Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Avropalı ekspert ilk dəfə Azərbaycanın qara kürü diplomatiyasının keçərli olmadığını deyir


Gerald Knaus
Gerald Knaus
.

“Çətinliklə də olsa, Avropa Şurası Parlament Assambleyasında siyasi məhbuslarla bağlı meyarlar qəbul edildi, kağız üzərində təsdiqləndi ki, kimə siyasi məhbus demək olar.

Azərbaycan bunun qarşısını almaq üçün çox çalışdı".

Bunu Azadlıq Radiosuna müsahibəsində Berlində yerləşən “Avropa Sabitlik Təşəbbüsü” Analitik Mərkəzinin rəhbəri Gerald Knaus deyir.

“İlk dəfə idi ki, “qara kürü diplomatiyası” keçərli olmadı” – deyə G.Knaus Azərbaycanın Avropa Şurasındakı nümayəndələrinin fəaliyyətini tənqid edir:

- Dünən (oktyabrın 3-də - red.) bizim gördüklərimiz həmin “qara kürü diplomatiyası”nın zirvə nöqtəsi idi. Azərbaycan səsverməyə Avropa Şurası Parlament Assambleyasının mümkün qədər çox üzvünü səfərbər etmişdi. 2005-ci ildən bəri bu taktika işləyirdi, amma ilk dəfə olaraq uğursuzluqla bitdi.

Çünki artıq Avropa Şurasında bu cür əməllərə qarşı çıxan qüvvələr bir araya gəlib bunun qarşısını aldılar. Çünki onlar gördülər ki, bu, çox ciddi məsələdir – hansısa ölkə Avropa Şurasına qoşulur, amma öhdəliklərini yerinə yetirmir, onu tənqid edənləri də susdurur”.

İndiyəcən Azərbaycan bildirirdi ki, siyasi məhbus anlayışı mücərrədir. Bakı siyasi məhbuslar üzrə Azərbaycana məruzəçi təyin edilmiş Kristof Ştrasseri qəbul etmir, ona viza vermir, Azərbaycanda siyasi məhbus probleminin olmadığını deyirdi.

Amma assambleyada qəbul edilmiş sənəddə aydın göstərilir ki, məsələn, əgər kimsə həbs olunanda fikir, vicdan və din azadlığı pozulubsa, ona siyasi məhbus demək olar. Yaxud, həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə həmin şəxsə siyasi məhbus demək olar...

Gerald Knaus hesab edir ki, siyasi məhbus meyarlarının qəbulu həlledici məqamdır. Əgər bundan sonra da Azərbaycan siyasi məhbus üzrə məruzəçini ölkəyə buraxmasa, bu, artıq ona qarşı sanksiya tətbiqi ilə nəticələnə bilər.

Gerald Knaus deyir ki, Azərbaycan "siyasi məhbus karuseli"nə son qoymalıdır:

- Xaricdən təzyiq edildikdən sonra kimlərsə həbsdən buraxılır, amma bir müddət sonra başqaları həbs edilir. Daim həbsxanada siyasi məhbuslar olur.

Hətta birbaşa siyasətə aidiyyatı olmayan – bloqçular, jurnalistlər də tutulur. Strategiya aydındır – bu karusellə mülki cəmiyyəti daim təzyiq altında saxlamaq.

Gerald Knaus deyir ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasında özünə xeyli tərəfdar toplayıb. Bunlar həm Azərbaycanın strateji müttəfiqləri – Türkiyə, Rusiya, Ukrayna kimi Azərbaycana oxşar siyasi problemlərə malik ölkələrin deputatlarıdır, həm də assambleyanın üzvü olan ayrı-ayrı deputatlar.

Gerald Knaus bildirir ki, assambleyanın üzvlərinin tez-tez Azərbaycana dəvət edilməsi şübhə doğurur:

- Onların səfər xərcləri ödənir, ildə hətta iki dəfə Azərbaycana dəvət alırlar, hədiyyə qəbul edirlər. Sonra da həmin adamlar Azərbaycanda demokratiyanın vəziyyətini qiymətləndirən monitorinq qruplarının üzvü olur, gözlə görünən problemlərin mövcudluğunu inkar edirlər. Bunlar ciddi etik problemlərdir və suallar doğurur.
Azərbaycan rəsmiləri bundan əvvəl də bir neçə dəfə müxalifətdən və Qərb mediasından Avropa Şurasında "Qara kürü" diplomatiyası iddiasıyla üzləşib. Amma Bakı və Avropa Birliyinin rəsmiləri bu cür iddiaları rədd ediblər.
XS
SM
MD
LG