Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:27

Çernobıl əlilinin bitib tükənməyən problemləri


Yaşı 60-ı ötmüş Hümbət Quliyev Çernobıl qəzası əlilidir.

Deyir, hələ Çernobıla göndərilməmişdən əvvəl vəzifəli bir adamın sürücüsü işləyirmiş. Normal həyatının ahəngini Çernobıl qəzası alt-üst edib. Sağlamlığını itirib, evini satıb müalicəsinə xərcləyib, indi də ailəsi ilə kirayələrdə qalır:

«Problem bir deyil, iki deyil. Ev yox, xəstəliyimlə çarpışıram, ildə bir neçə dəfə pulsuz dərman alıram, qalanlarını özüm alıram. Çernobıl əlillərinə hər il Mərdəkandakı pansionatda istirahət etmək və müalicə olunmaq üçün «putyovka» verirdilər. Bu il onu da vermədilər».

Hümbət Quliyev deyir ki, Çernobıldan əlil kimi qayıdandan sonra müalicə xərclərinin çox hissəsini özü çəkib. Buna görə də hələ o vaxtlar yaşadığı mənzili satmalı olub. Həmin vaxtdan ailəsi ilə kirayələrdə yaşayır. Müraciətlərinə baxmayaraq dövlət onu mənzillə təmin etmir:

«2 il əvvəl sənədlərimi ev növbəsinə təqdim etdim. Hələ də xəbər yoxdur. Çernobıl hadisələrinin 25 illiyində Xətai rayon İcra Hakimiyyətinə dəvət elədilər, sevindim ki, yəqin ev məsələsinə görə çağırırlar. Yığdılar bizi yekə otağa, zərfin içində hərəmizə 50 manat verdilər. 50 manatla problem həll olunur ki? Özüm də, ailə üzvlərim də başqa-başqa adamların evlərində yaşayış qeydiyyatındayıq, özümüz isə kirayədə qalırıq».

Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzindən «Qaynar xətt»ə bildiriblər ki, Hümbət Quliyevə hər il Çernobıl əlilləri üçün nəzərdə tutulmuş pansionata «putyovka» verilir. Ancaq bu, əlilin müraciəti əsasında olur. Bu il Hümbət Quliyev ərizə ilə müraciət etmədiyinə görə ona «putyovka» ayrılmayıb.

Xətai rayon İcra Hakimiyyətindən isə dedilər ki, araşdırma zamanı Hümbət Quliyevin quruma ev növbəsi ilə bağlı ərizəsi daxil olmayıb. Əgər belə bir ərizə daxil olarsa, İcra Hakimiyyəti əlili ev növbəsinə götürməyə hazırdır.
XS
SM
MD
LG