Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:04

Lənkəranda Heydər Əliyev parkı 3-сü dəfə yenidən qurulur...


Lənkəranda Heydər Əliyev parkı
Lənkəranda Heydər Əliyev parkı
Lənkəranın mərkəzi meydanı İcra Hakimiyyəti binasının önündə yerləşir. Meydanın ortasında Heydər Əliyevin 3 metrlik heykəli, digər tərəfdə isə Heydər Əliyev mərkəzi diqqəti cəlb edir. Meydan indi Heydər Əliyev parkı adlanır. Deyilənə görə, ərazisi 2 hektara yaxındır. Yerli sakinlər bu parkı başıbəlalı hesab edirlər. Onların demələrinə görə, bu parkı heç vaxt rahat gəzmək mümkün olmayıb. İllərlə parkda gedən təmir-tikinti işləri buna imkan vermir. Parkda olarkən piltələrin söküldüyünü, fəvvarələrin dağıldığını gördük. Parkda fəhlələr işləyirdilər. Yaxınlıqdan keçən bir neçə lənkəranlıdan parkla bağlı soruşduq. Lənkəran rayon sakini Davud Baxşiyev deyir ki, hər icra başçısı dəyişəndə bura dağıdılır və yenidən düzəldilir:

«BURDA ELƏ AĞACLAR VAR İDİ Kİ...»

«Burda elə ağaclar var idi ki... İki dənə palıd ağacı var idi. Mikayılov kəsdi bunları. Nə üçün bu pulu başqa işə sərf edə bilməz? Pensiyaya möhtacıq, acından ölür çoxu bazarda. Görmürsən, palçıq üstündə oturublar. Mən onlardan biri. Sütəmurdovdan bura, körpüdən bura 30 qəpik tapa bilmirəm avtobusa verim. Piyada indi gəlib çıxmışam bura. Bir az otururam burda».

Davud Baxşiye, Muxtar Babayev, Ələkbər Məmmədov
Davud Baxşiye, Muxtar Babayev, Ələkbər Məmmədov
Lənkəran rayonunun digər sakini Muxtar Babayev də parkdakı dağıntıdan narazılıq edir. O, deyir ki, rayonda özbaşınalıqdır. Bir neçə il bundan əvvəl tikilən parkın yenidən sökülməsi özbaşınalıqdan xəbər verir:

«HƏRƏ GƏLİB HEYDƏR ƏLİYEV PARKINI İSTƏDİYİ KİMİ TƏMİR EDİR...»

«Bura ikinci dəfədir təmir olunur. Hər gələn başçı təmir edir. Lənkəranın o qədər abadlığa ehtiyacı olan yerləri var baxmırlar. Ancaq bu Heydər Əliyev adına parkda, hərə gəlir istədiyi formada burda dəyişiklik edir. Biri gəlir ağacları kəsdirir. Biri gəlir rəngdən xoşu gəlmir. Amma Lənkəranın başqa yerlərində, şəhərin kənar yerlərində kanalizasiya bərbad gündədir. Suyun axarı yoxdur. Yaşıllıq yoxdur. Heç kim bu şeylərlə maraqlanmır. Lənkərana gələn hər icra başçısı, onun nümayəndəsi bura ilə maraqlanır. Elə bil ki, Lənkəranda bütün abadlıq işləri buna bağlıdır».

Muxtar Babayevin fikrincə, hələ bərkiməmiş piltəni sökdürüb daha pisini düzürlər. İş əvvəlkindən də eybəcər alınır.

Heydər Əliyev adına parkda çalışan iş icraçısından bunun səbəbini soruşanda o, bizə məhəl qoymur.

Muxtar Babayev isə deyir ki, xalqın pulunu bu yolla göyə sovururlar:

«2012-Cİ İLDƏ LƏNKƏRANIN ABADLIĞI ÜÇÜN PREZİDENT 5 MİLYON PUL AYIRIB»

«2012-ci ildə Lənkəranın abadlığı üçün prezident 5 milyon pul ayırıb. O 5 milyonun nəticəsi, aqibəti bilinmir. Ancaq bu sahəni, bu meydanı təmir eləməklə hər şey həll olunur».

Ələkbər Məmmədov adlı Lənkəran sakini isə deyir ki, gecə-gündüz parkla məşğul olan rəhbərlər bundansa adamların problemləri ilə məşğul olsalar yaxşıdır.

Lənkəran rayonunun Gəgiran kənd sakini Əli Axundov isə kənd yollarının bərbad vəziyyətdə olduğunu deyir. O, bildirir ki, bu yaxınlarda bir neçə kəndin sakini yolların bərbad olmasına etiraz olaraq Lənkəran-Boradigah yolunu bağlayıb. Onun sözlərinə görə, Gəgiran kəndinə gedən yola 20 ildən çoxdur ki, diqqət yetirilmir. Həmin əraziyə avtobus işləmir. Kəndə şəxsi maşınlar bir nəfəri 5 manata aparır. Onun fikrincə, parkı təkrar-təkrar söküb-tikməkdənsə həmin vəsaiti yolların abadlığına sərf etmək daha düzgün olardı.

Yadigar Sadıqov
Yadigar Sadıqov
«Cənub» araşdırmaları mərkəzinin rəhbəri Yadigar Sadıqov isə sözügedən məsələ ilə bağlı bunları deyir:

«2005-Cİ İLDƏN BU YANA HƏMİN MƏRKƏZİ MEYDAN ÜÇÜNCÜ DƏFƏ...»

«Meydan 23 avqust adlanırdı, axırıncı dəfə ona Heydər Əliyevin adını verəndən sonra orada yenidənqurma işləri başladı. Meydan söküldü və yenidən tikildi. İcra başçısı dəyişdirildi, Zeynal Nağdəliyev getdi, onun yerinə Süleyman Mikayılov gəldi. Süleyman Mikayılovun Lənkəranda gördüyü işlərdən birincisi meydanı söküb, onu yenidən düzəltmək oldu. İndi Taleh Qaraşovdur icra başçısı. Onun da ilk addımlarından biri həmin meydanı yenidən söküb, düzəltmək olub. 2005-ci ildən bu yana həmin mərkəzi meydan üçüncü dəfə yenidənqurmaya məruz qalır».

Yadigar Sadıqovun sözlərinə görə, çəkilən xərclər barəsində məlumat verilmir. Parkda görülən işlər barəsində söhbətlər getsə də, təmirin maliyyə tərəfi gizli saxlanılır. Tikintini kimlərin aparması barədə də heç nə deyilmir:

«YARIM MİLYON DOLLAR PUL MƏHV OLDU, HAVAYA SOVRULDU»

«Dəqiq məlumatlar təəssüf ki, deyə bilmərik. Şəffaflıq yoxdur dövlət satınalmalarında, dövlət xərclərində. Amma məlumdur ki, milyonlarla pul son 7 ildə bir dənə meydana xərclənib. O zaman meydanda yerləşən Heydər Əliyev muzeyinin önündə musiqili fəvvarə düzəldilmişdi və analoqu olmayan fəvvarə kimi qələmə verilirdi. Mətbuatda rast gəlmişdim ki, bu fəvvarələrin hər biri 200 min manata başa gəlib, yəni 400 min manat, yarım milyon dollara. Lakin üstündən 4 il keçəndən sonra, keçən ilin payızında o fəvvarələr söküldü. Beləliklə yarım milyon dollar pul məhv oldu, havaya sovruldu».

Yadigar Sadıqovun deyinə görə, dövlətin, xalqın pulunun bu şəkildə göyə sovrulması insanların narazılığına səbəb olur:

Arxiv foto
Arxiv foto
«Lənkəranlıların etirazına səbəb olub. Çünki insanlar zillət içində yaşayırlar. Bu pulları özlərinin rifah halının yaxşılaşmasına - Lənkəranın başqa yerləri var ki, kənd yolları var oralara - xərclənməsini daha məqbul bilirlər».

Lənkəran icra hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Möhübbət Babayev isə deyilən iradlarla razılaşmır:

«BU GÜN TİKİR, 5-6 İLDƏN SONRA TƏZƏLƏYİRSƏN»

«Bu gün tikir, 5-6 ildən sonra təzələyirsən. Xatirə parkıdır, bəzi şeyləri dəyişməyə ehtiyacı var, sıradan çıxmış piltələri dəyişməyə ehtiyac var. İstirahət yeri düzəldilir. Heç bir problem yoxdur, daha yaxşıdır. Daha yaxşı tikilir. Bütün bu inkişafımızı dəstəkləyən müxalifətimiz də var. Başqa nə ola bilər. Daha gözəl, daha yaraşıqlı».

Lənkəran şəhərində içməli su və kanalizasiya xətti yoxdur. İçməli su və kanalizasiya xətlərini yenidən qurmaq üçün 170 milyon manat pul ayrılıb. Rayonda qazlaşdırma tam başa çatmayıb. Abonentlərin yalnız 31,3 faizi qazla təmin olunub.
XS
SM
MD
LG