Keçid linkləri

2024, 09 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 22:04

Kənan Hacı. Xeyir-dua (Hekayə)


-

Kənan Hacı


XEYİR-DUA

İçini gəmirən şübhə hələ ki, öz işindəydi. Ha illah edirdi, bu şübhə ondan əl çəkmirdi, əksinə, daha da aqressivləşirdi. Belə bir işin başına gələcəyini heç gözləmirdi. Bu yetimin başına gəlməyən iş qalmamışdı, indi də şəkk- şübhə içində girinc qalmışdı.

Toylarına bircə gün qalırdı. Nişanlısını da götürüb kəndə getməli, ata- anasının məzarlarını ziyarət edib onların da xeyir – duasını almalıydılar. Şəhərətrafı qəsəbələrə gedən avtobuslardan birinə mindilər. Oğlanın üzündən kallıq yağırdı, heç bir məna ifadə etməyən gözlərində təkcə çaşqınlıq sezilirdi, deyəsən vəziyyətdən necə çıxacağı barədə düşünürdü. Bayaqdan ondakı bu əhval dəyişkənliyini səssizcə müşahidə edən qız axır ki, dilləndi:

- Sənə nə olub? Birtəhərsən elə bil...

Oğlan özünü laqeyd göstərməyə çalışdı, yəni ki, nə olmalıdı? Əslində, ona heç nə olmamışdı, nə olmuşdusa, vaxtıykən olmuşdu, hər şey də qurtarıb getmişdi... Avqust ayı olmasına baxmayaraq, hava tutqun idi, soyuq külək əsirdi. Qız oğlana sığındı və incik ədayla dodaqlarını büzdü. Oğlan qızın burnunu yüngülcə sıxdı və yenidən öz xəyal aləminə qapıldı. Sütül bir qız avtobusa minib qarşıdakı skamyada əyləşdi və özünün də xəbəri olmadan oğlanın baxışlarını işğal etməyə başladı. Özündən iyrəndi, içi kaşa-malaş olmuşdu, bir yandan da bu qancıq çıxdı.

Qız sərt hərəkətlə qolunu dartdı, oğlan diksinib nişanlısına tərəf çevriləndə tezcənə özünü yığışdırmalı oldu. Qızın gözləri vəhşi pişiyin gözləri kimi hiddətlə parıldayırdı:

- Şorgöz! Hara baxırsan?

Oğlan heç nə olmayıbmış kimi “təəccüblə” qızı süzdü:

- Hara baxıram ki? Sən dəlisən e, vallah.

-Hm... Hələ mən yanındayam, yanında olmasam, lap ağzının suyu axar.

Qız qolunu oğlanın qolundan çəkib çıxardı və üzünü pəncərəyə tərəf çevirdi. Oğlan qolunu qızın boynuna doladı və yüngülcə özünə sıxdı. Qız müqavimət göstərməsə də gözlərini şüşədən ayırmadı, həmişə ona mane olan kin- küdurəti bu dəfə də oyandı və oğlanın yalvarışlarına baxmayaraq, kəndə çatıncaya qədər dinmədi.

Hə, dostum, bu fransız parfümünün törətdiyi fitnə- fəsad onsuz da gözü daim dağınıq olan cavan oğlanın hisslərini hiyləgərcəsinə qıdıqlamaqla böyründəki qızın, daha doğrusu, nişanlısının da kefinə soğan doğradı.

Onun şabalıdı rəngli gur saçları ensiz, oval çöhrəsini dövrələmişdi. Oğlan fikirləşdi ki, o, indiyədək tanıdığı qızlardan müqayisə edilməyəcək dərəcədə maraqlı, erudisiyalı, son dərəcə mədəni və əxlaqlı bir qızdır. O, əmin idi ki, qəlbindəki bütün naqislikləri bu qızın sevgisi yuyub aparacaq, beləliklə də həyatın qaranlıq təəssüratından xilas olacaq. Bəlkə də o, qızı dərindən -dərinə tanıya, anlaya bilmədiyi üçün çox sevirdi.

Hansısa kitab mağazasında “Qəlbin gigiyenası” adlı bir kitaba rast gəlmişdi, kitabın adı ona son dərəcə maraqlı gəldiyindən rəfdən götürüb ötəri vərəqləmişdi. Ancaq almağa pulu çatmamışdı. İndi fikirləşdi ki, gərək sonra gedib həmin kitabı alaydı, bəlkə indi o kitabdan nəsə karına gələrdi.

Onların ədəbi zövqü bir- birinə qətiyyən uyğun gəlmirdi: qız klassik ədəbiyyatı, dilçiliyi yaxşı bilsə də dünya ədəbiyyatından qəti anlayışı yox idi, müasir ədəbiyyatla heç maraqlanmırdı, amma oğlan Sofokldan tutmuş çağdaş dövrün ən dəbdə olan yazıçılarının əsərlərini oxumuşdu, məsələn, Murakamini, Pelevini, Sorokini, Paulo Koelonu... Oğlan qıza “Alatoran” jurnalını oxumağı məsləhət görəndə qız laqeydliklə əlini yelləyib “onlar küçə ədəbiyyatıdır,” deyirdi. Mübahisə düşürdü, oğlan qızın səhv düşündüyünü isbat etməyə çalışanda qız Əli Əkbərin “Götenin röyası” kitabı ilə onu tərksilah edirdi:

- Sən dediyin ədəbiyyat bax, budur, mənə isə belə ədəbiyyat lazım deyil, əzizim!

Bununla belə, oğlan inanırdı ki, qızın təsiri həyatı boyu ona aşılanan qabalığı yumşaldacaq. O da öz növbəsində qızın ədəbi zövqünu dəyişmək istəyirdi və hələ ki, cəhdləri uğursuzluqla nəticələnirdi. Oğlan isə yaşayırdı, sevirdi, işləyirdi, yorulmadan oxuyurdu, yazıb- pozurdu.

- Çatırıq...- oğlan mızıldandı.

Avtobus kəndə çatmışdı, anasının qəbri magistral yoldan xeyli kənarda salınmış təzə qəbiristanlıqda idi, avtobusdan düşüb bir müddət piyada getməliydilər. Oğlanın içində bir sıxıntı vardı və bu sıxıntı elə bil sinəsindən ayaqlarına sızırdı, ayaqlarını da candərdi sürüyürdü. Qız hələ də inadla susurdu...

Oğlan fikirləşirdi ki, axı mən niyə bu qədər fərsiz oldum, həyatını şam kimi oğlu üçün əridən anaya oğulluq borcunun heç olmasa mində birini qaytara bilmədim. Rəhmətlik sağlığında övlad toyu görmədi, madar balasından nigaran getdi. Belə oğulluq olar? Ananın məzarının daşları qaralıb, üstü hələ də götürülməyib, yan- yörədə yeganə qəbirdir ki, baş daşısı qoyulmayıb. Bu qaralmış daşlar üz qarası kimi oğulu hər dəfə dost- tanış, qohum- əqraba yanında xəcil edirdi.

Nişanlısı anasının məzarını bu vəziyyətdə görüb onun haqqında Allah bilir, nələr fikirləşəcək. Neçə gündən bəri ürəyində ağır daş kimi gəzdirdiyi həyəcan düşünmək qabiliyyətini də əlindən almışdı, heç nə fikirləşə bilmirdi, ağlına gələnlər dərhal beynində qarışırdı, bircə an əvvəl nə barədə düşündüyünü qəti xatırlaya bilmirdi. Xəcalət hissi alnına tər damcıları düzmüşdü, alnını yaylıqla burdan silirdi, ordan damcılar yenə öz yerini tuturdu.

Kəndin uzun, tozlu küçəsinə düşüb gedirdilər. Nəhayət oğlan sükutu pozdu:

- Nə fikirləşirsən?

Qızın üzünün ifadəsi yumşalmışdı, iri, ala gözlərinin sakit axarı oğlanı bir az ürəkləndirdi, nişanlısının çiynini qucaqladı, qızın başı oğlanın çiyninə doğru əyildi. Bu, barışıq işarəsiydi.

Qəbristanlığa sarı gedən cığıra buruldular.

- Sənə bir söz deyim?

Qız çönüb oğlana baxdı və onun üzündə indiyə qədər görmədiyi narahat ifadədən karıxdı. Fikirləşdi ki, buna nə olub, səhərdən özünü çox qəribə aparır. Axı onu tanıdığı vaxtdan bəri oğlanda heç vaxt belə halı müşahidə etməmişdi. Qadınlar kişilərdən qat-qat hissiyyatlı olurlar, qız sövq- təbii qadın hissi ilə bu qənaətə gəldi ki, oğlan ona hansısa mühüm bir məsələ barədə nəsə demək istəyir, amma tərəddüd edir.

Ayaq saxladılar. Qız mehribanlıqla oğlanın saçını qarışdırdı və gülümsədi:

- Sən o sözü bayaqdan mənə demək istəyirsən, amma nəyə görəsə deməkdə çətinlik çəkirsən.

Oğlan gördü ki, bıçaq sümüyə dirənib, daha nəyisə gizlətməyin mənası yoxdur.

