Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:33

Vəkili Zaur Qurbanlı ilə görüşüb


Vəkil Əsabəli Mustafayev oktyabrın 6-da həbsdə olan «NİDA» hərəkatının üzvü Zaur Qurbanlı ilə görüşüb. Vəkilin sözlərinə görə, təkbətək görüşdə gənc fəal saxlanmasından sonra hər hansı istintaq hərəkəti aparılmadığını deyib.

«Mən onunla təklikdə görüşdüm. Soruşdum ki, səninlə bağlı hər hansı araşdırma gedirmi və ya səndən nələrsə soruşulurmu, dindirilmisənmi, dedi yox. Saxlanma şəraitindən hər hansı narazılıq bildirmədi».

İnzibati həbs cəzası almış şəxsin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmasına gəlincə, vəkil bunu düzgün addım saymır. Hesab edir ki, sutkalıq həbs cəzası alanlar xüsusi müəssisəyə köçürülməlidir.

«Amma görünür onun sözügedən idarədə saxlanmasında marağı olanlar var. Bəlkə də istəyirlər ki, bu barədə informasiyalar səngisin. Bu gün müəyyən məsələlər var ki, biz onunla barışmaq məcburiyyətindəyik, təki onu 15 günlük həbs müddəti bitəndən sonra buraxsınlar».
Zaur Qurbanlının digər vəkili Akif Əlizadə «Mediaforum» saytına müsahibəsində Zaurun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmasını ona qarşı hansısa ittiham verməyə hazırlıqla bağlı ola biləcəyini deyib. Amma Əsabəli Mustafayev hazırda belə bir əlamətin olmadığını deyir.

«Nida» Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Zaur Qurbanlı sentyabrın 29-da tutulub.

Daxili İşlər Nazirliyi yaydığı məlumatda bildirir ki, Zaur Qurbanlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olan əməliyyat məlumatı əsasında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Bundan sonra Abşeron Rayon Məhkəməsi onun barəsində 15 gün müddətinə inzibati həbs qərarı çıxarıb. Nazirlik əlavə edib ki, Zaur Qurbanlının iş yerində aparılan axtarış zamanı qanunsuz sənədlər və digər əşyalar aşkar edilərək götürülüb, bununla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG