Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:25

Barack Obama üçüncü və sonuncu debatda qalib gəldi


Prezident Barack Obama və Respublikaçıların namizədi Mitt Romney arasında sonuncu debatı keçirilib.
Prezident Barack Obama və Respublikaçıların namizədi Mitt Romney arasında sonuncu debatı keçirilib.
ABŞ prezidentliyinə namizədlərin Florida ştatının Boka Reyton şəhərində, Lin Universitetində keçirilən üçüncü və sonuncu debatında hazırkı prezident Barack Obama-nın qalib gələcəyini mətbuat, ekspert və müşahidəçilərin əksəriyyəti proqnozlaşdırmışdı.
Onlar bu mənada iki faktoru əsas götürürdülər: Barack Obama-nın natiqlik qüdrətini və onun xarici siyasət və milli təhlükəsizlik məsələlərində daha çox məlumatlılığını.

Prezidentliyə namizədlər daha çox hansı ölkənin adını çəkib?

Prezidentliyə namizədlər daha çox hansı ölkənin adını çəkib?

İran: 47
Çin: 35
İsrail: 34
Əfqanıstan: 29
Suriya: 28
Pakistan: 25
İraq: 22
Libya: 12
Misir: 11
Rusiya: 10
Mali: 4
Türkiyə: 3
Böyük Britaniya: 2
Yunanıstan: 2
Livan: 2
Səudiyyə Ərəbistanı: 2
Kuba: 1
Fransa: 1
Şimali Koreya: 1
Qatar: 1
Somali: 1
Yəmən: 1

Mənbə: «Foreign policy» jurnalı
Barack Obama bu proqnozları, «CNN» telekanalının rəy sorğusuna görə 48% - 40% hesabı ilə doğrultdu.

«CBS» telekanalının aparıcısı Bob Schieffer-in idarə etdiyi bu debatın formatı dəyirmi masa idi.

Lakin masanın dəyirmi olması debatın kəskinliyini qətiyyən azaltmamışdı.

«NƏ QƏDƏR Kİ, MƏN PREZİDENTƏM...»

İran barədə məsələ müzakirə olunarkən qubernator Romney əsas zərbəni İranın qarşıdan gələn dörd ildə nüvə silahına malik ola biləcəyi ehtimalına tuşladı.

O, İrana qarşı sanksiyaların sərtləşdirilməsi məsələsində, Obamanı dəstəklədiyini desə də, iddia edirdi ki, bu sanksiyalar çoxdan tətbiq olunmalıydı.

Mahmud Ahmadinejad
Mahmud Ahmadinejad
Obama bu iddiaya emosional baxımdan çox uğurlu bir cavab verdi. O, dedi: «Nə qədər ki, mən prezidentəm İran nüvə silahı əldə edə bilməyəcək».

Mitt Romney-nin İran məsələsində Barack Obama-ya qarşı ağır silahı hazırkı prezidentin İranda prezident seçkilərinin ardınca baş verən «Yaşıl İnqilaba» kifayət qədər dəstək verməməsi barədə iddia idi.

Barack Obama bu iddiaya ümumiyyətlə cavab vermədi və «CNN»nin canlı yayımında, ekranın dibindəki indikator tərəddüd edən seçicilər üçün bu məsələnin o qədər mühüm olmadığını göstərirdi.

Bu məqamda, müşahidəçilərin fikrincə, Mitt Romney uğursuz bir bəyanat verdi.

O, dedi ki, İsraili xəritədən silməyi vəd etmiş İran prezidenti Mahmoud Ahmadinejad-ı «soyqırımı məhkəməsinə» vermək lazımdır.

Debatı izləyən ekspertlər isə bildirirlər ki, kimi isə məhkəməyə yalnız onun əməllərinə görə vermək olar, sözlərinə görə yox.

