Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:43

Partlayan bombalar Dəməşqi yuxusundan oyandırdı


Azad Suriya Ordusunun üzvü
Azad Suriya Ordusunun üzvü
-
«New York Times» qəzetinin əməkdaşı Suriyada baş verən hadisələrlə bağlı yazıb. Məqaləni ixtisarla təqdim edirik:

Rifa təlaş içindəydi. Həyat yoldaşı zəng etmişdi. Dəməşqin kənarındakı iş yerindən evə qayıdanda qardaşı ilə birlikdə yolda qaldıqlarını xəbər vermişdi. Rifaya demişdi ki, şəhərin şimal hissəsindəki məntəqələrdə qarşıdurmalar olub, tıxac yaranıb.

Bu günlərdə Dəməşqdə hava qaralandan sonra küçədə qalmaq, o da ola tıxacda ilişib qalmaq heç yaxşı əlamət deyil. Bir az sonra Rifanın əri yenə ona zəng etdi. Dedi ki, iş yerinə qayıdıb, gecəni orada keçirəcək.

DƏMƏŞQ HARA GEDİR?

Müharibə Dəməşqə də çatıb. Düzdür, Hələbdə, ya da Homsda olduğu kimi şiddətli deyil. Ancaq vəziyyət bir neçə ay əvvəlkindən çox fərqlidir. Yollarda hər kilometrdə qum torbaları var. Bunlar nəzarət nöqtələrinə işarədir. Əsgərlər maşınları ələk-vələk edir. Rifa öz-özünə “Bu gedişlə Dəməşq hara gedir? Görəsən bura da Hələb kimi olacaq” sualı verir.

Dəməşq Suriyanın paytaxtı, Bashar Assadin qalası sayılır. Əsgərlər bütün ölkədə üsyançılarla müharibə apardığı bir vaxtda Assad ən azından Dəməşqdə normal vəziyyəti qorumağa çalışırdı. Ancaq artıq normal vəziyyətdən danışmaq olmur.

Bir vaxtlar Dəməşq gecə əyləncələri ilə məşhur idi. İndi isə adam oğurluqları baş alıb getdiyindən çox az adam gecə küçəyə çıxa bilir. Benzin tapmaq get-gedə çətinləşir, qış yaxınlaşdıqca ərzaq və yanacaqla bağlı narahatlıqlar artır. Silah səsi o qədər adiləşib ki, artıq uşaqlar belə reaksiya vermir.

VƏZİYYƏT HƏR KƏSİ NARAHAT ETMƏYƏ BAŞLAYIB

Bir neçə ay əvvələ qədər isə Dəməşq üsyandan uzaq yaşayırdı. Müxtəlif tədbirlər keçirilir, moda çəkilişləri aparılırdı. Opera Teatrında İtaliyadan olan tenorlar çıxış edirdi. Səfirlər axşamlar yeməklərinə dəvət olunurdu. Yayın sonlarından isə vəziyyət dəyişməyə başladı. Nəzarət nöqtələri artdı. Bir qadın deyir ki, “insanlar ölümdən daha tez-tez danışır”. Hücumlar, partlayışlar indi daha tez-tez olur. Yollar təhlükəli olduğu üçün bəzi ailələr uşaqlarını məktəbə göndərmir.

Dəməşq
Dəməşq
Dəməşqin siyasi və etnik baxımdan qarışıq məntəqələrindən biri də Mezzedir. Bir neçə həftə əvvəl burda bir biznesmenin qızı qaçırılıb. 385 min dollar qarşılığında buraxılıb. İndi Mezzedə hamı o qızdan danışır. Onların danışdıqlarına görə, qız cinsi təcavüzə və işgəncəyə məruz qalıb. Ümumi fikir budur ki, qızı qaçıranlar ya Azad Suriya Ordusunun üzvləri, ya radikal qruplardan biri, ya da hökumətin onların hamısı haqqında dedikləri kimi “xarici terrorçular” olub.

Erməni əsilli xristian kişi deyir ki, əvvəllər bütün qonşular bir yerdə yaşayırdı: “Müsəlman, ya xristian fərq etməzdi, biri öləndə hamı onun yasına gedirdi. Bir-birimizə fərq qoymazdıq”.

ASSAD REJİMİNİ KİM ƏVƏZ EDƏCƏK?

İndi Latakia kimi Bashar Assadin tərəfdarları olan ərazilərdə belə Assad rejiminin korrupsiyalaşmasından danışılır. Ancaq Assad gedərsə, yerinə kimin gələcəyi fikri adamları çox qorxudur.

Bashar al-Assad
Bashar al-Assad
Dəməşqin şiddətli döyüşlərə səhnə olan və üsyançıların əlinə keçən Duma adlı məntəqəsində Azad Suriya Ordusunun komandiri Abu Khalil deyir ki, müxalifət qüvvələrinin kifayət qədər silahları olmasa da Dəməşqin Midan kimi məntəqələrində gücləri var.

Dəməşqdə bir qrup gənc bir neçə gün əvvəl rəqs gecəsi keçirib. 27 yaşlı Ronu deyir ki, bununla da normal yaşayışlarını yaddan çıxarmamaq istəyiblər. Ancaq axşam düşmədən rəqs meydançası boşaldılıb.

Ronu deyir ki, maaşı 10 faiz azalıb. Qiymətlər isə qalxıb. O, silah və partlayış səslərinə qulaq asa-asa deyir: “əlimdən nə gəlir ki. Səhər taksi ilə işə gedəndə yolda vurulmamaq üçün dua edirəm”.

Dəməşqdə hamının ən çox qorxduğu sözləri isə üsyançılar paytaxtdan 45 km aralıda yerləşən Zabadani şəhərindəki divara yazıb: “Sizdən xoşumuz gəlmir. Bir azdan Dəməşqin mərkəzində olacağıq”.

Sayta hazırladı: Kəbiran Dilavərli

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG