Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:43

Elektron kitabxanalar necə işləyir?


Milli Kitabxana
Milli Kitabxana
-
Ülkər Məmmədova Təfəkkür Universitetinin III kursunda oxuyur. Dərsi səhər saat 9-un yarısında başlayır. Təxminən 2-də başa çatır. Ülkər deyir ki, ayaqüstü yemək yeyib kitabxanaya tələsir. Elə gün olur ki, axşamacan vaxtını elə burada keçirir:

«Günümün çox hissəsi burada keçir. Kitabları evə vermirlər deyə, məcburuq bəzi zəruri qeydləri yazıb götürək. Bəzən gec saatlara qədər burada oturmalı oluruq. Fərqi yoxdur, qışın soyuğunda, ya da yayda. Məcburuq, dərslərimizi burada hazırlamaqdan başqa yolumuz yoxdu. Elektron vəsaitlərdən istifadə etmək istəsək də, alınmadı. Çünki bir çox kitablar açılmır».

Kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramının əsas məqsədlərindən biri də elektron kitabxananın yaradılması idi. Proqrama əsasən, bir kitabxananın fondunda olan bütün kitabların elektron versiyası internet şəbəkəsində yerləşdirilməli, oxucular bu kitabları problemsiz oxumalıdırlar. Cəmi bir ildən sonra bu proqram başa çatır. Bəs, ötən 4 ildə kitabxanalar elektronlaşa bilibmi? Üz tuturuq daha sürətlə elektronlaşdığı bildirilən Milli Kitabxanaya.

«YALNIZ KİTABXANA DAXİLİNDƏ OXUMAQ OLAR»

Burada Musiqi Akademiyasının tələbəsi Fəridə Babayeva ilə rastlaşırıq. Deyir ki, elektron kitabxanadan istifadə edə bilmək üçün valideynlərindən kompüter almağı xahiş edib. Amma yenə də ona lazım olan kitabları oxuya bilməyib:

«Burada vaxt itirməmək üçün elektron kitabxanadan istifadə etmək istədim. Amma evdə açılmır. Yazılır ki, bu kitabın müəllif hüquqları qorunur. Kitabı yalnız kitabxana daxilində oxuya bilərsiz. Ona görə də, elektron kitabxanadan istifadə edə bilmirik».

Kərim Tahirov
Kərim Tahirov
«PROBLEM YOXDUR»

Milli Kitabxananın direktoru Kərim Tahirov oxucuların iradları ilə razılaşmır. Əksinə, elektron kitabxanadan istifadənin incəliklərini izah edir:

«Elektron kitabxana bütün oxucular üçün, günün istənilən vaxtı - gecə də, gündüz də açıqdır. İnternetin əsas məqsədi məkan və zaman problemini aradan qaldırmaqdır. Yəni, istər Lerikin hər hansı ucqar kəndindən, istərsə də Amerikanın hansısa ştatından bizim sayta daxil olub elektron kitabxanadan istifadə edə bilərsiz. Elektron resurslardan heç bir problemsiz istifadə etmək mümkündür».

Milli Kitabxananın saytına daxil olub elektron kitabxana bölümünə çıxaq. Tutaq ki, bizə Üzeyir Hacıbəylinin «Arşın mal alan» əsəri lazımdır. Bunun üçün filologiya elmlərini seçib, Üzeyir Hacıbəylinin adının üzərinə gəlib, istədiyimiz əsəri kitabxanaya getmədən də evinizdən də oxuya bilərsiz.

Amma başqa bir sahəyə aid kitab axtaraq. Tutalım, «Türk işçi-kəndli teatrosunun afişası» kitabının linkini açdıqda, «Bu resursdan yalnız kitabxananın şəbəkəsi üzrə oxu zalında oxumaq olar» xəbərdarlığını görürük...
Gülnaz İsgəndərova
Gülnaz İsgəndərova

MÜƏLLİFDƏN İCAZƏ VƏ SAİR PROBLEMLƏR

Təkcə Bakıda yox, respublikanın müxtəlif regionlarında da kitabxanaların elektronlaşdırıldığı bildirilir.

Gəncə şəhər Mərkəzi Kitabxanasında şöbə müdiri Gülnaz İsgəndərova kitabların elektron versiyasının hazırlanmasında qarşıya çıxan problemlərdən danışır:

«Bütün kitabxana fondunun elektron versiyasının hazırlanması elə bir problemdir ki, bunu tam şəkildə reallaşdırmaq mümkün deyil. Hər hansı bir kitabın elektron versiyasını internetdə yerləşdirmək üçün həmin kitabın müəllifindən icazə almaq lazımdır. Biz də kitabın elektron mətnini internetdə yerləşdirə bilmədiyimiz üçün onun mətnini yalnız öz daxili şəbəkəmizdə istifadə etməyə məcburuq. Biz də az nüsxədə olan kitabların elektron variantını hazırlamışıq ki, heç olmasa, oxucu gəlsə, bir kitabdan eyni anda bir neçə nəfər yararlana bilsin».

«AZƏRBAYCAN ELEKTRON KİTABXANA ADI ALTINDA...»

Elxan Rzayev
Elxan Rzayev
Elektron kitabxanalar haqda araşdırma aparan Kitab Klubunun direktoru Elxan Rzayev hesab edir ki, Azərbaycanda elektron kitabxanaya keçməmişdən öncə xarici təcrübədən yararlanmalı idi. Onun fikrincə, Azərbaycandakı elektron kitabxanaların yalnız adı elektrondur:

«Dünyanın aparıcı ali məktəblərində universitetin öz müəllimləri tərəfindən yazılan kitabların elektron versiyaları universitetin öz saytında yerləşdirilir. Bu universitetdə təhsil alan tələbələr həmin dərsliklərdən ödənişsiz istifadə edə bilirlər. Bundan başqa, universitetlər bir-birləri ilə müqavilə bağlayıb həmin vəsaitlərin mübadiləsini də apara bilirlər. Amma Azərbaycanda elektron kitabxana adı altında fəaliyyət göstərən bir neçə internet saytı var. Orada da əsasən kitabların elektron kataloqları yerləşdirilib ki, bu kitabxanada hansı kitablar var. Bir də bir-iki kitabın elektron variantı. Bu kitablarda əsasən klassik ədəbiyyatlar olur. Çünki bunların müəllif hüququnu almaq lazım deyil».

Azərbaycanda əvvəl elektron kitabxana yaradılır, sonradan müəllif hüququ problemi ortaya çıxır. Elxan Rzayev deyir ki, bu cür problemlərin olmaması üçün elektron kitabxana yaratmamışdan öncə kitabın müəllifləri ilə müqavilə bağlanıb, razılıq əldə edilməli idi.
XS
SM
MD
LG