İSRAİLİN YANINDA, YOXSA İSRAİLLƏ BİRLİKDƏ

Debatın İsrailə aid hissəsi əslində İran mövzusunun davamı idi.

Obama İranın İsrailə qarşı mümkün təcavüzü təqdirində ABŞ-ın birmənalı şəkildə İsrailin yanında olacağını bildirdi.

Mitt Romney bir az da irəli gedərək, ABŞ-ın hərbi mənada İsraili dəstəkləyəcəyini söylədi.

Lakin Romney-in bu güclü bəyanatına Barack Obama səriştəli natiq kimi cavab verdi. O, bildirdi ki, prezidentliyə namizəd kimi İsrailə səfər edərkən fond toplama ilə məşğul olmayıb, bunun əvəzində «Soyqırımı Muzeyinə» baş çəkib.

ASSAD GETMƏLİDİR. LAKİN KİM GƏLƏCƏK?...

Hər iki namizəd Bashar al-Assad-in hakimiyyətdən getməsinə tərəfdar olduqları barədə bəyanat verdilər.

Lakin başlıca fikir ayrılığı, Suriya müxalifətinə hansı şəkildə dəstək verməklə bağlı idi.

Barack Obama Mitt Romney-i Suriyadakı müxalifət qüvvələri barədə kifayət qədər məlumata malik olmadan, müxalifətin ağır silahlarla təchizinin vacibliyi barədə bəyanatını tənqid etdi.

Bashar al-Assad tərəfdarlarının aksiyası zamanı
Bashar al-Assad tərəfdarlarının aksiyası zamanı
Prezident bildirdi ki, Suriya müxalifətinə düşünülmüş şəkildə dəstək verilməli və Assad-ın yerinə hansı qüvvələrin gələcəyinə diqqət yetirilməlidir.

Mitt Romney Obama administrasiyasını Suriya məsələsində qeyri-müəyyən və qeyri-ardıcıl mövqedə olmaqda günahlandırdı.

O, bildirdi ki, administrasiya lap əvvəldən Suriyadakı vəziyyətin çözümünü BMT-yə yüklədi və bu, Rusiya və İranın əl-ayağını açdı. Mitt Romney-in fikrincə, Vaşinqton Suriya məsələsində lider olmalıydı.

Obama isə bildirdi ki, şəxsən özü istər Tunis, istərsə də Misir məsələsində davamlı mövqedə olub və hər iki halda xalq tərəfindən dəstəklənməyən liderlərin istefasına tərəfdar olduğunu bildirib.

AMERİKANIN ƏSAS DÜŞMƏNİ RUSİYADIRMI?

Debatın bir məqamında Barack Obama, necə deyərlər, Romney-in Ruisya barəsində iki ay əvvəl səsləndirdiyi bəyanatı yada saldı və bildirdi ki, Massaçussets qubernatoru bəyan edib ki, ABŞ-ın bir nömrəli düşməni Rusiyadır.

O, Romney-i müasir dünyadakı hadisələri düzgün qiymətləndirməməkdə ittiham etdi.

Müdafiə mövqeyi tutan Mitt Romney bildirdi ki, o, bu bəyanatı verərkən Rusiyanın geosiyasi düşmən olduğunu nəzərdə tutub.

O, əlavə etdi ki, Rusiya dünya məsələlərində bir qayda olaraq Çinlə birlikdə Amerikanın mövqeyinə qarşı çıxış edir.

QOŞUN YERİTMƏDƏN QALİB GƏLMƏK

İki qadın camaşırxanada prezidentliyə namizədlərin debatına baxır
İki qadın camaşırxanada prezidentliyə namizədlərin debatına baxır
Barack Obama bəyan etdi ki, Liviya diktatorunun devrilməsinə ABŞ bu ölkəyə qoşun yeritmədən müvəffəq olub və Liviya missiyasının iki həftəsi İraq müharibəsinin iki həftəsindən daha ucuz başa gəlib.

Debatdan sonra, «CNN» ekspertləri bu bəyanatın o qədər də dəqiq olmadığını vurğuladılar. Liviya kampaniyasının iki həftəsi İraq müharibəsinin iki həftəsindən 200 milyon dollar baha olub.

Bununla belə, illərlə davam edən İraq müharibəsindən fərqli olaraq, Liviyada əməliyyatlar bir neçə ay ərzində keçirilib.

HƏRBİ QÜDRƏT GƏMİLƏRİN SAYINDA DEYİL

Bu məqamda Mitt Romney son illər ərzində Amerikanın hərbi qüdrətinin zəiflədiyini iddia etdi.

O, bildirdi ki, hərbi dəniz donanması 1980-ci illərlə, hərbi hava qüvvələri 1940-cı illərlə müqayisədə silahların kəmiyyəti baxımından hazırda ən zəif göstəricilərə malikdir.

Barack Obama isə cavab verdi ki, dəniz donanmasında gəmilərin sayının azalması hələ döyüş qabiliyyətinin azalması demək deyil.

Prezidentin fikrincə, hərbi texnika quruculuğunun inkişafı ayrılıqda hər bir gəminin və ya təyyarənin döyüş qabiliyyətinin artırılmasını təmin edib.

Onun fikrincə, ABŞ dəniz donanmasında gəmilərin sayı azalsa da, təyyarə daşıyan kreyserlərin sayı artıb və bu, ümumi döyüş qabiliyyətinin azalması yox, artması deməkdir.

QAÇILAN MÖVZULAR

Liviyada ABŞ konsulluğu qarşısında bu ölkənin bayrağı
Liviyada ABŞ konsulluğu qarşısında bu ölkənin bayrağı
Müşahidəçilər təəccüblənirlər ki, bu debatda Benqazi hadisələri zamanı Amerika səfirinin öldürülməsi məsələsi qabardılmadı.

Çin məsələsində də tərəflər sanki əvvəlcədən razılaşdırılmış kimi çox da dərinə getmədilər.

Hər iki namizəd Çini ticarət məsələsində ümumi qaydalarla oynamağa məcbur etməyin mühümlüyündən danışdı.

Barack Obama Yaxın Şərqin yeni demokratiyalarında vətəndaş cəmiyyətlərinin qurulmasına kömək etmək üçün Amerikanın özündə cəmiyyətin inkişaf etdirilməsinin vacibliyindən danışdı.

Bundan faydalanmaq istəyən Mitt Romney söhbəti iqtisadi axara çəkmək istəsə də, bu fənd alınmadı.

O, iddia edirdi ki, «Obama-nın zəif iqtisadiyyatı» şəraitində Amerika cəmiyyətinin inkişafı çətindir.

Lakin nəticə etibarilə birinci debatda Romney-ə uğur gətirən bəyanatlar, sonuncu debatda ona məğlubiyyət gətirdi.

OBAMA-NIN EMOSİONAL QƏLƏBƏSİ

Bütün debat boyu diqqəti cəlb edən bu idi ki, Mitt Romney «mən prezidentlə razıyam ki...» ifadələrini tez-tez işlədirdi.

Əvəzində Obama «mən şadam ki, siz bu məsələdə mənimlə razısınız ki...» kimi ifadələrdən daha çox istifadə edirdi.

Mitt Romney bəzən Obama danışarkən ona müəllimini dinləyən şagird kimi baxırdı.
«CNN»nin bu dəfə keçirdiyi «elmi sorğu»da da Obama tam qalib gəldi.

«CNN» elmi sorğu üçün müstəqil ekspertləri dəvət etmişdi və bu rəy sorğusunda «kimin daha yaxşı ali baş komandan ola biləcəyi» və ya «kimin xarici siyasəti daha yaxşı yürüdə biləcəyi» barədə suallarda Barack Obama-nın üstünlüyü bir daha təsdiq olundu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG