyə daxil olan Bakı şəhəri 20 saylı məktəbdə dörd informatika otağı var. Məktəbə 134 ədəd stolüstü kompüter, 60 noutbuk, 80 proyektor, 6 «Mimio», 2 «Promethean» markalı elektron lövhələr verilib.

Riyaziyyatdan dərs deyən məktəb direktoru Sabir Məmişov dərslər üçün hazırladığı xüsusi təqdimatları göstərir:

«Hazır material yoxdur, müəllimlər əziyyət çəkir. Kitabların elektron versiyası olmalıdır, bu cür təqdimat olmalıdır, çünki müəllimlər çatdırmırlar. Bütün müəllimlər bunu etməlidir, bir il əziyyət çəkirsən, sonra işin azalır».

2 min 828 şagirdin təhsil aldığı məktəbdə 310 müəllimdən hamısı kompüter kursu keçib. Məktəbdə 6 informatika müəllimi var, onlardan 4-ü sırf ixtisasca informatika müəllimidir. Direktor deyir ki, əvvəl İKT-yə adaptasiya olmaq vaxt aparsa da, artıq hər şey yolundadır:

«Müəllimlər kompüter texnologiyasının metodikasını bilsələr də, istifadə etmək istəmirdilər. Lakin getdikcə önəmini başa düşdülər və başladılar istifadə etməyə».

Sabir Məmişov deyir ki, pilot məktəb olduqlarından yuxarı siniflərə informatika nəzəri və praktik hissədən ibarət olmaqla həftədə iki dəfə olur. İnternetin sürəti məktəbdə hələ ki 1 Mb/s-dir. Direktor deyir ki, internetin keyfiyyətini artırmaq üçün yeni naqillər və paylayıcı quraşdırılacaq.

Sabir Məmişov qeyd edir ki, 20 saylı məktəb-liseydə 4 ildir ki, jurnallar elektron formadadır.
20 saylı məktəb-liseydə 4 ildir ki, jurnallar elektron formadadır.
20 saylı məktəb-liseydə 4 ildir ki, jurnallar elektron formadadır.
Dərsdən sonra müəllimlər kompüter otaqlarında oturub qiymətləri jurnala köçürürlər. Artıq bu ildən kağız jurnal, ümumiyyətlə, istifadə olunmur. Ancaq hələ ki valideynlərin o jurnalları izləmək imkanı yoxdur.

ÖZƏL LİSEYDƏ ELEKTRON VƏSAİTLƏR

​«Çağ» Öyrətim İşlətmələri Şirkətinin Bakı Özəl Türk (ÖTL) Liseyində ingilis dili müəllimi işləyən Həsrət Şıxbabayev dərsə girən kimi elektron lövhədə ilk olaraq sinfin elektron jurnalını açır:

«Hər şagirdə qiymət dörd bölmə üzrə verilir. Birinci qısa imtahanlar - quizlərə, ikinci böyük imtahan, üçüncü şifahi qiymətləndirmə və dördüncü davamiyyətdir. Biz burda yazdıqca, valideyn də evdən girib uşağının qiymətlərini, qaiblərini, hansı dərsin keçirilib, hansının keçirilmədiyini öyrənə bilir. Biz həmin sistemə daxil olmaq üçün valideynə də şifrə vermişik».

Bu ildən elektron lövhələrdə dərs deməyə başlayan ÖTL-in müəllimlərinə, içərisində keçdikləri fənnin elektron versiyası olan flaş-kartlar verilib. Müəllim onu elektron lövhəyə daxil etdikdə, şagirdlərin qarşısında olan kitabların eynisi lövhədə də açılır.

Tarix müəllimi Elvin Yusifovun da Təhsil Nazirliyinin tarix kitabını hər dəfə özü ilə sinfə gətirməyə, yaxud da evdə xüsusi təqdimatlar hazırlayıb gətirməsinə ehtiyac yoxdur. Kitabın elektron versiyasında hər bir mövzu üzrə mətn, ona aid testlər və videolar var. Liseyin direktor müavini Asəf Daşdəmirov deyir ki, hazırda «Çağ» Öyrətimə daxil olan 12 liseydə 250 elektron lövhə var.
Bakı Özəl Türk Liseyində dəsr
Bakı Özəl Türk Liseyində dəsr
Türkiyədən dəvət olunmuş mütəxəssislər həm elektron lövhələr barədə bütün müəllimlərə təlim keçib, həm də 6 ay müddətində müəllimlərlə birlikdə dərslikləri elektron formaya salmaq üçün çalışıblar. Proyektorlarla təchiz olunan elektron lövhələrin qiyməti isə təxminən 2500-3000 manatdır.

Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı elektron kitabların olmadığını, ancaq dörd fənn üzrə disklərin olduğunu deyib. O bildirib ki, elektron kitabların tətbiqi məsələsi hələlik gündəmdə deyil.

Nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov isə elektron dərsliklərə keçidi mütləq sayır və növbəti dərs ili üçün bunu həll etməyə çalışacaqlarını deyir:

«Kitabların özünün elektrona çevrilməməyinə səbəb nəşriyyatlarla olan problemdir. Nəşriyyatlar razılığa gəlmirlər ki, o kitabları bizə versinlər, çünki elektron olanda onun qeyri-qanuni yayılması, çoxaldılması ola bilər. O məsələni çalışırıq növbəti il üçün həll edək, yeni proqrama elektron kitablara keçidlə başlayaq. Ümid edirəm, bu məsələ mütləq həllini tapacaq».

Nazirlikdən bildirilir ki, indiyə qədər ümumtəhsil məktəblərinə 300-dən çox elektron lövhə verilib.

20 saylı məktəbin direktoru Sabir Məmişov riyaziyyat dərsində təqdimat edir
20 saylı məktəbin direktoru Sabir Məmişov riyaziyyat dərsində təqdimat edir
​Lövhələr əsasən «Elektron məktəb» layihəsindəki məktəblərə verilib. Dövlət Proqramı çərçivəsində təhsil müəssisələri «Mimio», «Promethean» və «Smart» şirkətlərinin istehsalı olan elektron lövhələr alıblar.

Samir Məmmədov deyir ki, qiymət fərqli olur:

«Onların modifikasiyası var. Eləsi var müəllim planşeti ilə, ya da proyektoru ilə gəlir, o, daha baha olur. Eləsi var təkcə lövhə gəlir, ona görə qiymətlər təxminən min manatdan 2-3 minə qədər olur».

2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramının ümumi dəyəri 72 milyon manat olub. Bu proqrama 2008-ci ildə 8 milyon manat, qalan illərdə isə il başına 16 milyon manat ayrılıb.

​Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, İKT-nin təhsilə təsiri olmasa da, müəyyən irəliləyişlər var:

«Düşünürəm ki, 2004 ilə indini müqayisə edəndə, böyük işlər götürülüb. Əvvəllər 1500 şagirdə bir kompüter vardı, Bakıda 100-200 məktəbdə internet vardı. İndi statistik rəqəmlər nöqteyi-nəzərindən, ciddi dəyişiklik var. Adambaşına düşən kompüter, internet, İT üzrə təlim keçən müəllimlər. ​Amma desək ki, bütün problemlər həll olunub, tədris prosesi tam informasiyalaşıb, İKT tamamilə inteqrasiya olub, burda məsələ qalmaqdadır».
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu kompüterləşmə proqramının öz hədəflərinə çatmadığı qənaətindədir:

«Proqramın istər idarə edilməsi, istər tətbiqi yaxşı həyata keçirilmədi. Məktəblərdə təhsilin keyfiyyətinə heç bir təsir etmədi. Bir çox məktəblərdə verilmiş kompüterlər işləmir, funksiyaları dayandırılıb. Təhlükəsizliyi, proqram təminatı vaxtında olmayıb deyə, son nəticədə təhsildə yüksək keyfiyyət kimi öhdəliklər yerinə yetirilməyib. Hesab edirəm ki, məktəblərdə özünüidarəetmə və maliyyələşmə sahəsində islahat olmasa, bu problem həll olunmayacaq».

AZƏRBAYCAN TƏHSİLİ NƏ ƏLDƏ EDİB?

Ümumdünya İqtisadi Forumunun 2012-2013-cü ili əhatə edən hesabatında təhsilin keyfiyyətinə görə Azərbaycan 144 ölkə içərisində 109-cu, məktəblərin internetə çıxışına görə isə 79-cu yerdədir. Təhsilin inkişafı baxımından, Gürcüstanı 5 pillə qabaqlayan Azərbaycan Qazaxıstan və Ukraynadan, məktəblərin internetə çıxışı baxımından isə hər 3 ölkədən geridədir.

