Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:24

Azərbaycana kimlər buraxılmır?


Foto: Arxiv
Foto: Arxiv
-
İngiltərəli siyasi təhlilçi Dennis Sammut təxminən iki ay əvvəl bir neçə dəfə Azərbaycana gəlməyə cəhd edib. Amma viza ala bilmədiyi üçün onun səfəri baş tutmayıb.

Hələ də viza almağa ümid etdiyi üçün adının çəkilməsini istəməyən almaniyalı jurnalist isə dörd aydır viza əldə bilmir. O, viza üçün Azərbaycanın Almaniyadakı səfirliyindən başqa Gürcüstandakı səfirliyə də müraciət edib. Amma bir şey alınmayıb. Buna baxmayaraq, o, hələ də ümidini üzmür. Hesab edir ki, nə vaxtsa viza alıb Azərbaycana gedə biləcək.

«AZƏRBAYCAN ANCAQ ARZUOLUNMAZ ŞƏXSLƏRƏ VİZA VERMİR»

Xarici İşlər Nazirliyində isə bildirirlər ki, viza yalnız Azərbaycanda arzuolunmaz əcnəbilərə verilmir. Nazirliyin sözçüsü Elman Abdullayevə görə, həmin şəxslər də əsasən ölkənin razılığı olmadan işğal olunmuş ərazilərə səfər edənlərdir. O, qalan şəxslərin viza almasında isə heç bir problem görmür:

«Azərbaycana gəlmək istəyən bütün xarici vətəndaşların sənədlərinə baxılır, demək olar ki, əksər hallarda hamısı müsbət cavablandırılır, hamıya viza verilir».

Amma Elman Abdullayev deyir ki, bəzən təhlükəsizlik məsələləri ilə əlaqədar araşdırmalar əcnəbi vətəndaşa viza verilməsini yubadır. Nazirlik sözçüsü bu halın əksər ölkələrdə mövcud olduğunu deyir:

«Burda müxtəlif məqamlar var. Bu, bir proseduradır. Təbii, Amerika da, Böyük Britaniya da, Fransa da belə işləyir. Bu, beynəlxalq standartdır».

«ELEKTRON VİZA VERMƏYƏ HAZIRIQ, AMMA...»

Azərbaycanın Bolqarıstandakı səfirliyinin konsulluq şöbəsinin əməkdaşı Elşən Həsənov da Azərbaycana səfər etmək istəyən əcnəbilərin viza almasında indiyə qədər heç bir çətinliklə üzləşmədiyini bildirir.

Elşən Həsənov deyir ki, hətta elektron viza məsələsi də çoxdan hazırdır:

«Bizə hələ ki elektron müraciət olmayıb. Sadəcə gəlirlər, bizə köhnə qaydada müraciət edirlər, qısa müddət ərzində də lazımı sənədlər əsasında vizalarını alırlar».

Erkin Qədirli
Erkin Qədirli
Lazımı sənədlərin nədən ibarət olduğuna gəlincə, Elşən Həsənov deyir:

«Otel otağının sifarişini təsdiq edən sənəd, təyyarə biletinin surəti və lazım olan sənədlər var. Onu doldurub dövlət rüsumunu ödəyib vizalarını alırlar».

Elşən Həsənov vizanın verilmə müddətinin elə də çox çəkmədiyini bildirir:

«Viza səfərin müddətindən asılıdır – 2-3 gün ərzində və ya 1 həftə ərzində verilir».

«ELƏ SƏFİRLİKLƏR VAR Kİ, ONLAR «JEK»DƏN ARAYIŞ İSTƏYİR»

Tez-tez xarici ölkələrə səfər edən hüquqşünas Erkin Qədirli deyir ki, Amerika və Böyük Britaniya kimi ölkələri çıxmaq şərtilə, əksər ölkələrdə viza almaq proseduraları çətindir:

«Misal üçün Şengen zonasında viza məsələsi bir az mürəkkəbdir. O ölkələrdə vahid viza təcrübəsi yoxdur. Yəni, hər bir səfirlik nə isə özündən əlavə sənəd tələb edir. Elə səfirliklər var ki, onlar «JEK»dən-yaşayış yerindən arayış istəyirlər. Elələri də var 6 ay ərzində bank əməliyyatlarının çıxarışını istəyirlər».

Vəfa Quluzadə
Vəfa Quluzadə
VİZA MƏSƏLƏSİNDƏ SİYASİ MOTİV

Keçmiş diplomat Vəfa Quluzadə isə əcnəbilərə bir neçə halda viza verilmədiyini deyir. Bu məsələyə hər ölkədə müxtəlif cür yanaşıldığını bildirən politoloq bütün ölkələrdə «qara siyahı»ya istinad edildiyini bildirir:

«Bəzi ölkələr «qara siyahı»ya bəzi adamları salırlar. Misal üçün, rusiyalı müğənni İosif Kobzon Amerikaya buraxılmır. Deyilir ki, onun hansısa mafiya üzvü ilə dostluq əlaqələri var. Bəzi ölkələrdə siyasi motivlərlə viza verilmir. Məsələn, kim Azərbaycan haqqında mənfi yazılar yazıbsa, ona viza verilmir. Düzdür, qanunla bunu etmək olmaz, amma müxtəlif bəhanələrlə buraxmırlar».

2012-ci ilin 6 ayı ərzində Azərbaycana 1 milyondan çox (1 088 823 nəfər) əcnəbi vətəndaş gəlib.

Bunu Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bildirir. Qurumun məlumatına görə, bu, ötən ilin 6 ayı ilə müqayisədə 7.1 faiz (72 264 nəfər) çoxdur.
XS
SM
MD
LG