-Bilirsən, - dedi,- o vaxt imkansızlıq oldu, anamın qəbrinin üstünü götürtdürə bilmədim, hər dəfə ziyarətinə gələndə xəcalət çəkirəm...

Anasının məzarı başında heç vaxt başı dik dayana bilməmişdi, həmişə də fikirləşirdi ki, öləndən sonra özünün də qəbri tezliklə it- bata düşəcək, bu dünyada bir daş parçası boyda da izi qalmayacaq. Belə fikirləşəndə yazıqlaşırdı, qəddi bükülürdü, dünyaya gəldiyi günü lənətləyirdi. Atası rəhmətlik həmişə əlini dizinə çırpıb vaysınırdı ki, bu gədə fərsizlikdə kimə çəkib, bilmirəm. Bizim nəsildə bunun kimisi yoxdur, bunun sortunu...

...Qız çöməlib qəbrin yan- yörəsini otlardan təmizləyirdi, oğlan nədənsə əlləri cibində kənarda dayanıb gözlərini qəbrə zilləmişdi, fikirləşirdi ki, görəsən anasının yanında ona yer qalacaq... Anası bütün ağır günahlarını bağışlamışdı, amma ona elə gəlirdi ki, anasının ruhu qarşısında irili- xırdalı günahlarının heç birini yuya bilməyəcək. O, anasının qəbr evini sahmana sala bilmirdisə, ona sadə bir başdaşısı düzəltdirə bilmirdisə, nə oğul idi?! Anası onun bu xeyir işinə uğur diləyəcəkdimi? Bilmirdi.

Şəhərə qayıdırdılar. Qız yenə oğlana sığındı, onu ovundurmaq istədi:

- Fikir eləmə, əlinə pul düşəndə mamanın qəbrini düzəltdirərsən. Niyə özünü üzürsən?..
Qayğılı-qayğılı gülümsədi. Yaxşı, dedi. Qız başını oğlanın çiyninə qoyub yuxulamağa çalışdı və tezliklə mışıldamağa başladı.

Oğlan gəlin maşınının sürücüsünə zəng vurub oğlan evinin və qız evinin dəqiq ünvanlarını dedi, vaxt- vədəni müəyyənləşdirdi. Toyun vaxtına beş- altı saat qalırdı. Bərbərxanadan çıxanda nişanlısına zəng vurdu. İstəyirdilər ki, bir- iki saatlıq bulvara subaylığın son gəzintisinə çıxsınlar.

Azneft meydanında görüşüb bulvara düşdülər. Qız sözlü adama oxşayırdı.

- İndi də deyəsən səndə söz var, - oğlan bunu deyib ustufca qızın yanağından öpdü.

- Həəə, nə bildin? - qız təəccübləndi.

Oğlan əlini yenicə təraş etdirdiyi üzünə çəkib lovğalandı:

- Gözlərindən görürəm ki, o söz sənin içində qaynayır. Heç olmasa, bu barədə fərasətliyəm.

Qız onu qucaqlayıb əzizlədi:

-Ay aalla, mənim fərasətli balamdı bu!... Dünən gecə yuxumda bilirsən kimi görmüşəm?

- Kimi? – oğlan maraqla soruşdu.

Qız nəzərlərini üfüqə dikib bir müddət susdu, sonra yüngülcə köks ötürüb: - rəhmətlik ananı, - söylədi. Oğlan qızın səsindəki xəfif titrəyişi tutdu.

- Doğrudan? – deyə soruşdu.

- Həə,- qızın gözlərinin altı kölgələndi elə bil,- görürəm ki, anan bizim təzə evimizə gəlib, sən də evdə yoxsan, mənə deyir ki, qızım, bəs məni tanımırsan? Mən onun anasıyam, sizin evlənməyinizdən gec xəbər tutmuşam... Gəldim sizi təbrik edim. Mən onu, oğlan olmağına baxmayaraq, naz- nemət içində böyütmüşəm, onun həyatda heç bir çətinliyi olmayıb... Məndən sonra bir müddət kimsəsiz qaldı, çox acılar çəkdi, bu həyatın amansızlığını gördü, hamısını bilirəm, hər şey mənə əyan olub. İndi daha o, tək deyil, onu sənə tapşırıram, qızım. Onu qoru, qoyma fikir çəksin, bütün acıları ona unutdur. Sağ ol, mənim balam, xoşbəxt olun!

Qız yuxusunu danışıb qurtarmışdı. Oğlan skamyaya çöküb uşaq kimi hönkür- hönkür ağlayırdı, qız heç cür onu ovuda bilmirdi...

18-19 may, 2009-cu il
XS
SM
MD
LG