Qlobal Rəqabət Qabiliyyətliliyi hesabatı: 2012-2013
Azərbaycan Ukrayna Qazaxstan Gürcüstan

Təhsil sisteminin keyfiyyətinə görə

109 70 101 114

Məktəblərin internetə çıxışına görə

79 62 67 65

Ekspertlərin fikrincə, təhsilin keyfiyyəti həm beynəlxalq hesabatlar, həm də olimpiadalar və ali məktəblərə qəbulun nəticələri ilə ölçülür.

2011-2012-ci il dərs ilində Respublika olimpiadasında iştirak edənlərin sayı 1186 nəfər olub. Məktəblərdə kompüterləşmə özünü ən çox informatikanın tədrisində göstərsə də, informatika şagirdlərin ən az iştirak etdiyi fəndir. 2011-2012-ci tədris ilində 54 nəfərin iştirak etdiyi informatika olimpiadasında 5 nəfər birinci yer tutub. Təhsil naziri Misir Mərdanovun fənn olimpiadalarının nəticələri barədə imzaladığı əmrdə deyilir ki, olimpiadaların yekun turunda qaliblərin sayı baxımından Azərbaycan-Türkiyə özəl liseyləri üstünlük təşkil edib. Bu liseylərin 31 şagirdi I-IV yerlərə layiq görülüb. Nazir əmrində bildirib ki, məktəblərin kompüterlərlə təmin olunmasına baxmayaraq, informatika fənni üzrə olimpiadanın yekun turunda yalnız Gəncə, Şirvan, Naftalan şəhərlərindən, Abşeron, Xaçmaz, Neftçala, İmişli və Samux rayonlarından iştirakçı olub.

Bakı Özəl Türk Liseyi
Bakı Özəl Türk Liseyi
2005-2011-ci illərdə beynəlxalq olimpiadalarda azərbaycanlı məktəblilər 77 medal qazanıb. Medalların 99 faizi dövlət lisey və məktəblərinin deyil, «Çağ» Öyrətim liseylərinin payına düşür.

«Elektron məktəb» layihəsindəki 20 saylı məktəb-liseydən isə ötən il beynəlxalq olimpiadalarda iştirak edən olmayıb. Yalnız bir nəfər riyaziyyat üzrə Respublika olimpiadasında iştirak edib.

2010-2011-ci il ali məktəblərə qəbul imtahanında iştirak etmiş 109 min abituriyentin 60 faizi, ötən il isə 103 min 185 abituriyentin 38 faizi 0-200 bal toplayıb. Hər iki ildə yalnız 5 faiz abituriyent 500-700 bal toplaya bilib.

Xaçmazın Fərzəlioba kənd məktəbinin şagirdi Esmira Şahbazlı deyir ki, dərs ilinə təəssüf hissi ilə başlayıb. İmtahandan keçsə də, pulu çatmadığından liseyə gedə bilməyib. Orada oxumaq istəməyinə səbəb liseyi bitirənlərin 90 faizinin universitetə qəbul olmasıdır:

«Dərs keçirilməsi, müəllimlərin, şagirdlərin həvəsi orda daha yaxşıdır deyə, oranı istəyirdim».

«ENTER»-İ MÜƏLLİM VURUR

Bakı Özəl Türk Liseyinin direktor müavini Asəf Daşdəmirov düşünür ki, təhsilin keyfiyyətinin artırılmasında həm texniki təminatın, həm də davamiyyətə diqqətin rolu böyükdür:

«Ən əsas rolu isə müəllim oynayır. O, işinə həvəslə yanaşmasa, istəyir bu ağıllı lövhələr bütün siniflərdə olsun, yenə də uğur qazanmaq mümkün olmayacaq».

Müəllimlərin imtahandan keçirilərək işə alındığını deyən direktor müavini əmək haqqının da yüksək olduğunu bildirir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz
Rəsmi rəqəmlərə əsasən isə, Azərbaycanda 2010-cu ildə müəllimlərin aylıq orta maaşı 213 manat idi. Bu rəqəm 2011-də 10 faiz artaraq 234 manat 30 qəpik olub. Türkiyədə müəllimlərin maaşı 500-750, ABŞ-da 3 min, Almaniyada 2-3 min, Yaponiyada 2 min, Qazaxıstanda 543, Ukraynada 336 dollardır. Gürcüstanda isə 234 dollar olsa da, attestasiya və kompüter, ingilis dili imtahanlarından keçən müəllimlərə 600 dollar maaş verilir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz müəllimlərin stimullaşdırılmasını təhsilin uğur qazanması üçün əsas amil hesab edir. O düşünür ki, İKT-ni təhsilə tətbiq edən müəllim həvəsləndirilməli, əməyi qiymətləndirilməlidir:

