Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 12:32

«Milyarderlər İttifaqı»nın Abbas Abbasova etimadı...


Mətbuat icmalı
Mətbuat icmalı
-

«İLHAM ƏLİYEV ALTERNATİVSİZ LİDERDİR... »

«2003-cü ilin 15 oktyabr seçkilərindən ötən müddətdə cəmiyyətdə qəti olaraq belə bir rəy formalaşmışdır ki, prezident İlham Əliyev ölkəni tərəqqiyə aparan, sosial-iqtisadi inkişafını uğurla təmin edən alternativsiz liderdir». «Azərbaycan» qəzetində gedən bu fikirlər Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevə məxsusdur.

«Əminəm ki, növbəti prezident seçkilərində 5 mindən çox üzvü olan ASK Heydər Əliyev siyasi kursunun davamıma, zəfərinə və təntənəsinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcək».

MAAŞDAN ŞİKAYƏTLƏNƏN NAZİRLİK İŞÇİLƏRİ

«Diplomatik cəbhədə çalışanların maaşları artırılmalıdır. Xarici İşlər Nazirliyi aparatında çalışan səfirlikdə işləyəndən az maaş alır. Rusiyada isə belə fərq yoxdur. Gedən diplomatlar geri qayıdanda başqa sahəyə gedir, çünki XİN-də maaş azdır». «Bizim yol» qəzetinin yazdığına görə, bunu Milli Məclisin komitə iclasında gələn ilin büdcə layihəsinin müzakirəsi zamanı YAP-çı deputat Mübariz Qurbanlı deyib.

Deputat İqbal Ağazadə isə Mübariz Qurbanlının çıxışına cavab olaraq, «bəs deyirdiniz inkişaf var, bayaqdan bunun əksini danışırsınız» deyə bildirib.

ABBAS ABBASOV SADİQ BİR İNSANDIR...

«Yeni Müsavat» qəzeti Moskvada yaradılan «Milyarderlər İttifaqından» yazıb. Bu günlərdə Bakıya gələn «Milyarderlər ittifaqı»nın nümayəndəsi Mircəfər Fətiyev «Bakıda bəzi şəxslərlə görüşlərim oldu, amma konkretləşdirməyə ehtiyac yoxdur» deyib.

Mircəfər Fətiyev ittifaqa sədrliyi məsləhət görülən Abbas Abbasovun iki dəfə Bakıya gəldiyini, yenidən belə bir səfərin planlaşdırıldığını deyib. O, hər iki səfərdə Abbas Abbasovun prezidentlə görüşə bilmədiyi barədə məlumatlar eşitdiyini deyib.

«Elə Bakı ilə yaxşı əlaqələri olduğu üçün biz Abbas Abbasovu sədrliyə məsləhət bildik. Abbas Abbasov sadiq bir insandır. Prezident onu qəbul etsə, məncə bu layihəyə razılaşar».

SÖYÜN SADIQOV TƏZYİQLƏRƏ GÖZ YUMUR?

«Yeni Azərbaycan» qəzeti bu yaxınlarda Rusiyada yaradılan «Milyarderlər ittifaqı»nın nümayəndəsi Söyün Sadıqovla bağlı tənqidi yazı dərc edib.

Qəzet yazır ki, «Söyün Sadıqovu azərbaycanlıların taleyi belə ciddi şəkildə maraqlandırırsa, niyə öz doğulduğu ölkədə - Gürcüstanda son dövrlər azərbaycanlılara qarşı təzyiqlərə göz yumur, səsini çıxarmır?».

DAŞQIN TƏHLÜKƏSİ YARANA BİLƏR

«Exo» qəzeti yazır ki, yeni İran-Ermənistan su elektrik stansiyasının tikintisinin Azərbaycan üçün həm ekoloji, həm də siyasi fəsadları ola bilər.

«Stansiyanın tikintisi Azərbaycanda daşqın təhlükəsi yarada bilər».

Bu stansiyanın tikintisi ilə bağlı iki ölkə arasında razılaşma 2007-ci il aprelin 19-da imzalanıb.

OBAMANIN REGİON SİYASƏTİ

«Azadlıq» qəzeti Barack Obama-nın yenidən prezident seçilməsindən sonra ABŞ-ın regionda aparacağı siyasətə politoloq Vəfa Quluzadənin fikirlərini öyrənib. Politoloq deyib ki, «Obama bu dəfə Cənubi Qafqazda güclü siyasət aparmağa və Rusiyanı burdan çıxarmağa məcbur olacaq».
XS
SM
MD
LG