Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 21:26

Banin «tiryəki» necə seçdi?


Azər Zeynallı
Azər Zeynallı
-
«Baninə (Ümməlbanu Əsədullayeva) dinini dəyişdirdiyinə görə nifrət edirlər».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Fransada təhsil alan Azərbaycanlı tələbə Azər Zeynallı söylədi.

«ERMƏNİ-MÜSƏLMAN DAVASINDA 2 TƏRƏF DƏ GÜNAHKARDIR»

O deyir ki, müxtəlif forumlarda apardığı müşahidələrə görə, azərbaycanlıların çoxu Baninə nifrət edir:

«Dinini dəyişdirdiyinə görə. O, Azərbaycan türkcəsində bilmirdi. Bura gələndən sonra da azərbaycanlılarla əlaqə saxlamırdı. «Qafqaz Günləri»ndə yazdığı bəzi gerçəklər də çoxlarının xoşuna gəlmirdi. Ailəsindən başqa heç bir azərbaycanlı ilə ünsiyyəti yox idi. İlk dəfə 1981-ci ildə Ramiz Abutalıbovla görüşüb. Sonra Elçin Əfəndiyevlə tanış olub. Ramiz müəllim bir rəssamla da tanış edib onu. Ona nifrətin səbəbini Ramiz müəllimdən soruşmuşdum. Dedi ki, «Qafqaz günləri»ndə erməni-müsəlman davasında hər iki tərəfi günahkar görürdü...».

MƏN TİRYƏKİ SEÇDİM...

Azər bu ilin aprel ayında Baninin yaşadığı binaya da baş çəkib:

«Bir yaşlı kişi ilə rastlaşdım. Ondan soruşdum ki, Banini tanıyırsınız? Dedi, hə! Onun bir kitabı var idi—«Mən tiryəki seçdim» - onu oxumuşam, çox xoşuma gəlib. Bu kitab Baninin xristianlığı qəbul etməyi haqqında yazdığı gündəlik idi. Bir neçə ilə yazmışdı. Düşüncələrini, başına gələnləri qələmə almışdı. Karl Marx-ın «Din xalqın tiryəkidir» sözünə cavab olaraq bu adı vermişdi. Bu kitabdan sonra Banin daha bir əsər yazdı. Adı «Sonra» idi. Burada isə «tiryəki seçəndən» sonra başına gələnlərdən danışır».

BANİNİN VARİSİNİ TAPDIM

Azər Zeynallı «Facebook»da Baninlə bağlı bir səhifə açıb, onunla bağlı materiallar, Baninin müxtəlif dövrdə çəkdirdiyi şəkillərini yerləşdirib:

«Ramiz Abutalıbovun yazdıqlarını topladım. Çünki Sovet Azərbaycanından onunla görüşən ilk azərbaycanlıdır. Sonra Baninin varisini axtarmağa başladım. Bir az çətin oldu, amma onunla əlaqə qura bildim. İki ay yazışmadan sonra Parisdə görüşdük. Baninin varisi bir almandır. Adı -- Rolf-Heinrich Stürmer-dir. Onları alman yazıçısı Ernst Jünger tanış edib. Ernst Jünger Baninin yaxın dostu idi. Rolf-la da dostluq yaranmışdı aralarında.
Ümməlbanu Əsədullayeva
Ümməlbanu Əsədullayeva
Baninin hər şeyini ona miras qoymasının səbəbi Rolf-un alman olması idi. Həm də Rolf cavan olduğundan, Baninin etibarını qazandığından, mirasını ona tapşırıb. Hər şeyini deyəndə, əlyazmaları və kitablarını nəzərdə tuturam, onun elə də sərvəti olmayıb».

VARİS AZƏRƏ NƏLƏR SÖYLƏDİ?

Bu işə ancaq maraq xatirinə başladığını söyləyən Azər hətta Parisdə Rolf Stürmer-lə də görüşüb:

«Mənə Baninin bəzi əlyazmalarını, məktublarını, şəkillərini göstərdi. Yazdığı kitablardan hədiyyə etdi. Onunla birlikdə Baninin qaldığı evə, Şəmsi Əsədullayevin oğlu Mirzənin ailəsi ilə yaşadığı evə də getdik. Şəkillərini çəkdik. Hamısını sonra internetdə yerləşdirdik. Hazırda da biz varislə yeni materiallar olduqca səhifəyə yerləşdirir, insanları məlumatlandırmağa çalışırıq. Rolf əvvəlcə mənim həvəsimi ciddi qarşılamırdı. Çox məlumat vermirdi. Görəndə ki, mən onun bilmədiyi məlumatlara malikəm, başladı hər şeylə məni tanış etməyə. Görüşəndən sonra isə əlaqələrimiz genişləndi».

