Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Bəhram Bağırzadə bu dəfə laureat oldu


Bəhram Bağırzadə
Bəhram Bağırzadə
-
Tanımış şoumen Bəhram Bağırzadə daha bir uğura imza atıb. Bu dəfə foto sahəsində. O, Londonda keçirilən Beynəlxalq Fotomüsabiqənin laureatı olub. Bəhram Bağırzadə ilə atüstü söhbəti həm oxuya, həm də dinləyə bilərsiniz.

--Bəhram bəy xoş gördük! AzadlıqRadiosunun, özəlliklə «Can Bakı» proqramının təbriklərini qəbul edin.

--Çox sağ olun. Təbriklərə görə minnətdaram.

-- İlk öncə bilmək istərdim ki, bu müsabiqədən necə xəbər tutdunuz və kimlər qatılır bu müsabiqəyə?

-- Vallah, deyə bilmərəm bu müsabiqəyə kimlər qatılır... Sadəcə olaraq onu deyə bilərəm ki, müəllimim fotoqraf Şahin Hüseynov tərəfindən mənim işlərim London şəhərinə--müsabiqəyə göndərildi, internet vasitəsilə. Bir ay qabaq. Dünən məlumat aldıq ki, müsabiqəyə 2 min iş təqdim olunub və seçilən 60 foto arasında mənim üç fotom var. Demək, mən laureat olmuşam.

-- Hansı fotolarınız qəbul olunub?

-- Bu fotolar «Ekologiya», «Nəsil» və «Allaha təvəkkül» adlanır.

-- Bəhram bəy, Sizin foto həvəsiniz nə vaxtdan başlayıb?

-- Həvəsim uşaqlıqdan var idi. Sadəcə, fotoaparatım yox idi... 4 il qabaq dostum arxitektor İlqar İsbatov mənə fotoaparat hədiyyə etdi. O gündən—2008-ci ilin sentyabrın 4-dən başladım çəkməyə... Bu yaxınlarda, daha dəqiqi mayın 4-də də sərgim oldu. Müsabiqədə iştirak qərarını ondan sonra verdik. Birinci iştirak və qələbə!

-- Sizin nələr diqqətinizi çəkir, nələr Sizi çəkməyə vadar edir?

-- Şəhər...

-- Bakı?

-- Bəli, Bakı!... İnsanlar... Simalar... və sosial problemlərimiz...

-- Qalibin kimliyini nə vaxt biləcəyik?

-- Noyabrın 20-də qalibin kimliyi bilinəcək. 60 foto arasından 1-ci, 2-ci və 3-cü yerlərə namizədlər seçiləcək. İnşallah, noyabrın 20-də biləcəyik.

-- Laureatların və təbii ki, qaliblərin sərgisi təşkil olunacaq?

-- Mütləq! Londonun «Pall-Mall» qalereyasında təntənəli surətdə böyük bir sərgi keçiriləcək və bu işlər sərgilənəcək. Yəqin, sərgi yeni il qabağı olacaq. Sonra laureat olan 60 foto Avropanın paytaxt şəhərlərində göstəriləcək.

--Müsahibəyə görə sağ olun, Bəhram bəy. Daha böyük uğurlar diləyirik.

--Minnətdaram.

XS
SM
MD
LG