Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:47

Gəncədə obyekti uçurulan sahibkarlar iş yerlərini tələb edirlər


Sahibkarlar iş yerlərini tələb edirlər
Sahibkarlar iş yerlərini tələb edirlər
Gəncədə 12 sahibkar icra hakimiyyətinin qarşısına yığışaraq hüquqlarının bərpasını tələb ediblər. Tələbləri 1 il əvvəl şəhər icra hakimiyyətinin göstərişi ilə Nizami küçəsində sökülmüş obyektlərinin nəhayət tikilib verilməsidir. Sahibkarlar iddia edirlər ki, zəhmətlə qurub yaratdıqları, illərlə çörəkpulu qazandıqları yeri sökəndə onlara şəhərin mərkəzində obyekt tikiləcəyi vədi verilibmiş.

Sahibkar İlkin Abbasov deyir ki, obyektləri ilə bağlı əllərində qanuni sərəncam olsa da, söküntü işləri heç bir məhkəmə qərarı olmadan, qanunsuz aparılıb.

«ÇAĞIRIB DEYİRLƏR Kİ, NƏ YER VAR, NƏ DƏ PUL»

«Biz də açar düzəldirdik. Sənəddə var ki, bizim toxunulmaz obyektimizdir. Heydər Əliyevin sərəncamı ilə bizə verilmiş obyektdir. Gəncə şəhər icra hakimiyyəti qeyri-qanuni, məhkəməsiz, sənədsiz sökdü, dağıtdı. 1 ildə dedilər ki, yerinizi tikib verəcəyik. İndi də çağırıb deyirlər ki, nə yer var, nə də pul. Öz yerimiz uğrunda mübarizə aparacağıq».

«AYDA 200 MANAT ALIRDIQ, ONU DA VERMİRLƏR»

Digər sahibkar Sədi Fərəcullayev danışır ki, son 5 ayda çox şikayət, get-gəldən sonra icra hakimiyyəti onlara ayda 200 manat pul verib. Dediyinə görə, bu pul onlara kompensasiya kimi və ya müvəqqəti dolanışıq məqsədilə verilibmiş. Sədi Fərəculayev deyir ki, bu aydan o vəsait də verilməyəcək və vəziyyətləri ağır olacaq.

«Pensiya almıram, 8 nəfərlik ailəyə baxıram. Ayda 200 manat alırdıq, onu da vermirlər. Obyektdə yaxşı qazanırdıq. 62 yaşım var, bu vəziyyətdə yaşaya bilmirəm. O 200 manatı kompensasiya adı ilə verirdilər. Obyektin yeri də eləcə qalıb».

«BİZ İNDİ NEYLƏYƏK, VƏTƏNDAŞLIQDAN ÇIXAQ?»

Sahibkarlar sual edirlər: «Biz indi neyləyək? Aclıq elan edək, vətəndaşlıqdan çıxaq?».

Sahibkarlar deyirlər ki, indi onlara şəhərin mərkəzindən bir qədər uzaqda, başqa bir ünvanda yer verirlər. Onların sözlərinə görə, orda ticarət etməksə mümkün deyil.

«İcra hakimiyyətində Xəqani müəllimə və İlham müəllimə müraciət etmişik. İlham müəllim dedi ki, 200 manat verilməyəcək. Təklif etdikləri obyekt şəhərdən kənar bir yerdədir. Orada ticarətdən söz ola bilməz. Qazanc olmayan yer nəyimə lazımdır?».

İCRA HAKİMİYYƏTİ: «ŞİKAYƏTLƏR ƏSASSIZDIR»

Gəncə
Gəncə
Şəhər icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Xəqani Əbdüləzimov mikrofona danışmaq istəməsə də, şifahi olaraq bildirdi ki, şikayətlər əsassızdır. Əlavə etdi ki, həmin obyektlər qəzalı vəziyyətdə olduğu üçün şəhər icra hakimiyyətinin qərarı ilə sökülüb və həmin sahibkarlara Atatürk prospekti ilə Ziyadxan küçəsinin kəsişməsində tikili ayırıblar. Onun sözlərinə görə, yeni obyektlərin ərazisi hətta sökülən obyektlərdən daha böyükdür.

Həmin yerin mərkəzdən uzaq olması haqda fikirlərəsə Xəqani Əbdüləzimov belə münasibət bildirdi: «Yeni obyektlər şəhərin mərkəzindən çox da uzaqda deyil».

O ki, qaldı son 4-5 ayda sahibkarlara ödənilən 200 manata, Xəqani Əbduləzimov deyir: «Həmin vəsait onlara haradasa müvəqqəti iş görmələri üçün, icarə haqqı əvəzi kimi icra hakimiyyətində aktlaşdırılıb verilib».

Şöbə müdiri təsdiqləyir ki, artıq bina tikildiyindən bu vəsait sahibkarlara verilməyəcək. Və yeganə çıxış yolu sahibkarların icra hakimiyyəti tərəfindən tikilmiş köşk və mağazada gedib yenidən iş qurmalarıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG