Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:57

2013-cü ilin büdcə layihəsi parlamentə tövsiyə edildi


Milli Məclis
Milli Məclis
-
«Büdcə vəsaitlərinin 50 faizə yaxını investisiya layihələrinə ayrılır, amma həmin vəsaitlərin necə xərclənməsinə nəzarətlə bağlı hər hansı bir mexanizm yoxdur. Ona görə Dövlət Maliyyə Nəzarəti haqqında qanun qəbul edilməlidir».

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov noyabrın 6-da parlamentin 5 komitəsi 2013-cü ilin büdcə layihəsini müzakirə edərkən belə deyib.

«Biz əsaslı tikintiyə, investisiya layihələrinə 10 milyard manatadək vəsait ayırırıqsa (bu təxminən 10 il bundan əvvəlki büdcədən 10 dəfə artıqdır), niyə buna bir nəzarət mexanizmi axtarıb tapmırıq? Bu nəzarət mexanizmi hələlik Azərbaycan hökumətində yoxdur, biz onu görmürük. Bunun üzərində işləmək lazımdır və mən Maliyyə naziri Samir Şərifovdan xahiş edirəm ki, ümumiyyətlə «Dövlət maliyyə nəzarəti haqqında»qanun layihəsi barədə bizə məlumat versin».

İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, əslində belə bir qanunun qəbulu üçün Prezident İlham Əliyev müvafiq sərəncam da imzalayıb.

NAZİR YENİ QANUNUN QƏBULUNA ETİRAZ ETMİR

Maliyyə naziri Samir Şərifov isə investisiya layihələrinə ayrılan vəsaitlərin xərclənməsinə nəzarətlə bağlı problemin olmadığını deyir. Onun fikrincə, nazirlik yanında fəaliyyət göstərən müvafiq qurum – Dövlət Maliyyə Nəzarəti Agentliyi və Hesablama Palatası bu məsələnin öhdəsindən layiqincə gəlirlər:

«Biz Heydər Əsədovla xüsusi bir protokol imzalamışıq. Həmin protokolla faktiki olaraq hər il üçün hər iki qurum tərəfindən tərtib edilən iş planı aramızda əlaqələndirilir. Yəni, biz yoxlamalarda təkrarçılığa yol vermirik. Amma bizim bu məsələdə də hər hansı bir tərəddüdümüz yoxdur. Belə bir qanuna həqiqətən də ehtiyac varsa, burada mən elə bir problem görmürəm».

Layihəyə əsasən, 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 milyard 154 milyon manat, xərcləri isə 19 milyard 810 milyon manatdır. Sənəddə dövlət investisiya xərcləri üçün 7 milyard manat ayrılıb. Bundan əlavə, xarici kreditlər üzrə də investisiya layihələrinə 1.3 milyard manat ayrılıb.
Yol tikintisi
Yol tikintisi
Üst-üstə investisiya layihələrinə 2013-cü ildə 8.3 milyard manat və yaxud 10 milyard dollardan çox vəsait xərclənəcək.

PREZİDENT TAPŞIRDI, YADDAN ÇIXDI

Milli Məclisin 5 komitəsi artıq büdcə layihəsini parlamentin plenar iclasına tövsiyə edib. Noyabrın 7-də parlamentin yerdə qalan 6 komitəsi bu barədə öz sözünü deyəcək. Nəzərə alsaq ki, ötən illərdə bu komitələr heç vaxt layihəni geri qaytarmayıb, deməli, artıq tezliklə sənəd plenar iclasa çıxacaq.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev isə deyir ki, hələ 2004-cü ilin yayında Prezident İlham Əliyev inflyasiyanın qarşısının alınması tədbirləri ilə bağlı fərman vermişdi. Orda da göstərilmişdi ki, ölkədə «Dövlət maliyyə nəzarəti haqqında» qanun qəbul edilsin. Ondan sonra belə bir qanun layihəsi hazırlanıb və hətta işçi müzakirələrinə də çıxarılıb. Amma sonradan nədənsə bu məsələ gündəmdən çıxarıldı və layihənin növbəti müzakirələri keçirilmədi.

QANUNLARIN QƏBULUNA MANE OLANLAR KİMDİR?

Azər Mehdiyev hesab edir ki, Azərbaycanda belə bir qanunun qəbuluna həqiqətən də ehtiyac var. Ancaq onun qəbul olunmasını istəməyən qüvvələr də var ki, bu işin qarşısını alırlar:

«Burada çox ciddi maraqlar var. Bu, sıradan çıxardılan yeganə qanun layihəsi deyil. Məsələn, 2006-cı ildə «Rəqabət Məcəlləsi» Milli Məclisin müzakirəsinə çıxarılıb. Amma hələ indiyədək o məcəllə qəbul olunmayıb. Bu, faktiki onu göstərir ki, yuxarı dairələrdə-Prezident Administrasiyası, Milli Məclisin rəhbərliyi, ümumiyyətlə, bu məsələyə məsul şəxslər arasında bu cür qanunların qəbuluna çox ciddi şəkildə mane olanlar var. Təbii ki. Azərbaycanda qanunların işləməməsi bir faktdır.
Azər Mehdiyev
Azər Mehdiyev
Amma hətta işləməsə belə, hansısa qanunda ciddi prosedurların olması onları narahat edir. Bir var indiki qanun boşluğu halında büdcə vəsaitlərini mənimsəsinlər, bir də var, hamının gözü qarşısında mövcud olan prosedurlara əməl etməsinlər».

EYNİ YOLU HƏR İL ÇƏKİRLƏR

Azər Mehdiyev deyir ki, bu qanun kağız üzərində qalmamaq şərti ilə qəbul olunmalıdır. Onun fikrincə, Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Agentliyi və Hesablama Palatası investisiya vəsaitlərinin xərclənməsinə nəzarəti həyata keçirərkən, diqqəti daha çox vəsaitin təyinatı üzrə istifadəsinə yönəldirlər. Amma bu layihələrin cəmiyyət, eləcə də iqtisadiyyat üçün əhəmiyyəti, onların ayrıldığı istiqamətlər, texniki əsaslandırılmaları faktiki olaraq nəzarətdən kənarda qalır. Bu baxımdan da, şişirdilmiş layihələr, eyni işin bir neçə ildən sonra təkrar həyata keçirilməsi halları ortadadır:

«Məsələn, Bakı şəhərinin daxilində yol tikintisini götürək. Yaxud da böyük magistral yolları. Yol tikilir, istifadəyə verilir. Üstündən 6 ay, 1 il keçməmiş həmin yolda təzədən yenidənqurma işlərinə, yenidən yol çəkilişinə başlanılır. Bütün bunların bir cavabdehliyi, bu işlərin necə qurulmasının prosedurları olmalıdır. Bu baxımdan da, hazırda mövcud olan investisiya layihələrinə ayrılan vəsaitlərə nəzarət mexanizmi qənaətbəxş sayıla bilməz».

Hesablama Palatasının sədri Heydər Əsədov 2013-cü ilin Dövlət Büdcəsi layihəsinin müzakirəsində iştirak edib və onu yüksək qiymətləndirərək müsbət rəy verib.
XS
SM
MD
LG