Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Ərzaq qiymətləri niyə qalxır?


Arxiv foto
Arxiv foto
«Soğan almişam, alma almişam....»

Bakı sakini Afət Həsənova əlindəki zənbillərini göstərib bu günkü bazarlığından danışır. Deyir evdən çıxmazdan əvvəl alacaqlarının siyahısını tutub. Amma özü ilə götürdüyü pula siyahıdakı ərzaqların yalnız bir hissəsini ala bilib:

«Nə lazım idi, əvvəlcədən yazıb gəlmişdim. Amma qiymətlər elə də ürəkaçan deyil. Məhsul boldur, amma qiymətlər çox bahadır».

Afət Həsənova kimi digər alıcılar da qiymətlərin bahalığından gileyləndilər.

Söhbətləşdiyimiz alıcılar oktyabrın ilk günlərində bəzi ərzaq məhsullarının qiymətinin yenidən bahalandığını bildirdilər:

«ƏT, YAĞ, PENDİR LAP BAHADIR»

«Ərzaq məhsullarının - yağın, xamanın qiyməti artıb. Demək olar ki, əksər ərzaq məhsullarının qiyməti bahadır. Hələ yenə Allah prezidentdən razı olsun, ölkədə dolların qiyməti sabitdir. Yoxsa lap çox bahalıq olardı».

«Ət, yağ, pendir - bunlar lap bahadır»
«Ət, yağ, pendir - bunlar lap bahadır»
«Ət, yağ, pendir - bunlar lap bahadır. Yenə tərəvəz məhsulları ilə birtəhər yola veririk. Belə də 3-4 günə 4 nəfərlik ailə üçün 40-50 manat xərclənir. Elə ətin kilosu 10 manatdır».

«Çox, hədindən artıq bahalıqdır. Aldığımız maaşla bazardakı qiymətlər düz gəlmir. Məsələn, mən alıram 340 manat. Amma ailəmi dolandırmaq üçün ən azı 1.000 manat almalıyam. Azərbaycanda işsizliyi, aylıq əmək haqlarını nəzərə alsaq, bazar çox bahalıqdır».

«Elə hər şeyin qiyməti bahalaşıb. Qiymət artımı var, ancaq azalma yoxdur. Xüsusilə də ətin qiyməti bahalaşıb. Bazarda qiymətlər arta-arta gedir».

ÇÖRƏYİN QİYMƏTİ 40 QƏPİYƏ QALXIB

Bazarda bir ay əvvəl ətin kilosu 7,50 - 8 manat idisə, indi 9-10 manatdır. Satıcı Ədalət Heybətov deyir ki, son bir ayda xüsusilə çörəyin qiyməti bahalaşıb. Onun sözlərinə görə, əvvəl çəkini azaldırdılarsa, artıq oktyabrın 10-dan mağazalara çörəyin qiymətini 30 qəpikdən 40 qəpiyə qaldırıblar:

«Bu gün mağazaya çörək gətirəndə dedilər ki, bu gündən 30 qəpiklik çörək 40 qəpiyə satılacaq. İndi də bizə neçəyə satılırsa, biz də onun üstə 5-10 qəpik qoyub satırıq. Hələlik ancaq çörəyin qiymətində artım var. Digər məhsullarda hələlik artım yoxdur».

Oktyabrın 10-da İqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda sentyabr ayı ərzində apardığı müşahidənin nəticələrini açıqlayıb.

ƏRZAQ MƏHSULLARI 2 FAİZ BAHALAŞIB

Çörəyin qiyməti 40 qəpiyə qalxıb
Çörəyin qiyməti 40 qəpiyə qalxıb
Nəticələrə görə, sentyabr ayında ölkənin istehlak bazarında bütün mal və xidmət qrupları üzrə artım olub. Ərzaq məhsulları təxminən 2 faiz, qeyri-ərzaq məhsulları 1,3 faiz, xidmət tarifləri isə 0,09 faiz bahalaşıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 7,36 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər təxminən 11 faiz, regionlarda isə 4 faiz artıb.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirir ki, istehlak bazarında qiymət artımı qeydə alınmayıb. Onun sözlərinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında daim monitorinqlərin nəticələri bunu göstərir:

«QİYMƏT ARTIMI QEYDƏ ALINMAYIB»

«Ümumiyyətlə anti-inhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti mütəmadi qaydada istehlak bazarında nəzarət tədbirlərini həyata keçirir. Bu nəzarət tədbirlərindən olan monitorinqlər hazırda da davam etdirilir. Monitorinqlər zamanı istehlak bazarda hər hansı qiymət artımı halı qeydə alınmayıb».

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı koordinatoru Təranə Bəşirova isə deyir ki, qiymət artımı ərzaq təhlükəsizliyi məsələsini də təhlükə altına salır. Onun sözlərinə görə, ərzaq qiymətləri ən yüksək həddə 2008-ci ildə çatıb. Təranə Bəşirova qiymət artımının səbəblərini sadalayır:

ARTIMIN SÜNİ SƏBƏBLƏRİ

«Burada tək problem qiymət artımı deyil, qiymətlərin sıçrayışıdır. Yəni, ilin əvvəlində qiymətlər birdən ucuzlaşır, ilin ortasında və ya sonunda birdən bahalaşır. Yəni, bu həm də sabitliyə öz təsirini göstərir. Qiymət artımının əsas səbəblərindən biri də onların süni şəkildə artırılmasıdır. Yəni, fermerlər özləri birbaşa məhsullarını sata bilmirlər. Vasitəçilər, spekulyatorlar başqa sözlə desək «ticarətçilər» fermerlərdən məhsulu ucuz qiymətə alıb çox baha satırlar. Bu da ki, öz növbəsində qiymət artımına səbəb olan ən böyük amillərdəndir».

MƏHSULDARLIĞIN AŞAĞI OLMASI

Arxiv foto
Arxiv foto
Təranə Bəşirova ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı digər problemlərdən də danışdı. Onun fikrincə, ərzaq problemi ilə bağlı məsələlərdən biri də məhsuldarlığın aşağı olmasıdır. Beləki ölkədə eroziyaya uğramış və şoranlaşmış torpaqların münbitləşdirilməsi istiqamətində işlər görülməlidir:

«Digər problem kimi maliyyə kredit məsələsini qeyd etmək olar. Düzdür hökumət bu sahədə müəyyən işlər görür. Amma sahibkarların bu kreditlərə çatımlığında problemlər var».

1979-cu ildə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransında 16 oktyabr Ümumdünya Ərzaq günü elan olunub. Məqsəd əhalinin dünyadakı ərzaq problemləri barədə məlumatlandırılması, aclıq və yoxsulluğa qarşı mübarizədə həmrəyliyin möhkəmləndirilməsidir.

15 MİLYARD DOLLARLIQ İNVESTİSİYA

«Azərbaycanda demək olar bütün yeni, müasir emal müəssisələri dünya standartlarına cavab verir ki, biz məhsulumuzu istənilən bazarlara ixrac edə bilək. Hazırda bizim üçün əsas ixrac bazarı qonşu ölkələrdir. Bu, ənənəvi bazardır. Ancaq biz məhsullarımızla artıq Avropa İttifaqı məkanına da çıxırıq. Əminəm ki, yaxın zamanlarda bu işlər daha da sürətlə gedəcəkdir».

İlham Əliyev
İlham Əliyev
Bunu prezident İlham Əliyev bu ilin aprelində Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransında deyib. İlham Əliyev 2011-ci ildə Azərbaycan daxilində 15 milyard dollar investisiya qoyulduğunu bildirib. O, investisiyaların böyük hissəsinin kənd təsərrüfatına, aqrar sektora, ölkəmizin bölgələrinə yönəldiyini vurğulayıb.

Azərbaycanda ərzaq məhsullarının istehsalının artırılması, vətəndaşların keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaradılması ilə bağlı dövlət proqramı qəbul olunub. «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» çərçivəsində nəzərdə tutulur ki, əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunsun, bitkiçilik, xüsusən taxılçılıq, meyvəçilik, heyvandarlıq, ət və süd məhsullarının istehsalı inkişaf etdirilsin.
XS
SM
MD
LG