BANİN VƏTƏNİNDƏ NİYƏ YETƏRİNCƏ TANINMIR?

Azər bu suala belə cavab verdi:

«Baninin cəmi iki kitabı Azərbaycan dilinə tərcümə olunub—«Qafqaz günləri» və «Paris günləri». O tərcümələrdə də senzura var. Bəzi yerlər çıxarılıb. Fikrimcə, tərcümənin keyfiyyəti də yaxşı deyil. Odur ki, Banin barədə məlumat azdır. İndi burada Baninin birinci romanının tərcüməsi ilə bağlı danışıqlar gedir. Bir nəşriyyat evi Rolf Stürmer-lə yazışır. Qaldı Azərbaycancaya tərcümə--bu, yəqin ki, maraqlı deyil. Dediyim kimi, Baninin 1956-cı ildən sonra yazdığı kitablar əsasən xristianlıq və dostu Ernst Jünger haqqındadır. Bir neçə romanı da var—orada öz həyatından da bəhs edir. Fikrimcə, bunlar Azərbaycanlılar tərəfindən yaxşı qarşılanmayacaq...».

BANİN FRANSIZCA NECƏ YAZIB?

Artıq fransızca öyrənən bakılı tələbə Baninin fransızca yazdığı əsərlərin dilindən də danışdı:

«Təzə gələndə mən «Qafqaz günləri»ni bir müəllimimə vermişdim. Dedi ki, çox gözəl yazıb. Dili səlisdir. Mən hətta dili təzəcə öyrənən vaxtlarda da onu yaxşı anlayırdım».

BANİN FRANSADA MƏŞHUR YAZIÇI SAYILIRMI?

Ümməlbanu Əsədullayeva
Ümməlbanu Əsədullayeva
Azərin fikrincə, Banin Fransada kifayət qədər məşhur sayılır:

«Bir dostum dünən mənə yazıb ki, kitab mağazasına getmişdim. Soruşdum ki, kitabımı Fransada çap etdirmək üçün nə etməliyəm? Mağazanın sahibi gəlib və deyib ki, mən azərbaycanlıların istedadlı olduğunu bilirəm. Banini tanıyıram, sizə də kömək edə bilərəm. Və ona bəzi nəşriyyat evlərinin ünvan və telefonlarını verib. Yəni, tanıyanlar tanıyır. Onu daha çox «Qafqaz günləri» və «Paris günləri», bir də «Mən tiryəki sevdim»ə görə tanıyırlar. Sonuncu roman daha məşhurdur. Niderland, alman, italyan, ispan, yapon dillərinə çevrilib. Təkrar nəşrləri çıxıb».

FRANSIZ GƏNCLƏR BANİNİ OXUYURLARMI?

Azər bu suala belə cavabladı:

«Yox! Yox! Eşitməmişəm. Onlar daha çox dərslə maraqlanırlar. Boş vaxtlarında kitab oxuduqlarını görmürəm. Orta və yaşlı nəsil isə mütaliə edir».

MİRZƏ ƏSƏDULLAYEVİN NƏTİCƏSİ BAKIYA GƏLƏCƏK

Azər Bakı milyonçusu Şəmsi Əsədullayevin oğlu Mirzənin nəticəsinin Bakıya gələcəyi xəbərini də verdi:

«Fransada yaşayır. Ola bilsin ki, gələn yay Bakıya gəldi. Gəlsə, mütləq AzadlıqRadiosu ilə əlaqə quracam».

PARİSDƏ MİRZƏ ƏSƏDULLAYEVİN MƏZARI NƏ VƏZİYYƏTDƏDİR?

Azər Zeynallı Parisdə Baninin atası Mirzə Əsədullayevin məzar yerinin 30 illik müddətə ödəndiyini dedi:

«Məzar Ramiz Abutalıbovun köməyi ilə restavrasiya edilib. Məzar yerinin 30 illik pulu ödənib. 30 ilin 10 ili artıq keçib...».

BANİNİN MƏZARI YOXDUR...

Azər Baninin məzarının olmadığını bildirdi:

«Öləndə vəsiyyət edib ki, onu Anatomiya İnstitutuna versinlər. Varisi də məcbur olub vəsiyyətə əməl edib...».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG