Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:25

Koray Tarqay: «Azərbaycanı demokratikləşmə üzrə aşağı yerlərdə göstərmək haqsızlıqdır»


Koray Targay
Koray Targay
-

ATƏT-in Bakı ofisinin rəhbəri Səfir Koray Tarqay AzadlıqRadiosuna müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik:

- Cənab Səfir, bir ildən çoxdur ATƏT-in Bakı ofisinə başçılıq edirsiniz. Bir illik fəaliyyətinizi necə dəyərləndirərdiniz? Ən ciddi uğurunuz nədə olub?

– ATƏT-in əsas 3 prinsipi var - insan haqları, demokratikləşmə, hüququn üstünlüyü və iqtisadi və ətraf mühit fəaliyyəti. Bu prinsiplərin hər biri üzrə fəaliyyət göstəririk. Ötən bir il ərzində də fəaliyyət davam edib. Ümumiyyətlə, ildə 80-90 civarında layihə həyata keçiririk. İqtisadi, ətraf mühit, siyasi, demokratikləşmə, hüququn aliliyinə dair bəzən qısa-müddətli, bəzən bir neçə illik layihələrimiz olur. Daha önəmli, diqqətçəkən layihələr içərisində cəmiyyət-dəstəkli polis layihəmiz var. Daxili İşlər Nazirliyi ilə birlikdə bunun birinci mərhələsini tamamladıq. İkinci mərhələyə keçirik, polis etikasını əhatə edəcək mərhələ üzərində çalışırıq. Gələn ilin yanvarından həyata keçirməyə başlayacağıq. Sərbəst toplaşma azadlığı sahəsində də işlərimiz var, yenə polisin maarifləndirilməsi ilə bağlıdır. Hüququn aliliyi anlamında monitorinq fəaliyyətimiz var, məhkəmələrdə monitorinq fəaliyyəti aparırıq. Sonra da müşahidələrimizi məruzə halında Ədliyyə Nazirliyinə çatdırırıq. Məqsəd daha qısa zamanda hüququn üstünlüyü standartlarını yüksəltməkdir. Saxlanma yerləri və cəza evlərindəki şərtləri də monitorinq edirik. Saxlanma yerləri məsələsində DİN, cəza evləri ilə bağlı Ədliyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Bizcə faydalı işlər görürük, faydalı nəticələrimiz olur. Məqsədimiz daha sürətli, daha səmərəli işlər görmək, daha səmərəli nəticələr almaqdır. Təbii, asan deyil, bu ölkə uzun müddət başqa bir rejim altında olub, ancaq 20 il ərzində gedilmiş məsafələr olduqca uğurlu olub. Təbii daha çox uğur istərdik, məqsədimiz də budur. Niyyətimiz Azərbaycana demokratikləşmə, hüququn üstünlüyünün artırılması, insan hüquqlarının qorunması sahəsində daha yüksək standartlara ən qısa zamanda çatmasına kömək etməkdir.

- Dediyiniz 3D dəyərlərindən hansı üzrə Azərbaycanda olduğunuz 20 il ərzində nəzərəçarpacaq irəliləyiş qeyd edə bilərsiniz?

– Bütün sahələrdə var. İnsan haqları sahəsində var – 20 il öncə ilə müqayisə etsəniz, irəliləmə görərsiniz. Hüququn üstünlüyü, demokratikləşmə sahəsində irəliləmələr var. İqtisadi və ətraf mühit sahələrində daha çox irəliləmə var. Bütün sahələrdə aldığımız nəticələrdən razıyıq. Biz dövlət qurumları, vətəndaş cəmiyyətləri, ombudsman, siyasi partiyalarla əməkdaşlıq edirik ki, daha yaxşı nəticə ala bilək. Bütün sahələrdə irəliləyiş var. 20 il öncə ilə tutuşdurmaq lazımdır. Bunun üçün bir yol planı çərçivəsində, müəyyən zamanları müqayisə etsəniz, irəliləmə görərsiniz.

– Siz irəliləmə qeyd edirsiniz, ancaq əksər beynəlxalq qurumların hesabatlarında Azərbaycan insan haqları, demokratikləşmə, fundamental insan haqları göstəriciləri üzrə aşağı yerlərdə göstərilir.

