Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Niyazi Mehdi: «Fəlsəfə ilə məşğul olmağımda ermənilərin çox böyük rolu olub»


Niyazi Mehdi
Niyazi Mehdi
-

AzadlıqRadiosunun «10 sual»ını bu dəfə filosof Niyazi Mehdi cavablandırır.

- Niyazi bəy, siz özünüzü kim hesab edirsiniz?

Niyazi Mehdi

Niyazi Mehdi

Filosof Niyazi Mehdi 1951-ci il fevralın 26-da Bakı şəhərində doğulub. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini (indiki BDU), 1976-cı ildə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri doktoru, professordur.
- Yəqin ki, mən mənəviyyat, düşüncə adamı olmaq iddiasında olan, həmişə bu iddialarla bağlı başı daşdan-daşa dəyən və başı daşa dəysə də usanmayan, yenə də mənasızlıq səviyyəsində cəhd eləyən, prinsipcə özünü yarımçıq sayan, bəlkə də kiməsə uğurlu, amma özüm üçün uğursuz görünən bir adamam.

- Sizin mənasızlığınızın miqyası nə boydadır?

- Mənasızlığımın miqyası yəqin ki, çox böyük deyil. Əgər çox böyük olsaydı, ya bu mənasızlıq haqda fikirləşə bilməzdim, ya da intihar edərdim (gülür).

- İntiharın hansı formasını seçərdiniz əgər belə bir zərurət yaransaydı?

- Sizə maraqlı bir şey deyim. Məncə intiharın ən yaxşı yolu boğulmaqdır. Bir dəfə başıma gəlib. Kofe boğazımda qaldı, qapqara qaraldım, öldüm...Gördüm güllü-çiçəkli bir yerə gedirəm. Bəlkə də cənnət aldanışı idi... Ayıldım gördüm ki, xanımım və dostlarım ətrafımda dayanıb, qorxu içində mənə baxırlar. Demə, bir anlıq mən o yanda olmuşam, onlar da məni geri qaytarmaq üçün kötəkləyib ayıldıblar. Bax, onda gördüm ki, boğulmaq o qədər də qorxulu deyil.

- Öz insanınızı içinizdə nə dərəcədə qoruyub saxlaya bilmisiniz?

- 62 yaşımda məndə belə bir duyğu var ki, çox az dərəcədə qoruyub saxlamışam. Məsələn, vaxtı ilə mənim aşırı tənqid etdiyim mənfi cəhətlər var idi. Amma indi görürəm ki, onları mənfi saymaqda səhv eləmişəm. Bir misal deyim: atam sovet taksisinə oturub yalnız sayğacda yazılan pulu verəndə mən əsəbiləşirdim. Bu simiclik məni utandırırdı. Bəlkə də buna görədir ki, simicliyə qarşı məndə müqavimət formalaşıbdı. Amma indi görürəm ki, kafedə çaypulunu demirəm, amma taksidə pulu sayğaca görə vermək simiclik deyilmiş, əksinə düz hərəkət imiş. Görürəm, artıq mən də qayıtmışam atamın etdiklərinə. Sigmund Freud deyir ki, «atalarını tənqid edən bir çox oğullar, yaş keçdikdən sonra atalarını yamsılayırlar». Deyə bilmərəm ki, bütün planda atamı müsbət şəkildə özümə qaytarmışam. Amma anlayıram ki, atamın pulu yox idi, halbuki, o, kök adam idi və taksi ilə getməliydi. Ona görə belə edirmiş. Sevinirəm ki, artıq belə şeyləri başa düşürəm və dostlarım arasında da o dəqiqliyə əməl edən, yəni səxavət anlayışını yanlış başa düşməyənlər var. Yəni, pulu düz vermək, tərəziyə baxmaq, çəkidə əskik veriləndə irad tutmaq və sairə. Bunlar vacib məsələlərdi.

- Atanı başa düşmək üçün ata olmaq lazımdı sizcə?

- Atamı anlamağımda mənim ata olmağımın əhəmiyyəti olmayıb. İndiki zamanda mən biləni atalara heyran olan övladların sayı çox azdı. Uşaqlarımın mənə qiyamını görəndə sözsüz ki, atamı yada salıram. Eyni zamanda bilirəm ki, məni qəbul eləməyən uşaqlarım (bəlkə də nədəsə haqlı olaraq qəbul eləmirlər) özləri də ata olanda, onların da bu problemi olacaq. Təkrarlanan problemlər var.

- Neçə yaş bəsdi, sizcə?

- Deyirlər adam yaşlaşdıqca yaşamaq istəyir, düzü bunu mən başa düşmürəm. Məncə 70 yaşa çatsam, yəni 7-8 il sonraya, fikirləşəcəyəm ki, indi daha ölməyə heyfsilənməmək olar. Amma qorxuram ki, o axmaqlıq məndə də yaransın ki, 70 yaşda yenə də həyat həsrətində olum. Axı 70 yaşdan sonra nə etmək olar. Yazı-pozu məsələsində artıq indidən böhran var. Nə qədər yazmaq olar? Nə qədər düşünmək olar, nə qədər danışmaq olar? Hamısı dolma kimi bezdirir adamı. Yaşlı adamın böyük ilhamla yazması çətin məsələdir. Onlar olmayandan sonra qalır nəvələr məsələsi. Nəvələr də yəqin ki, balaca vaxtlarında şirindirlər. Bir azdan sonra onların da övladlar kimi problemləri çıxır. Hələ bilmirəm o vaxtadək mənim nəvələrim olacaq ya yox. Çünki indiki zamanda oğlanların evlənməsi problemdir. Ona görə də mənə belə gəlir ki, 70 yaş böyük şeydir.


- Maddi nələriniz var?

- Evim var, pis deyil. Onda xanımımın təzyiqinin və seçiminin böyük rolu olub. Bağım da, hətta mənim professor olmağım da xanımımın təzyiqinin nəticəsidir. Görünür məndə bir bohemlik-lazımlı şeyləri görməyə qəribə bir tənbəllik var. Düzdü həmişə müqavimət göstərmişəm, amma xanımımın təzyiqi olmasaydı, mən nə namizədlik dissertasiyamı, nə də doktorluq işimi yazacaqdım. Nə ev, nə bağ alacaqdım, nə də borca girəcəkdim... Bir sınıq-salxaq maşınım da var. Düzdü, çox adam üçün bunlar əlçatmazdır, amma fikirləşirəm ki, bu yaşımda bağ da, maşın da daha yaxşı ola bilərdi. Amma evim normaldır.

- Bütün hallarda filosof olacaqdınız ya yox?

- Mənə belə gəlir olacaqdım. Çünki mənim elmlə ciddi məşğul olmağım kompleksimdən irəli gəldi. Deyirlər Balzac da kompleksinə görə yazıçı olub. Elmlə universitetdə oxuyanda maraqlanmağa başladım. Amma bir az. Sonra bizi o vaxt «zbor» deyirdilər, 4 aylıq hərbiyə apardılar. Neftçalada Bankə qəsəbəsi var, ora. Bir gün orada ermənilər bir azərbaycanlı əsgərini döydülər. O, gəlib bizə şikayətləndi. Biz də axşam ermənilərin üstünə getdik. Dava düşdü. Onlar qorxub «kazarma»ya girdilər. Bizimkilər isə əl çəkmək istəmirdilər. Hətta mən dedim ki, daha gəlin qayıdaq, onsuzda qorxub qaçdılar. Amma bunlar davam edirdilər. Sonra bizi dağıtmaq üçün əsgərlər gəldilər. Həmin o qayıtmaq istəməyənlərin çoxu qorxub qaçdı, amma mən qorxsam da qaçmadım. Buna görə fəxr elədim və hətta şəstlə yeriyərək geri qayıtdım. Sonra həmin iğtişaşın təşkilatçısı kimi məni və bir dostumu hədəfə götürdülər. Bizim komandir istəyirdi ki, günahkar olduğumu sübut edib məni «qauptvaxta» salsın. Onda tənhalığımı, zəifliyimi görüb özümə söz verdim ki, mən güclü olmalıyam. Bax, o istək gətirib məni fəlsəfəyə çıxartdı. Bu mənada mənim fəlsəfə ilə məşğul olmağımda ermənilərin çox böyük rolu olub (gülür).

- Axırınız necə olacaq sizcə?

- Məncə..... çox güman ki, yaxşı olmayacaq... Artistlik eləmirəm, doğrudan deyirəm. Axı kimin axırı yaxşı olub ki? Həm ona, həm də başqa səbəblərə görə. Yəni, avtomobil qəzası olsa, bu bir axmaq vəziyyətdir, xəstəlik olsa, bu başqa və daha axmaq bir vəziyyətdir. Uğurun, şöhrətin böyük miqyası gözlənilmir, amma dostlarım arasında itkilər gözlənilir. Hərdən ürəyim ağrıyır dostlarımla bağlı, amma cürət edib deyə də bilmirəm ki, Allah məni öldürsün, onları yox. «Ölüm onlardan iraq olsun» deyə bilirəm. Hərdən fikirləşirəm ki, mən sağ qalsam ətrafımda olan yaxın dostlarımın və tanışlarımın - bütün bunların hamısının nə vaxtsa bir bəd xəbəri olacaq. Bu məni bir az kədərləndirir. O mənada axır məsələsi bir az müşküldür.
- Sizə hansı oyuncağı alsınlar?

- Bizim balaca bir qohumumuz var. Qız uşağıdır. Bütün günü oyuncaq mobil telefonu ilə böyükləri yamsılayır, həvəslə danışırdı. Bu yaxınlarda ona həqiqi mobil telefon alıb verdilər. Nömrəsi ilə birlikdə. Xanımıma deyirəm ki, siz telefonu almaqla o qızın fantaziyasını öldürdünüz...

Özümə gəlincə, uşaq vaxtı Ağdamda oturub qumun üstündə daşı maşın kimi sürməkdən böyük zövq alırdım. Bu mənə fantastik ləzzət verirdi. Ondan aldığım ləzzəti indiyədək heç bir oyuncaqdan almamışam. Heç o daş, maşına da oxşamırdı. Bu mənada oyuncağın özünü almaq yox, onun imitasiyasını mənə versələr daha xoş olardı...


XS
SM
MD
LG