Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Əhəd Abıyev böyrəyini aldığı qadının pulunu ödəməyib?


Foto: Arxiv
Foto: Arxiv
-
- Mən böyrəyimi kefimdən satmamışam, ehtiyacdan satmışam. İndi isə belə məlum olur ki, mənim canım getdi, pulumu da ala bilmədim.

Yeni Azərbaycan Partiyasının üzvü, müəllimə, bir oğlu ilə tək yaşayan Eleonora Cəbrayılova belə deyir. Həmin qadın bir neçə gündür mətbuatın diqqətindədir. O, böyrəyinin birini Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyevin qardaşı Səməd Abıyevə satdığını, amma hələ də ona vəd olunan 50 min manatı ala bilmədiyini deyir.

Əhəd Abıyev mətbuata açıqlamasında həmin faktı qismən təsdiqləyib. Həqiqətən də keçən il İranda qardaşına böyrək köçürüldüyünü və donorun Eleonora Cəbrayılova olduğunu söyləyib.

Faktla bağlı bir müddət əvvəl Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində araşdırma da aparılıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna belə deyir:

- Həmin idarədə araşdırma aparılıb. Sadəcə, eyni vaxtda analoji araşdırma Baş Prokurorluqda aparıldığından iş üzrə materiallar bu quruma göndərilib.

Respublika Prokurorluğundan isə dedilər ki, məsələyə az sonra münasibət bildirəcəklər.

«BU İŞİ NƏ BAĞLAYA BİLİRLƏR, NƏ AÇA»

Eleonora Cəbrayılova isə AzadlıqRadiosuna deyib ki, onun Respublika Prokurorluğuna müraciəti 4 aydır araşdırılmamış qalıb:

- Ərizəm 4 aydır fırlanır, Bakı şəhər Prokurorluğuna, ordan Xətai rayonuna göndərilib, sonra Bakıya qaytarılıb, sonra Səbailə, axırda da Nəsimi rayon Prokurorluğuna göndəriblər. Mənə konkret heç nə demirlər. Bu işi nə bağlaya bilirlər, nə də aça. Uzadırlar da yalandan, gözləyirlər ki, nə vaxt yorulub oturacağam. Yorulub oturmuşam daha.

ASLAN İSMAYILOV: «DƏRHAL CİNAYƏT İŞİ AÇILMALI İDİ...»

- Cinayət baş verib və dərhal araşdırma aparılmalı idi.

Hüquqşünas Aslan İsmayılov belə deyir. O xatırladır ki, Azərbaycan qanunları insan orqan və toxumalarının transplantasiyasını
Aslan İsmayılov
Aslan İsmayılov
qadağan edir:

- Cinayət Məcəlləsinin 137-ci maddəsində bu barədə deyilir. Bu yöndəki bütün beynəlxalq müqavilələrə də qoşulmuşuq. Mətbuatda da izləyirəm, hamı danışır, amma hüquq-mühafizə orqanları susurlar. Bu, hüquq-mühafizə orqanlarının biabırçı vəziyyətdə olduğunu göstərir. Həmin qurumlar dərhal cinayət işi qaldırmalıydılar. Azərbaycanın adı onsuz da bütün dünyada orqan transplantasiyası ilə məşğul olan ölkə kimi hallanır. Gah ABU-da aparılıb, indi məlum olur ki, İranda da belə şey olub.

«ƏMƏLİYYATIN APARILMASINA DAİR SÜBUTUM VAR»

Orqan transplantasiyası qadağandırsa, bəs tərəflər necə razılaşıblar? Eleonora Cəbrayılova deyir ki, Səməd Abıyevlə böyrək köçürməsi üçün İrana yollanmazdan qabaq Bakıda notariusda olublar:

- Bəli, mən Səbail rayonundakı 41 nömrəli notariusda qeydiyyatdan keçmişəm və yazmışıq ki, qohum kimi böyrəyimi bu adama bağışlayıram.

- Amma Sizə ödəniləcək məbləğ orda göstərilməyib?

- Yox. Elə şey mümkün deyil. Heç bir notarius buna imkan verməz. Sadəcə, adamlar öz aralarında sövdələşirlər.

- Sabah hüquq-mühafizə orqanlarına aranızda sövdələşmə olmasına dair hansı sübutu təqdim edə biləcəksiz?

- Sövdələşməylə bağlı sübut yoxdur. Amma bu əməliyyatın aparıldığına sübutum var. Orda hamı bilir ki, bu cür yolla olur.

«GÜCLƏRİ MÜSAVATÇI QIZA ÇATIRDI»

Hüquqşünas Aslan İsmayılova yenidən müraciət edirik: «İnsan orqanlarının alqı-satqısı qadağandır.
Əhəd Abıyev
Əhəd Abıyev
Amma sənədlə bu orqanı qohumuna-qardaşına bağışlamaq necə, mümkündürmü? Çünki Eleonora Cəbrayılova böyrəyini Səməd Abıyevə təmənnasız verməsi haqda sənəd imzaladığını deyir».

Hüquqşünasın cavabı: «Xeyr, mümkün deyil. Onlar vəzifəli şəxslərdir. Bu qadın isə maddi baxımdan asılı vəziyyətdədir. Orda cinayət tərkibi var, cinayət işi qaldırılıb, motivi araşdırmalıdır. Sadəcə, hüquq-mühafizə orqanlarının gücü müsavatçı bir qıza çatırdı (Müsavat partiyasının üzvü Nigar Yaqublunu nəzərdə tutur - Ş.B.). Baş prokurordan tutmuş hamısı bu haqda bəyanat verirdi. Bu isə ondan min dəfə artıq cinayətdir. Amma buna münasibət bildirmirlər».

Əhəd Abıyevin Lent.az saytına dediklərindən:

- Qardaşım xəstə adamdır. Qanuna müvafiq qaydada qardaşım da, donor da İrana gedib və böyrək köçürülüb. Həmin qadın sənədə də qol çəkib ki, mən böyrəyimi təmənnasız verirəm.

Əhəd Abıyev daha sonra deyib ki, hər şey qanuna uyğun həyata keçirilib:

- Sonradan biliblər ki, xəstə Əhəd Abıyevin qardaşıdır. İstəyirlər ki, daha 50 min alsınlar. Mən adımı qəsdən hallandıranları, böhtan atanları məhkəməyə verəcəyəm. 15 ilin deputatına belə hədə gəlməkmi olar?

Eleonora Cəbrayılova isə deyir ki, öz haqqını istəyir:

- Mən kimi tanıyıram onun adamlarından? Haqqımı versin, onunla nə işim. O, özü də bunu yaxşı bilir. Fikirləşib ki, tək qadındır, aldadaram, gedər.
XS
SM
MD
LG