Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Bakının kinoteatrlarına girəndə, elə bilirsən Moskvadasan...


«Araz» kinoteatrı
«Araz» kinoteatrı
-
«Sessiyalara biletlər əvvəlcədən satılır. Demək olar ki, boş yerlər çox azdır» - «Nizami» kinoteatrının işçisi belə deyir. «Park Cinema»da da vəziyyət oxşardır. Kassaların qarşısında qələbəlikdir.

Afişalarda «Yeddi psixopat», «Kazino qarəti», «Paranormal hadisə-4» və digər xarici filmlərin reklamları da gedir.

22 yaşlı Orxan Hüseynov deyir ki, son bir ildə dostları ilə birlikdə tez-tez kinoteatra gəlir. Qeyd edir ki, yeni filmləri kinoteatrdan izləməyin başqa ləzzəti var:

«Təzə kinoları ilk olaraq mən izləmək istəyirəm. Yəni, filmlər yenicə vizyona daxil olan kimi, bəyəndiyim filmlərə birinci baxanlardan biri olmaq istəyirəm».

2011-ci ilin sonunda təmirdən sonra istifadəyə verilən «Nizami» kinoteatrında bildirdilər ki, gün ərzində orta hesabla 50-70 bilet satırlar. «Park Cinema»da isə satılan gündəlik biletlərin sayı bir qədər daha çox -120-150 arasındadır.

«PEŞMAN OLDUM»

Kinoteatrdan çıxan izləyicilərdən filmlərdən məmnun qalıb-qalmadıqlarını soruşuruq. Cavablar isə fərqlidir:

- «Sözün düzü, peşman oldum. Səsin keyfiyyəti yaxşı deyildi».

- «Keyfiyyət yaxşı idi. Keyfiyyətə sözüm yoxdur. Amma biletlərin qiyməti hədsiz bahadır».

- «Zallarda sakitçilik təmin olunsaydı, daha yaxşı olardı, biz də daha yaxşı dincələrdik».

- «Əsasən yenicə təmirdən çıxan kinoteatra gedirik. «Nizami» kinoteatrıdır, «Park Cinema»dır. Çox bəyənirik oranı. Tez-tez də gəlirik. Qiymətlər də yaxşıdır, münasibdir».

Biletlərin qiyməti filmlərin nümayiş vaxtına və formatına görə fərqlidir. Rəqəmsal formatda filmlər 3-7 manat, 3D formatda filmlər isə 4-8 manat arasında dəyişir.

İzləyicilərdən biri Könül Hacıyeva bizim vasitəmizlə kinoteatr rəhbərliyinə təklif edir:

«Tələbələr üçün hansısa bir endirim kartı hazırlasaydılar, çox yaxşı olardı».

Söhbətləşdiyimiz kinoteatr həvəskarlarının başqa bir istəkləri də var. Filmlərin Azərbaycan dilində, heç olmasa, subtitrlə verilməsi. Çünki kinoteatrlarda nümayiş olunan xarici filmlərin hamısı rus dilində olur.

Aygün Aslanlı
Aygün Aslanlı
XARİCİ FİLMLƏR NƏDƏN RUS DİLİNDƏ VERİLİR?

Kinoteatrlardan bildirirlər ki, yenicə vizyona daxil olan filmlərin tərcüməsi üçün onlarda maddi texniki imkan yoxdur.

Kinoşünas Aygün Aslanlı deyir ki, kinoteatrlarda filmlərin ana dilinə tərcümə edilməsinin xüsusi prosedur və qaydaları olmalıdır. Onun fikrincə də, Azərbaycan kinoteatrları hələ buna hazır deyil:

«Filmi qanunla, lisenziya ilə alanda, filmin üstündə onun skripti də verilir. Bu skript əsasında film tərcümə olunduqdan sonra kinoteatra təqdim olunur. Məsələn, Türkiyədə subtitrlə tərcüməyə daha çox üstünlük verilir. Yəni, orijinal filmin aşağısında türk dilində tərcümə gedir. Rusiyada isə sinxron tərcümə gedir. Artıq rus tamaşaçıları sinxron tərcüməyə alışıblar və bu tərcümə olduqca keyfiyyətlidir. Daha Azərbaycanda olduğu kimi, film yalnız rus dilində yayımlanmır. Dili biləndə, bilməyəndə, bu dildə baxmağa məcbur olmur».

Bəs kinoteatrda Azərbaycan filmləri nümayiş olunurmu? «Nizami» kinoteatrından bildirdilər ki, bu il cəmi iki – «Buta» və «Xoca» filmlərinin 3-günlük premyerası olub. Tamaşaçılar çox olmasa da, filmlərə baxmağa gələnlər olub. «Park Cinema»dan isə bildirdilər ki, onlar repertuarı tamaşaçı tələblərinə uyğun olaraq formalaşdırırlar. Daha çox maraq nəyədirsə, o, da nümayiş olunur.

«KİNOTEATRA MARAQ YENİDƏN DİRÇƏLİR»

Kinorejissor Ayaz Salayev isə deyir ki, son illər kinoteatra maraq yenidən alovlanıb. Bu isə, onun fikrincə, yerli kino istehsalçılarına xarici filmlərlə rəqabət aparmaq imkanı yaradır:
Ayaz Salayev
Ayaz Salayev

«Kinoteatra maraq tamamilə sönmüşdü. Amma bir neçə il olar ki, kinoteatra maraq yenidən dirçəlir. İnsanlar başa düşürlər ki, filmi böyük ekrandan izləməyin başqa bir ləzzəti var. Çox yaxşı haldır ki, milli filmə də maraq artır. Hazırda «Dolu» filmi çəkilir. Məncə, bu film çox yaxşı izlənəcək. Hər halda, kinoteatrlara olan marağın artması yerli kino istehsalçıları üçün yaxşı bir stimuldur. Onlar daha yaxşı filmlər çəkməlidirlər ki, tamaşaçılar xarici filmlərlə yanaşı, onları da izləsin».

Hələliksə kinoteatrlarda əsasən xarici filmlər nümayişdədir.

«KİNOTEATR HƏM DƏ ÜNSİYYƏT VASİTƏSİ İDİ»

Bakı sakini Emil Seyidrzayev 70-ci 80-ci illəri xatırlayır. Deyir ki, o dövrlər üçün darıxır:

«Vaxtilə burada «Araz», «Vətən», «Azərbaycan» kinoteatrları var idi. Amma indi onların heç biri yoxdur. Əvvəllər biz filmə yalnız film izləmək üçün getmirdik. Kinoteatr bizim üçün həm də bir ünsiyyət vasitəsi idi».

Emil Seyidrzayevin xatırladığı kinoteatrların bəzilərinin izi tozu da qalmayıb. Bir vaxtlar tamaşaçıların axın etdiyi kinoteatrlar indi bilyard, kompüter oyunları zalı, çayxana, mebel salonu kimi fəaliyyət göstərir.

Azərbaycanda 2006-cı ildən kinoteatrların özəlləşdirilməsinə başlanılıb. Özəlləşdirildikdən sonra «Şuşa» və «Qəbələ» kinoteatrlarının yerləşdiyi binalar söküldü. Söküntünün səbəbləri barədə məlumat verilmir. Əhmədlidəki «Bakı» kinoteatrı da özəlləşdirilənlər sırasındadır. Hazırda Bakıda cəmi 3 – «Nizami», «Vətən» və «Dostluq» kinoteatrları Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. «Dostluq» kinoteatrlarının bir hissəsində isə mebel salonu yerləşir.

«YAXŞI FİLMLƏRİN HƏMİŞƏ TAMAŞAÇISI OLUB»

Rəhman Bədəlov
Rəhman Bədəlov
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov kinoteatrların özəlləşdirilməsində bir qəbahət görmür:

«Hazırda paytaxtda bir neçə özəl kinoteatr var ki, onların tamaşaçı qıtlığı yoxdur. Yaxşı filmlərin həmişə öz tamaşaçısı olub. Tamaşaçını kinoteatra yenidən qaytarmaq üçün özəl sektor bu sahəyə investisiya qoymalıdır. Bütün dünyada bununla özəl sektor məşğul olur. Pul qoyur və gəlir götürür».

«FORMALAŞAN TƏZƏ MƏDƏNİYYƏT ÜÇÜN ŞƏRAİT YARATMAQ LAZIMDIR Kİ...»

Kulturoloq Rəhman Bədəlovun fikrincə isə, kinoteatrlara hökumət yardımı olmalıdır. Əks-halda, kinoteatrların normal inkişafı tam mümkün deyil:

«Normal kinoteatr, normal qiymətlər olsa, Bakıda normal tamaşaçı var. 7-8 il əvvəl tamaşaçı yox idi, indi isə var. Hökumət min yerə pul xərcləyir. Ancaq kinoteatra pul ayırmır. Nəsə itib, nəsə formalaşmalıdır. Formalaşan təzə mədəniyyət üçün şərait yaratmaq lazımdır ki, mədəniyyət yeni mərhələdə bərpa olunsun».

Mütəxəssislər yada salırlar ki, dünyada teatrlar yarananda, kimlərsə bunu kitabın ölümü saydılar. Kino kəşf olunanda isə, bunu teatrların sonu kimi qəbul edənlər var idi. XX əsrin sonlarına yaxın yeni-yeni texniki sıçrayışlardan sonra kinoteatrların da sonunun yaxınlaşdığını ehtimal edənlər çox idi. Ancaq mütəxəssislərə görə, nə qədər ki, böyük sənətə maraq var, kitab da, teatrlar da, kino da və kinoteatrlar da yaşayacaq.
XS
SM
MD
LG