– Fərqli qurumların fərqli dəyərləndirmələri ola bilər. Amma doğrusu, Azərbaycanı insan hüquqları, demokratikləşmə məsələsində ən aşağı yerlərdə göstərmək məncə, haqsızlıqdır. Dünyada 200-ə yaxın dövlət var, hamısı fərqli mərhələlərdən keçir. Bəziləri öz tarixi inkişaf mərhələlərində xeyli qabağa gedib. Azərbaycan da əlindən gələni edir. Məncə, Azərbaycana aşağı yerləri vermək haqsızlıqdır. Çünki Azərbaycanın yaxşı insan potensialı var – peşəkar, inkişaf etmiş, təhsilli, sadəcə oxuyub-yazmağı bacaran deyil, oxuyub-yazdığını anlaya və dəyərləndirə bilən insanları var. Azərbaycan dəyərləndirmələrdə daha yuxarı yerlərə qoyulmalıdır. Biz bu işin içində olduğumuz üçün Azərbaycana haqsızlıq edilməməsinin tərəfdarıyıq.

– Götürək ATƏT-in Azərbaycan polisinə keçdiyi təlimləri. Bu təlimlər məxfilik şəraitində keçdiyindən ictimaiyyət sizin onlara nə öyrətdiyinizi bilmir. Hər halda biz bu təlimləri işıqlandırmaq üçün müraciət edəndə rədd cavabı almışıq. Deyə bilərsinizmi, bir neçə il əvvəllə müqayisədə polisin davranışında nə dəyişib?
– Biz davamlı olaraq polisin davranışını monitorinq edirik. İzn verilməyibsə, bu DİN-in daxili işidir. Amma bağlı qapılar arxasında verilən təlim deyil bu. Bizim ATƏT vasitəsilə keçirdiyimiz polis təlimləri daha çox təlimçilərin maarifləndirilməsidir. Ən bacarıqlılar arasından seçirik, təlimçilər gətiririk, təlim keçirik. Eyni şəkildə təlimçilərdən ibarət qrupları başqa ölkələrə təlimlərə göndəririk. Bu gün Azərbaycanda 26.000-dən çox polis var məncə. Biz 6.000-dən çox Azərbaycan polisinə təlim keçdik. Açığı, irəliləyiş çoxdur.

– Aksiyaçılarla münasibətdə bu irəliləyişi görürsünüzmü?

– Toplaşma hüququ məsələsində polisin 5-7 il öncəki davranışı ilə müqayisədə daha peşəkar yanaşma var. Xüsusilə uniformalı polis qüvvələrini yaxından izləyirik. Verdiyimiz təlimin, layihələrimizin uğurunu da bu cür müəyyənləşdiririk

– Bir az da konkretləşdirmək olarmı – məsələn, polis aksiyanı əvvəl necə dağıdırdı, indi necə dağıdır?
– Əvvəl daha çox gücdən istifadə olunurdu. İndi daha ölçülü güc tətbiq olunur. Bunlar həssas mövzulardır. Məsələn, razılaşdırılmış aksiyalarda onsuz da ciddi bir hadisə çıxmır. Azərbaycanda nümayiş etmək ehtiyacı duyan müxalifət dairələri də məsuliyyətsiz davranmır. Bir çox televiziyalarda, bir çox ölkələrdə gördüyümüz kimi ətrafı yandırmaq, dağıtmaq, xalqa zərər vermək kimi hərəkətlər olmayıb. Bir-iki provokator çıxırsa, bu, başqa məsələdir. Polis də onları necə zərərsizləşdirəcəyini bilir. İcazəsiz aksiyalarda isə daha hazırlıqlı olmadığı üçün fərqli yanaşma ola bilər. Amma polisin davranışında daha tarazlı, peşəkar inkişaf görürük. Əvvəl güc daha çox, ünvansız tətbiq olunurdu. Heç bir ölkədə bitkin durum yoxdur, heç bir ölkənin polisi ideal durumda deyil.

– Sərbəst toplaşma azadlığına rəsmilərin və müxalifətin münasibəti fərqlidir. Hakimiyyət deyir mitinq üçün icazə almaq lazımdır, müxalifət iddia edir aksiya barədə xəbərdarlıq göndərmək bəsdir. Rəsmilər həm də bu məsələdə Avropa ölkələrinin təcrübəsini göstərirlər.

– Avropa ölkələrində də icazəli və icazəsiz aksiyalar olur. Qəfil, heç bir hazırlıq olmadan keçirilən aksiyalar da olur. Polis bunların hamısına hazırlıqlı olmalıdır. Bu, bir qarşılıqlı anlayış məsələsidir. İcazəli olanda məlum qaydalar çərçivəsində olur, icazəsiz olanda da məqsədinə, iştirakçıların niyyətinə baxmaq lazımdır. İfrata varılmırsa, müəyyən tolerantlıq göstərilə bilər. Mən bu vaxtacan aksiyalarda bir ifrat hal görmədim. Avropa ölkələrində də aksiyaların mütləq icazəli olması istənilir. Ancaq icazəsiz aksiyalar da olur, qaydalar da başqa olur.

– Azərbaycan təcrübəsində hakimiyyət mərkəzdə aksiyaya icazə vermir, müxalifət isə şəhər kənarına getmək istəmir. Bu məsələdə ortaq məxrəc nə ola bilər?

– Burada görüləsi iş ancaq dialoq yoludur. Çünki bu, qanuna söykənən modeldir. Toplaşma azadlığı var. Bunu necə icra etmək səlahiyyəti icra qurumlarına aiddir. Məncə, aksiyaçıların ən təbii haqqı mövqelərini, düşüncələrini topluma çatdırmaqdır. Bu, müəyyən qaydalar çərçivəsində olur. Fikir fərqləri isə dialoq yoluyla ola bilər.

– Müxalifətin bundan əvvəlki aksiyalarına ATƏT-dən münasibət eşidirdik, son- 20 oktyabr aksiyasında isə Bakı ofisinin müşahidəçisi də var idi, ancaq şərh vermədi, sonradan da ATƏT-dən açıqlama ala bilmədik. Nə dəyişib?

– Heç bir şey dəyişməyib. Biz bütün aksiyaları izləyirik, monitorinq edirik. Bir açıqlama vermədiyimizə görə açıqlama veriləcək qədər bir önəmli hadisə olmayıb yəqin. Hansı aksiyadan bəhs etdiyinizi də xatırlamadım. Amma önəmli olan odur ki, təzyiq ya açıqlamadan başqa, əlaqədar məqamları dövlət qurumları və rəsmilərlə mütəmadi görüşüb müzakirə edirik. Mən hər zaman olmasam da, həmkarlarım bu işi görürlər.

– Həmin aksiyada 13 nəfər saxlanıb. Sonuncu dörd nəfər bu gün (30 oktyabr-red.) buraxılır.

– Bunu izləyirik, saxlama yerlərinə də gedirik, məlumat alırıq. Məncə həmin şəxslərə inzibati cəzalar verilib. Hamısından xəbərimiz var. Dirənməkdən, müqavimətdən – hamısından xəbərimiz var.

– Mitinqlərdə həbslər aparan çoxlu sayda mülki geyimlilər də görürük. Bu fenomenə münasibətiniz necədir?

– Bu, hər ölkədə olur. Hər ölkədə bəzi polis rəisləri mülki geyimə üstünlük verirlər, öz əməkdaşlarını həmin vəziyyətdə daha yaxşı idarə edə bilirlər. Ancaq bunun da bir qaydası var. Mülki heyətin sayı daha az olarsa, nümayişçilərin nə etdiklərini izləmək daha asan olar. Aksiyalar zamanı necə hərəkət ediləcəyini, ifrat davranış varsa, nə dərəcədə gücdən istifadə olunacağını polis bilməlidir. Ona görə polis təhsilli olmalıdır. Mümkün həddə güc tətbiqinə yardımçı olmalı, yönəltməlidir.

– Həm müxalifət liderləri, həm də ictimaiyyət nümayəndələri ATƏT-in Azərbaycandakı fəaliyyətindən narazılıqlarını gizlətmirlər. İddia edirlər ki, ATƏT-in bu ölkədə işi əsasən Minsk qrupunun fəaliyyəti və seçkilərin müşahidəsindən ibarətdir. Yəni tam fəaliyyətsiz bir qurumdur. Bu deyilənlərlə razısınızmı?

– ATƏT böyük qurumdur. Dağlıq Qarabağ münaqişəsi Bakı ofisinin səlahiyyətinə aid deyil. O baxımdan bu məsələdə hər hansı siyasi inkişaf olmamasının qəbahəti bizdə deyil. Amma şəxsən mən kiminlə təmasda oluramsa, mütləq Qarabağ münaqişəsindən danışırıq. Seçkiləri izləmək də hər bir ölkənin dəvətinə bağlıdır. Bizim ofisin işi Mərkəzi Seçki Komissiyası ilə birlikdə seçkilərdən öncə maarifləndirmə işi, dəyirmi masalar təşkil etmək və xalqı buna hazırlamaqdır. Səsvermə mərhələsində tətbiq olunacaq qaydalar, səslərin sayılması qaydaları, səslərin sayılması, şikayətlərə baxılması qaydaları bunlar hamısı mərhələ-mərhələ bizim maarifçilik proqramlarımıza daxildir.

– Müxalifət partiyaları gələn il prezident seçkisinin nəticələrinin saxtalaşdırılacağını iddia edirlər və ATƏT-i, digər beynəlxalq təşkilatları qabaqlayıcı tədbirlər görməyə çağırırlar. Mesajınız nədir?

– ATƏT-in işi bu prosesə müdaxilə etmək deyil. Seçkilərin saxtalaşdırılmasına dair hər zaman iddialar olur. Bunun mexanizmləri var. Şikayətlərə baxılması müddəti azaldılıb, Venesiya Komissiyası da bunu qəbul etdi. Bizim müdaxilə etmək haqqımız yoxdur. Bunun üçün qanunlar var. Məqsədimiz seçkilərin demokratik qaydalara uyğun keçirilməsinə yol açacaq maarifləndirməni aparmaqdır. Bu təhsili hər kəsə vermək lazımdır, məsələn, gənclərə, qadınlara yönəlik proqramlarımız var. Bu ölkədə xalqın demokratik haqları var, bu haqlara sahib çıxmaq lazımdır. Xalq nə qədər haqlarına sahib çıxarsa, demokratiyanın keyfiyyəti də artar. Biz bu istiqamətdə maarifləndirmə aparmaqla töhfəmizi verməyə çalışırıq.

– Hər seçkidən sonra ATƏT seçki mühitinin yaxşılaşdırılması üçün tövsiyələr təqdim edir. Bu tövsiyələrin yerinə yetirilməsinə necə nəzarət olunur?

– Tövsiyələrin yerinə yetirilməsinə nəzarət mexanizmimiz yoxdur, biz üstün qurum deyilik. Biz ancaq tövsiyələr veririk. Hər dəfə dəyərləndirmə hazırlayırıq. Hər seçkidən sonra öncəkindən sonra nə qədər irəliləyiş olub, hansı nöqsanlar ola bilər, bu şəkildə tövsiyələrimiz olur. Üstün qurum olmadığımız üçün müdaxilə edə bilmərik. Milli Məclis qanunları müdaxilə məsələlərini məhkəməyə bağlayır. Qanuna görə, çıxış yolu məhkəmələrdir. Ölkədə məhkəmə sisteminin inkişafı, hüququn üstünlüyünün dəyərinin yüksəlməsi halında, məncə, qüsurlar da aradan qalxar.

– Hökumətin anti-korrupsiya işini necə dəyərləndirirsiniz? ATƏT hökumətə bu işdə necə yardım edə bilər?

– Ölkə rəhbərinin qısa zaman ərzində çıxardığı iki sərəncam var. Bunların mətnlərinə baxsaq, görərik ki, bu sənədlər yetərli siyasi iradə ortaya qoyur. Önəmli olan onların tətbiqi üçün təməl hazırlamaqdır, nəzarət mexanizminin olmasıdır. Bu da bir az zaman alan məsələdir. Bizim elektron dövlət, yaxşı idarəçilik layihələrimiz var. Dövlət qurumları ilə əməkdaşlıq edirlər, bizə xeyli yardım edirlər. Amma bütün xalqın hüquqlarına sahib çıxması lazımdır. Hökumət hər cür dəstəyi göstərir, ancaq xalqın da sahib çıxması gərəkdir. Məsələn, bizim dörd hüquq mərkəzimiz var, bizə kimsə müraciət edirsə, onlara pulsuz xidmət edirik. İcra hakimiyyətləri ilə hər görüşümdə onların əməkdaşlığını istəyirəm, polisin də köməyini istəyirəm. Korrupsiya nə qədər azaldılırsa, iqtisad-sosial inkişaf da sürətli olacaq.

– Azərbaycan məmurları, onların yaxın ailə üzvləri Azərbaycan iqtisadiyyatının üzvi hissəsidir. Sizcə, Azərbaycanda mövcud olan məmur-biznes tolerantlığı ilə korrupsiyanı aradan qaldırmaq mümkündürmü?

– Elektron hökumət idarəçiliyi ilə korrupsiya azaldıla bilər. Xalqın sahib çıxması ilə azaldıla bilər. Hər mərhələdə xalq durub haqqına sahib çıxarsa, bu, tək paytaxtda deyil, regionlarda da baş verərsə, korrupsiya azaldıla bilər. Sadəcə hakimiyyət, müxalifət şəklində bunu siyasiləşdirməmək lazımdır, bu, ümumi problemdir. Hər ölkədə var.

– Bu yaxınlarda keçmiş millət vəkilinin bir universitet rektoru ilə parlament yerinin qiymətini sövdələşdiyini göstərən video yayıldı. Həmin millət vəkilinin iddiası ilə bir jurnalist hazırda həbsdədir. Bu məsələyə dair şərhinizi bilmək maraqlı olardı.

– Yaxından izlədik bu məsələni, izləməkdə də davam edirik. Arzuedilməz hadisədir. Bu, demokratiyanın irəliləməsi sırasında qarşıya çıxan yol qəzasıdır. Ortaya çıxması daha yaxşıdır ki, tədbirlər görülə bilsin. Çıxmaması daha pis olardı.

– Bəs hüquq-mühafizə orqanlarının davranışını necə dəyərləndirirsiniz bu halda?

– Hüquqa, məhkəmələrin müstəqilliyi və tərəfsizliyinə güvənmək lazımdır. Məncə, Azərbaycanın hüquq sistemi də lazımlı tədbirlər görəcək. İstintaq altında olan durumda ortaya mövqe qoymaq düz deyil. Hüquq güclüyə də, gücsüzə də lazım. Bu hadisələr göstərir ki, hüquq güclülərə də lazım olur.

– Azərbaycanda kürü diplomatiyası haqda şayiələr gəzir. İddia olunur ki, Azərbaycan rəsmiləri Avropa qurumlarındakı siyasətçilərə bahalı hədiyyələr verməklə onların müxtəlif məsələlərə münasibətini formalaşdırır. Hipotetik sual olsa da, bu şayiələrin cəfəngiyat olmasına and içə bilərsinizmi?

– Doğrudur, bu kimi şeyləri isbat etmək çətindir. Türkiyədə «rüşvətin isbatı olmaz» deyirlər. Bu kontekstdə şayiə deyimini istifadə etdiyiniz düzgündür. Son dəlil olmadıqca, bu mövzuda mövqe bildirmək də mənə yaraşmaz. Doğrudur, deyil, bunlar ağır şayiələr, ağır ittihamlardır, mütləq bir dəlil olmalıdır.

– ATƏT-in Azərbaycan hakimiyyətinə daha bir tövsiyəsi azad və müstəqil medianın inkişafı ilə bağlı idi. Redaktə siyasətinə icra strukturlarının müdaxiləsi qeyd olunurdu. Bu sahədə irəliləyiş hiss edirsinizmi?

– Mənim şəxsi fikrim budur ki, Azərbaycanda media azadlığı var, tətbiqində problemlər var. Qanunlar çox yaxşıdır, tətbiqində problemlər var, səbəb də təcrübəsizlik, məlumatsızlıqdır. Medianın problemi kommersiyalaşmamasıdır, media qurumları çox zəifdir, tirajları çox aşağıdır. Çap mediası iqtisadi sıxıntı içərisindədir. Borclarını ödəyə bilməyən media öz işini necə görsün? Kommersiyalaşarsa, bunlar düzələcək, medianın keyfiyyəti də artacaq. Türkiyədə xeyli sayda çap media orqanı var. Bunlar öz satışları ilə ayaqda dura, özlərini idarə edə bilmirlər. Çap Reklam Qurumu var, rəsmi elanları ədalətli şəkildə media quruluşlarına paylayır. Bu, onlar üçün bir gəlir qaynağı olur.

– ATƏT-in hakimiyyətlə müxalifət arasında dialoq yaratma işi vardı. Bu cəhdlər davam edirmi?

– Bu məsələdə bizim görə biləcəyimiz iş ünsiyyəti asanlaşdırmaqdır. Tərəfləri bir araya gətirib «bunu danışın» demirik. Tərəflərin bəlli bir məsuliyyəti var. Dialoq məsələsində problem yoxdur, tərəflər müxtəlif tədbirlərdə görüşürlər. Bunu bir az sistemləşdirmək mümkündür, biz əlimizdən gələni edirik. Yetər ki, bizdən iş istənsin. Bizə deyirlər ki, vasitəçi olun, ancaq son bir il ərzində bizdən belə bu istənmədi. Heç kəs də qarşı deyil. Önəmli olan bu ölkədə yumşaq siyasi mühiti mühafizə etməkdir. Düşmənlik mühiti yaratmadan ölkənin daha irəli getməsini təmin etmək. Bunun üçün siyasi iradə hər tərəfdə var.
XS
SM
MD
LG