Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:59

Qazaxıstana gedib, bir daha geri qayıtmayıb


Rustavidə maşın bazarı
Rustavidə maşın bazarı
-

AzadlıqRadiosunun «Qaynar xətt»inə üz tutan Bakı sakini Mehman İbrahimov deyir ki, il yarımdan artıqdır 42 yaşlı qardaşı Talıb İbrahimov Qazaxıstana gedib və bir daha geri qayıtmayıb. Qazaxıstanın və Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət etsə də, qardaşının taleyi ilə maraqlanan yoxdur.

«Bizim Qazaxıstanda yaşayan Akilbekov Yelican və onun qardaşı Akilbekov Sərxanla köhnə tanışlığımız vardı. 2010-cu ildə onlar Bakıya gəlmişdilər. Qardaşım onlarla Gürcüstana getmiş, ordan maşın almış, sonra Bakıya qayıtmışdılar. Qardaşlar aldıqları maşını «paromla» Qazaxıstana göndərdilər, özləri də bir neçə gün bizim evdə qonaq qalandan sonra, çıxıb vətənlərinə getdilər. 2011-ci ilin yanvar ayında qardaşıma zəng vurdular ki, maşını yaxşı qiymətə satıblar, maşın alverində yaxşı qazanc var, qardaşıma məsləhət gördülər ki, Gürcüstandan Qazaxıstana maşın alıb-aparıb satsın. Elə həmi ay Yelcanla Sərxan yenə Bakıya gəldilər, qardaşıma qoşulub Gürcüstana getdilər, Rustavi şəhərindən hərə özünə bir maşın aldı, ordan Bakıya, yanvarın 31-də Bakıdan Qazaxıstana yola düşdülər».

FEVRALIN 18-DƏN SONRA ƏLAQƏ İTİB

Talıb İbrahimov
Talıb İbrahimov
Mehman İbrahimov deyir ki, 2011-ci ilin fevral ayının 18-dək qardaşı Talıbla aralarında tez-tez telefon əlaqəsi yaradırlarmış. Talıb maddi vəziyyətinin pis olduğunu, havalar şaxtalı keçdiyinə görə apardığı maşını sata bilmədiyini deyib. Ailə üzvləri ona maşını dəyər-dəyməzinə satıb, Bakıya qayıtmasını tapşırıblar. Fevralın 18-də Talıbın sonuncu telefon əlaqəsi xəstə anası ilə olub. Tezliklə Bakıya qayıdıb onu xəstəxanaya aparacağını deyib. Bu danışıqdan sonra Talıbla əlaqə itib.

Mehman İbrahimov: «Fevralın 19-da telefonuna nə qədər zəng etdimsə, bağlı oldu. Sərxana zəng vurdum, dedi, maşın bazarından gəlib, yəqin yorğundur, ona görə də telefonu söndürüb, yatıb. Fevralın 20-də isə Yelcan zəng vurub dedi ki, dünən axşam Talıb siqaret çəkmək üçün küçəyə çıxıb və evə qayıtmayıb».

Mehman İbrahimovun sözlərinə görə, qardaşının taleyi ilə bağlı Qazaxıstanın Almatı şəhərinə gedib. Oranın hüquq-mühafizə orqanlarına qardaşının itməsi faktı ilə əlaqədar ərizə yazıb. Qardaşının itməsində Yelcan və Sərxan qardaşlarından şübhələndiyini göstərib. Qardaşlardan izahat alınıb.

QARDAŞININ QAYTARILMASI ÜÇÜN PUL İSTƏYİBLƏR

Dediyinə görə, Yelcan və Sərxanın adamları qardaşının qaytarılması üçün ondan pul istəyib. Hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra isə qardaşını pul müqabilində qaytarmaqdan imtina ediblər.

Baş prokurorluqdan bildiriblər ki, Talıb İbrahimovun Qazaxıstana gedib, bir daha geri qayıtmaması ilə bağlı onun ailə üzvlərinin müraciəti əsasında Almatı şəhərinin Daxili İşlər Departamentinin İstintaq İdarəsinə sorğu göndərilib. Sorğuya gələn cavabda qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşı Talıb İbrahimovun yoxa çıxması ilə əlaqədar olaraq 2011-ci ilin aprel ayında Qazaxıstan Respublikasında Cinayət Məcəlləsinin adamöldürmə və adam oğurluğu maddələri ilə cinayət işi başlanıb. Ancaq hələlik istintaq orqanı Talıb İbrahimovun taleyinə işıq salacaq bir detal aşkar edə bilməyib. İstintaq hərəkətləri davam edir.
XS
SM
MD
LG