«Bu prosesi işə salan müəllimdir, müəllim «Enter»i vurur. Müəllim vəsaitlər toplamalıdır, daha keyfiyyətli hazırlığı olmalı, sosial media alətlərini bilməsi vacibdir. Əsas bu yöndə təlimlərə ehtiyacları var. Düşünürəm ki, nazirliyin sərtləşdirici rolu olmalıdır, «Enter»i vura bilməyən, İKT-dən səmərəli istifadə edə bilməyən müəllimlərin attestasiya məsələsinə ciddi yanaşmaq lazımdır. Üstəlik də, əməyə də fərq qoyulmalıdır. Biri gecə yatmır, axtarır, material yığır, dərs keçir, amma digəri kitabı qoltuğuna vurub gedir məktəbə. Amma əməkhaqqı eynidir. Burda təlim nə edə bilər ki?».

Ümumiyyətlə, 2005-ci ildən bu yana ümumtəhsil məktəblərində 11 min 601 nəfər müəllim İKT-yə dair xüsusi hazırlıq kurslarından keçib. Bu da pedaqoji kadrların 69 faizini təşkil edir.

DİGƏR ÖLKƏLƏRDƏ TƏHSİLİN İNFORMASİYALAŞDIRILMASI

Məktəblərin kompüterləşməsinə qonşu Gürcüstan 2010-cu ildən başlayıb. Artıq 3 ildir ki, bütün birinci sinif şagirdlərinə dövlət netbuk paylayır. 2011-2012-ci dərs ilində birincilərə təqdim etmək üçün hökumət 50 min netbuk alıb. Bu netbukların ümumi dəyəri 19 milyon dollar (15 milyon manat) olub.
Gürcüstanda bütün birinci sinif şagirdlərinə dövlət netbuk paylayır
Gürcüstanda bütün birinci sinif şagirdlərinə dövlət netbuk paylayır

Türkiyədə isə kompüterləşmə ilk başlayanda əvvəlcə məktəblərin idarəçiliyinə kompüter verilib, daha sonrakı mərhələdə hər məktəbdə kompüter laboratoriyaları açılıb. Bunun ardınca hər sinifdə bir kompüter qoyulub. 2000-ci ildə başlanan bu proses 2010-da başa çatıb. Türkiyənin qəbul etdiyi yeni FATİH layihəsində məqsəd 2011-2014-cü illər ərzində 42 min məktəbin bütün siniflərində elektron lövhələrin qoyulması, dərsliklərin elektronlaşdırılması, hər bir məktəbliyə planşetlərin verilməsidir.

YENİ PROQRAM GƏLİR

Ekspertlər 2008-2012-ci illər Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar düşünür ki, məktəblərin çoxunun infrastrukturunun və təhsil şöbələrinin məktəbdə İKT-nin işlədilməsinə nəzarət etməməsi də Proqramın icrasına mane olan səbəblərdəndir.

Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov isə artıq məktəblərin kompüterləşdirilməsi, təhsilin informasiyalaşdırılması ilə bağlı yeni proqram hazırlandığını deyir:

«Yeni Proqramı Nazirlər Kabineti təsdiq etsə, proqram 2020-ci ilə kimi davam edəcək. Orda qarşıya qoyulan məqsəd odur ki, bir şagird-bir kompüter sisteminə keçirilsin, şagirdlərə netbuk, yaxud planşetlər verilsin. Elektron dərsliklərə keçid olsun. Müəllimlərin hazırlığına diqqət ediləcək. Hədəflərdən əsas biri odur ki, hər sinifdə noutbuk-proyektor və «ağıllı» lövhə olsun».

2008-2012-ci illər Təhsil Sisteminin İnformasiyalaşdırılmasına dair Dövlət Proqramı artıq bitir. Yeni proqram qəbul olunmasa da, 2013-cü ilin 1 milyard 530 milyon manatlıq təhsil xərclərindən 13.5 milyon manatın təhsilin informasiyalaşmasına ayrılması nəzərdə tutulur.
XS
SM
MD
LG