Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:19

Allahşükür Paşazadə vicdan azadlığının tam mənasını bilmir [Video]


Allahşükür Paşazadə: «Vicdan azadlığı»nın mənasını tam bilmir
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Allahşükür Paşazadə: «Vicdan azadlığı»nın mənasını tam bilmir

-

«VİCDAN AZADLIĞININ NƏ OLDUĞUNU AYIRD EDƏ BİLMİRƏM»

«Vicdan azadlığı, din azadlığı deyirlər. Mən 33 ildir şeyxülislamam, hələ vicdanın nə olduğunu bilmirəm. Vicdan azadlığı sözünün tam mənasını indiyə qədər mən özüm üçün ayırd edə bilmirəm». Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə noyabrın 14-də belə dedi. O, Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunda «Din və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər» mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edirdi. Allahşükür Paşazadə daha sonra dediklərinə belə aydınlıq gətirdi:

«Hər bir insanın özünün əqidəsi var, ona ad qoymaq da çətindir. Vicdanın özünün nə olduğunu bilmək hələ çox çətindir. Ona görə də bəzən çox heyfsilənirəm ki, xaricdə oturub fikir söyləyənlərin mövqeyi, xarici dövlət rəhbərlərinin bəzi qərarları digər xalqların, elə Azərbaycanın dəyərlərinə, qanunlarına uyğun gəlməyəndə bunu düzgün saymırlar. Dünyada hər şeyin sərhədi var, insan hüquqlarının, dini azadlığın, vicdan azadlığının da sərhədi var. Həmin həddi keçəndə insan hüquqları pozulur».

«RUSİYA DÖVLƏTİNİN RƏHBƏRLƏRİ MƏNDƏN XAHİŞ EDİRLƏR Kİ...»

Allahşükür Paşazadə beynəlxalq qurumların tənqidlərinə cavab olaraq dedi:

«Azərbaycanda rəhbərlik etdiyim dövrdə, xüsusən də müstəqillik illərində çoxlu dəyişiklik, irəliləyiş görürəm. Elə bilirəm ki, Azərbaycan bütün dünya üçün tolerant beşik ola bilər».

Onun fikrincə, Azərbaycanda din-dövlət münasibətləri çox yüksək səviyyədədir. «Bunu mən demirəm. Misal üçün, Rusiya dövlətinin rəhbərləri hətta məndən xahiş edirlər ki, onların tələbələrini və din adamlarını Azərbaycanda oxudaq. Deyirlər: «Sizdə oxuyan tələbələr bizim tələbələrə oxşamırlar. Onlar daha yaxşı, dövlətçiliyə uyğundur». Bu gün Bakı İslam Universitetində Bolqarıstandan, Türkiyədən, Gürcüstandan, başqa yerlərdən oxuyanlar var. Mən demək istəyirəm ki, bizim yol düzgün yoldur. Fəqət bu yolda bəzi maneələr, çətinliklər var».

«BU DÜŞÜNCƏYƏ GÖRƏ, NİZAMİ DƏ, NƏSİMİ DƏ, FÜZULİ DƏ, NOVRUZ DA YADDIR BİZƏ...»

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Elşad İskəndərov da çıxış etdi.

Elşad İsgəndərov
Elşad İsgəndərov
O, dedi ki, dini və etiqad azadlıqlarının təminatı beynəlxalq qurumlar tələb edir deyə vacib deyil, ölkənin inkişafı, modernləşməsi üçün mühümdür. O, etiqad azadlıqlarından danışarkən bildirdi:

«Elə dini cərəyanlar var ki, sürətlə inkişaf edilər və biz onların ideologiyasının dalınca getsək gərək Azərbaycan milli irsinin böyük hissəsindən imtina edək. Bu düşüncəyə görə, Nizami də, Nəsimi də, Füzuli də yaddır bizə, Novruz da yaddır bizə. Burda biz dəyərlərin və seçimlərin toqquşmasını görürük. Dövlətin qarşısında duran məqsəd tam şəkildə etiqad və din azadlığını təmin etməkdir? Yoxsa çox həssas və kövrək olan milli kimliyin formalaşmasıdır?...».

«BELƏ CƏRƏYANLAR DİNİ AZADLIQLA TƏMİN OLUNARSA, TOLERANTLIĞI QORUYA BİLƏCƏYİKMİ?»

Dini təriqət və icmalardan danışarkən Elşad İsgəndərov söylədi ki, bu gün ölkədə yeni dini təriqətlər öz hüquqlarını məhkəmədə belə qorumağa hazırdırlar. «Ədəbiyyatlarını təhlil etdikdə təhqir etmədikləri konfensiya yoxdur, beynəlxalq təşkilat yoxdur. Həm dini modeli, həm dünyəvi modeli şübhə altına qoyurlar. Belə cərəyanlar dini azadlıqla təmin olunarsa, biz tolerantlığı qoruya biləcəyikmi?...».

Komitə sədri insan azadlıqlarını böyük təhdid altında qoyan dini cərəyanların olduğunu da bildirib. «İnsanların malı, canı, psixologiyası üzərində hakimiyyət əldə edə biləcək qüvvə əlbəttə ki, vətəndaşların hüquqlarının müdafiəsinə duran dövlətdə gərək ən azı həssaslıqla qarşılansın. İcma üzvləri həm də hüquqi şəxslərdir. Burda din azadlığı ilə milli təhlükəsizlik məsələləri arasında balanslaşdırma olmalıdır».

ALTAY GÖYÜŞOV: «AZƏRBAYCANDA VAHİD DİN YARATMAQ NİYYƏTİ GÖRÜNÜR»

Altay Göyüşov
Altay Göyüşov
Bakı Dövlət Universitetinin müəllimi Altay Göyüşov deyir ki, ölkədə baş verənləri dinə müdaxilə adlandırmaq olar. Onun fikrincə, Azərbaycanda vahid din yaratmaq niyyəti görünür:

«Mənim gördüyüm odur ki, dostumuz Elşad İskəndərovun işə başlanmasından sonra ölkədə vicdan azadlıqları sahəsində ciddi problemlər yaşanır. Artıq bir sıra dini təşkilatlardan məhkəməyə müraciət edənlər var. Məsələn, baptistlər şikayət edirlər, bir sıra müsəlman cərəyanları problemlərlə üzləşirlər. Ölkədə demokratik quruluş olanda, vicdan azadlığı ilə dövlətin təhlükəsizliyi arasında problem yaranmır. Problem demokratik imkanlarla həll olunur. Ancaq və ancaq dini qruplaşma birbaşa cinayətə əl atarsa, qadağan olunmuş fəaliyyətlə məşğul olarsa inzibati vasitələrlə tədbir görülə bilər. Qalan məsələlərdə din və vicdan azadlığının təminatı sərhədsiz olmalıdır. Amma Azərbaycanda din və vicdan azadlığı məhdudlaşdırılır».

Altay Göyüşova görə, ölkədə ictimai, siyasi və iqtisadi həyatda alternativlər sıradan çıxarıldığı kimi dini sferada da eyni proses gedir:

«Vicdan azadlığının nə olduğunu, necə təmin olunduğunu bilmək üçün demokratik ölkədə yaşamalısan. Ya da məramın belə cəmiyyətin qurulması olmalıdır», deyə alim bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG