Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:31

«Evim də əlimdən getdi, uşağım da»


Arxiv foto
Arxiv foto
-

Bakı sakini Bahəddin Fərəcov deyir, 3 ildir ki, ailə üzvləri ilə onun-bunun qapısında gecələyir. 3 il əvvəl Zabrat qəsəbəsindəki evini dəyər-dəyməzinə satıb 18 yaşlı xəstə qızı Vüsalənin müalicəsinə xərcləyib. Ancaq Mərkəzi Klinik Xəstəxanada qızının beynində aparılan əməliyyat uğursuz alınıb və qızı vəfat edib. Deməsinə görə, 3 ildir klinikaya və qızını əməliyyat etmiş türkiyəli həkimə verdiyi pulları geri almağa çalışır. Hər dəfə klinikaya müraciət edəndə əməliyyatdan əvvəl onunla bağlanmış «razılıq müqaviləsi»ni göstərib deyirlər ki, müqaviləyə görə, klinikaya və əməliyyata görə ödənilmiş pullar geri qaytarılmır:
«10 min manat həkimə, 7152 manat Mərkəzi Klinik Xəstəxanaya ödəmişəm. Dedilər, uşaq təcili əməliyyat olunmalıdır. 4 saatın içərisində 70 min manatlıq evi 10 min manata «makler»ə satıb həkimin pulunu ödəmişəm, xəstəxananın pulunu isə kənddə camaat yığıb verdi mənə. Uşaq əməliyyatdan sağ çıxmamışdı. Ancaq məni aldadırdılar ki, əməliyyat uğurlu keçib və uşaq reanimasiyadadır. Müqavilə mənimlə xəstəxana arasında 4 günlük bağlanmışdı deyə, uşağın ölüsünü 4 gün tamam olana qədər bizə vermədilər. Çünki gərək bu halda xəstəxanaya ödədiklərimizi özümüzə qaytaraydılar. Uşağın ölüsünü süni nəfəs aparatına qoşub 4 gün saxladılar. Tələb etsəm də ölünü bizə vermədilər. 4 gündən sonra aparatdan ayırıb verdilər».
Mərkəzi Klinik xəstəxananın hüquq şöbəsinin müdiri Ramin Rzayev vətəndaşın ittihamları ilə razı deyil. Şöbə müdirinin deməsinə görə, Bahəddin Fərəcovun hüquq-mühafizə orqanlarına və digər aidiyyatı qurumlara etdiyi müraciətlərə klinika lazımı sənədlərlə cavab verib:
«Yazılan şikayətlər yönləndirilib bizim müəssisəyə, bizim müəssisə də ətraflı şəkildə həmin müraciətlərə cavab verib. Tibbi sənədlər də təqdim olunub. Araşdırma aparılıb və vətəndaşa da bu barədə cavab verilib. Bu iş prokurorluq orqanlarında da araşdırılıb. Və araşdırmalar nəticəsində bu iddiaların yersiz olduğu elə araşdırma aparan qurumlar tərəfindən bildirilib».
Qaldı ki, müqavilənin birtərəfli olmasına, şöbə müdiri bununla da razılaşmır. Deyir onların hazırladığı müqavilədə əslində daha çox məsuliyyət xəstəxananın üzərinə qoyulub:
«O vətəndaşın dediyinin tam əksinə olaraq Avropa xəstə hüquqları konvensiyasında nəzərdə tutulan bütün hüquqlar bizim müqavilənin mətnində öz əksini tapıb».
Ramin Rzayevin deməsinə görə, xəstə və ya onun yaxınlarının üzərinə qoyulan öhdəlik xəstəxananın daxili qaydalarına riayət etmək və ödəniş qaydalarını yerinə yetirməklə bağlıdır. Şöbə müdirinə görə, müqavilədə «həkimin səhvi istisna olmaqla» ifadəsi də əslində xəstəxananın məsuliyyətindən xəbər verir. Xəstənin əməliyyat stolunda ölməsi barədə deyilənləri isə hüquq şöbəsinin müdiri əsassız sayır.
Səbael rayon prokurorunun köməkçisi Rəsmiyyə Kazımova hazırda bu işlə bağlı əlavə araşdırma aparıldığını deyir. Prokuror köməkçisi AzadlıqRadiosuna deyib ki, yoxlamanın başa çatması ilə bağlı qərar qəbul edilmədiyindən nəticə barədə heç bir məlumat verə bilməyəcəklər.
XS
SM
MD
LG