Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 05:24

«Soyundurub 3 saat işgəncə verdilər»


Eyvaz Ələsgərov: Döyülməkdən ayaqlarımın altı gömgöy idi.
Eyvaz Ələsgərov: Döyülməkdən ayaqlarımın altı gömgöy idi.
-
«Paltarlarımı soyundurdular, qaldım alt paltarında. Sonra polislərdən biri oturdu dizlərimin üstündə, biri boynumdan tutdu ki, tərpənməyim. Bir polis dəyənəklə ayaqlarımın altına vurmağa başladı».

Xaçmaz rayon sakini, 29 yaşlı Eyvaz Ələsgərov rayon polisində belə işgəncələrə məruz qaldığını iddia edir. Polis bölməsinin ikinci mərtəbəsində, rəisin otağında bu əməliyyatın 3 saata qədər davam etdiyini bildirir.

«3 SAATDAN SONRA MƏNİ NİYƏ DÖYDÜKLƏRİNİ DEDİLƏR »

Eyvaz Ələsgərovun dediyinə görə, 3 saatlıq işgəncələrdən sonra ona rayon sakini Cəllad Bayramovun qətlində müqəssir olduğunu deyiblər.

Axşam saat 21:30-da polis bölməsindən buraxıldığını deyən Eyvaz Ələsgərovun bildirdiyinə görə, xəstəxanada onu qəbul etməyiblər. Deyir onun polisdə döyüldüyünü bilən kimi hamı yaxasını kənara çəkib.

Xaçmaz rayon Xəstəxanasının qəbul şöbəsindən isə Eyvaz Ələsgərovun onlara müraciət etməsini təsdiqləmirlər.

İŞGƏNCƏ İLƏ BAĞLI MÜRACİƏT OLUNAN ÜNVANLAR

Həmsöhbətim deyir ki, daha sonra o, üzləşdiyi işgəncə halları ilə bağlı prezidentə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Ombudsman Aparatına və İşgəncələr Əleyhinə Komitəyə məktubla müraciət edib:

«Prokurorluqdan, Ombudsman Aparatından cavab gəlib. Bir də DİN-dən adam gəlmişdi, izahat alıb getdi. O gedən gedib. Heç bir xəbər-ətər çıxmadı. İşimə tam baxılmır. Bilmirəm bu işlərin axırı nə olacaq».

OMBUDSMAN APARATI BAŞ PROKURORLUĞA MÜRACİƏT EDİB

Ombudsman Aparatının hüquqşünası Adil Eyvazov AzadlıqRadiosuna Eyvaz Ələsgərovdan sentyabrın 24-də məktub aldıqlarını və oktyabrın 1-də həm onun özünə, həm də Baş Prokurorluğa müraciət olunduğunu deyir:

«Məktubda həmin şəxs Xaçmaz polisində döyülüb-söyülərək işgəncəyə məruz qaldığını yazıb. Ərizəsində ona törətmədiyi cinayəti etiraf etməyə məcbur edildiyini bildirir və təqsirkar şəxslərin əməlinə hüquqi qiymət verilməsini istəyir».

Adil Eyvazov polisdə işgəncələrlə bağlı onlara müraciət olduğunu və bir çox hallarda bunun təsdiqini tapmadığını deyir.

DİN: «TƏSDİQİNİ TAPMAYIB »

Daxili İşlər Nazirliyində (DİN) də məsələdən xəbərdar olduqlarının deyirlər. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə rayon sakini Cəllad Bayramovun ölümü ilə bağlı həmin şəxsin polisə çağırıldığını bildirsə də,
Orxan Mansurzadə
Orxan Mansurzadə
işgəncə haqda deyilənləri təkzib edir. Deyir bu deyilənlərin içərisində yeganə doğru məlumat varsa, o da Eyvaz Ələsgərovun Xaçmaz polisində olmasıdır:

«Rayon polis şöbəsinin əməliyyat qrupu Eyvaz Ələsgərovu polisə gətirib, izahatı alınıb və sərbəst buraxılıb. Həmin ərəfədə rayon prokuroru da onu qəbul edib. Onda təzyiq və işgəncə olub –olmadığını soruşub, həmin şəxs ona qarşı hər hansı təzyiq olmadığını deyib».

«DÖYÜLMƏKDƏN AYAQLARIMIN ALTI GÖMGÖY İDİ, AMMA QORXUDAN PROKURORA DEMƏDİM»

Eyvaz Ələsgərov rayon prokurorunun onunla görüşdüyünü təsdiqləyir. Amma deyir ki, üzləşdiyi işgəncə hallarını qorxusundan prokurora etiraf etməyib:

«Döyülməkdən ayaqlarımın altı gömgöy idi. 3 saatdan sonra məndən izahat aldılar. Bizim rayon prokurorluğundan adam gəldi, izahatımı aldı. Həmin şəxs məndən soruşdu ki, ayaqlarına nə olub? Qorxumdan demədim, çünki mənə demişdilər ki, prokurorun nümayəndəsinə desən, səni ondan da beşbetər edəcəyik».

Orxan Mansurzadə isə deyir ki, nazirlik Eyvaz Ələsgərovun müraciəti ilə əlaqədar Xaçmaz polisində araşdırma aparıb, amma onun dedikləri öz təsdiqini tapmayıb :

«Bu baxımdan, həmin şəxsin dediklərini polisin işgüzar nüfuzuna kölgə salmaq kimi dəyərləndiririk».

Elçin Behbudov
Elçin Behbudov
İŞGƏNCƏ NİYƏ HƏMİŞƏ TƏKZİB OLUNUR ?

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov hüquq-mühafizə orqanlarının həmişə işgəncə iddialarını təkzib etməsini adi hal sayır. Deyir işgəncə faktının təsdiqi hüquq-mühafizə orqanları üçün zərbədir. Bu baxımdan da, onlardan faktların etirafını gözləmək qeyri-mümkündür. Digər tərəfdən, komitə rəhbəri hesab edir ki, işgəncənin ən yaxşı təsdiqi bu halla üzləşən şəxsin məhkəməyə üz tutmasıdır.

«2010-CU İLDƏ 169 NƏFƏR İŞGƏNCƏ İLƏ ÜZLƏŞİB, 7-Sİ VƏFAT EDİB»

ABŞ Dövlət Departamenti və beynəlxalq təşkilatların hesabatlarında dəfələrlə Azərbaycanda polisin vətəndaşlara işgəncə verdiyi deyilir.

ABŞ Dövlət Departamentinin 2011-ci il hesabatında qeyd edilir ki, 2010-cu ildə 169 nəfər həbsdə və hərbi xidmətdə işgəncə halları ilə üzləşib, onlardan da 7-si vəfat edib.
XS
SM
MD
LG