Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:26

Gənclər polisə dəvət olunublar


Arxiv foto
Arxiv foto
-
Oktyabrın 19-da axşam saatlarında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov və Bakı şəhər Prokurorunun müavini Fazil Həsənəliyev oktyabrın 20-də keçiriləcək etiraz aksiyasının 4 təşkilatçısını qəbul edib.

Bu haqda AzadlıqRadiosuna Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinin rəhbəri Natiq Ədilov deyib:

«Bizimlə oktyabrın 20-dəki aksiya ilə bağlı söhbət etdilər. Aksiyanın yeri ilə maraqlandılar. Biz bildirdik ki, biz sivil aksiya keçirmək niyyətindəyik».

Natiq Ədilov deyir ki, söhbətin sonunda hüquq-mühafizə orqanlarının rəsmiləri onlara yazılı xəbərdarlıq təqdim ediblər.

«Həmin xəbərdarlıqda bildirilir ki, aksiya zamanı yaranacaq hər hansı xoşagəlməz hadisəyə görə təşkilatçılar məsuliyyət daşıyırlar. Biz onunla tanış olsaq da, həmin sənədə imza atmadıq. Ancaq bildirdik ki, 20 oktyabr aksiyası dinc və sivil olacaq».

Görüşdə Natiq Ədilovla yanaşı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı, Vətəndaş Həmrəyli Partiyasının üzvü Samir Əsədli, Azərbaycan Demokrat Partiyası Gənclər Təşkilatının sədri Cəmil Hacıyev iştirak edib.

Oktyabrın 20-də gənc fəallar və ictimaiyyət nümayəndələri parlamentin buraxılması tələbiylə aksiya keçirməyə hazırlaşırlar. Bakı şəhər İcra Hakimiyyəti onlara «20-ci yaşayış sahəsi»ndəki sürücülük məktəbinin həyətində mitinq keçirməyə icazə verib. Amma aksiyanın təşkilatçıları şəhərin mərkəzində yerləşən Fəvvarələr Meydanında aksiya keçirəcəklərini bildirirlər.

DİN: «FƏVVARƏLƏR MEYDANINDA AKSİYAYA İMKAN VERİLMƏYƏCƏK»

Daxili İşlər Nazirliyi oktyabrın 20-də gənc fəalların və ictimaiyyət nümayəndələrinin Fəvvarələr Meydanında aksiya keçirməsinə imkan verməyəcək. Bu haqda AzadlıqRadiosuna nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib.

«Aksiya Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdə, 20-ci yaşayış massivindəki Sürücülük məktəbinin həyətində keçirilərsə, polis aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək. Ancaq aksiya təşkilatçıları icra hakimiyyətinin təklif etdiyi yerdən imtina edib, israr edərək şəhərin mərkəzindəki Fəvvarələr Meydanında yürüş etmək istəsələr bu qanunsuz hərəkət sayılacaq. Qanunsuz hərəkətlərin də qarşısı polis tərəfindən alınacaq».

«AKSİYA KEÇİRİLƏCƏK»

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı belə dedi. Onun sözlərinə görə, Azərbaycan qanunlarına uyğun olaraq Daxili İşlər Nazirliyinin siyasətə qarışmaq haqqı yoxdur.

«Biz Konstitusiyaya uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinə yer üçün müraciət etmişik. Bu qurum da qanuna söykənməyən cavab verib, bizə istədiyimiz yerdə mitinq keçirmək müraciətimizə rədd cavabı verib. Nazirliyin indidən belə bəyanatla çıxışı qanunların işləməməsinin növbəti sübutudur».

Gənc fəallar və ictimaiyyət nümayəndələri oktyabrın 20-də Fəvvarələr Meydanında etiraz aksiyası keçirəcəyini bəyan edib. Onlar parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edilər.
XS
SM
MD
LG