Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 04:51

İslam ölkələri küfrə görə edam edir, bəs Qərb?


-

Amerika Konstitusiyası kiminsə küfrdə ittiham edilməsini qadağan edir...

İtaliyada küfr cinayət yox, inzibati xəta sayılır...


Küfrə, dini hisslərin təhqirinə qarşı qanunlar - müqəddəs sayılan şəxs və personajlara, ibadət yerləri və dini abidələrə, dini ayin və inanclara münasibətdə hörmətsizliyə imkan verməmək məqsədi daşıyır.

Şəriət qanunları ilə idarə olunan bir sıra ölkələrdə küfrə görə edam edirlər. Hətta dünyəvi quruluşa malik Əfqanıstan və Pakistan kimi ölkələrdə də buna görə ölüm hökmü verilə bilər.

Bəs demokratik Qərb ölkələrinin qanunlarında küfrə görə hansı cəzalar nəzərdə tutulub?

ABŞ

Amerikada kiminsə küfrə görə məsuliyyətə cəlb edilməsi birbaşa Konstitusiyanın pozulması demək olardı.

Konstitusiyaya 1-ci əlavədə deyilir ki, Konqres söz azadlığının ziyanına olaraq heç bir qanun qəbul edə bilməz.

Ona görə də Amerikada kimisə küfr etmək, yaxud dini hisslərin təhqiri ittihamı ilə məsuliyyətə cəlb etmək mümkün deyil.

Amerikanın Ali Məhkəməsi “Joseph Burstyn, Inc. – Wilson-a qarşı” işinə baxarkən qərar çıxarmışdı ki, New York-da “küfr dolu” filmlərə senzura tətbiq edilə bilməz.

Qərarda deyilirdi ki, dövlət ifadə azadlığını məhdudlaşdıraraq hansısa dini, məzhəbi müdafiə edə, mətbuatda, nitqlərdə, yaxud filmlərdə konkret dini doktrinaya qarşı yönələn fikirlərə görə kimisə məsuliyyətə cəlb edə bilməz.

Amma bununla yanaşı Amerika qanunlarına görə, əgər məhkəmədə məlum olsa ki, qətl, şəxsi mülkiyyətə ziyan vurma, yaxud başqa bir cinayətin motivi irqi, milli, dini, cinsi ayrıseçkilikdir, onda həmin cinayətə görə cəza daha ağır olmalıdır.

KANADA

Kanadanın Cinayət Məcəlləsi dini, milli, irqi zəmində nifrət aşılayan çıxışları qadağan edir. Məcəllədə hansısa qrupa qarşı nifrət aşılanmasına görə cərimədən 2 illik həbsə qədər cəza nəzərdə tutulur. Amma əgər məhkəmə bu qərara gəlsə ki, təqsirləndirilən şəxs sadəcə, əks arqument kimi hansısa dini məsələdə fikrini deyib, yaxud onun fikrini ifadə etdiyi dini mövzunun müzakirəsi cəmiyyətin maraqlarına xidmət edir, onda o, nifrət aşılamaq üstündə cəzalandırıla bilməz.

AVSTRALİYA, DANİMARKA

Avstraliya İttifaqının bəzi ştat və ərazilərində küfr cinayətdir, bəzilərində isə yox. Amma praktikada belə mühakimələrə çoxdandır rast gəlinmir. Sonuncu dəfə küfrə görə mühakimə halı 1919-cu ildə Viktoriya ştatında qeydə alınıb. Danimarkada da Cinayət Məcəlləsində küfrə qarşı maddə var. Amma ondan sonuncu dəfə 1938-ci ildə istifadə
Nyu Yorkda Azadlıq abidəsi
Nyu Yorkda Azadlıq abidəsi
edilib. O zaman bir nasist qrupu anti-semitizm təbliğatına görə həmin maddə ilə ittiham edilmişdi. 2004-cü ildə həmin maddənin Cinayət Məcəlləsindən çıxarılması təklif edilsə də, çoxluq bunun əleyhinə çıxmışdı. Danimarkada Cinayət Məcəlləsinin “nifrət aşılanmasına qarşı” maddəsindən daha çox istifadə edilir.

FİNLANDİYA

Finlandiyada Cinayət Məcəlləsində küfrə qarşı maddə var.

1969-cu ildə Harro Koskinen “Xilaskar Donuz” karikaturasına görə həmin maddə ilə mühakimə edilmişdi. Karikaturada çarmıxa çəkilmiş donuz təsvir edilirdi. Amma Koskinenin cəzası həbs yox, cərimə oldu.

2008-ci ildə nifrət aşılama və küfr ittihamı ilə Seppo Lehto 2 il 4 ay müddətinə həbs cəzasına məhkum edilmişdi. Onu İslamın müqəddəs saydığı anlayışları məqsədli şəkildə təhqir edən materlalların yayılmasına görə məhkum etmişdilər.

ALMANİYA, İTALİYA

Almaniya qanunlarında küfrə qarşı maddə var. Amma bu, ictimai asayişi pozmaq təhlükəsi yarandıqda istifadə edilə bilər. 2005-ci ildə islamçıların Londonda törətdiyi partlayışlardan sonra Almaniyada Manfred van H. adlı şəxs tualet kağızlarında Quran ayələri çap edib məscidlərə göndərmişdi. Bu, böyük qalmaqala səbəb olmuş və həmin şəxsə 1 illik həbs cəzası kəsilmişdi.

İtaliyanın Cinayət Məcəlləsində küfrə qarşı maddə olsa da, buna görə cinayət məsuliyyəti 1999-cu ildə ləğv edilib. İndi küfr “inzibati xəta”dır.

YUNANISTAN, İRLANDİYA, NİDERLAND

Yunanıstanda Allaha, pravoslav kilsəsi və başqa dinlərə qarşı küfr 2 iləcən həbs cəzası ilə cəzalandırıla bilər. 2003-cü ildə Yunanıstanda Gerhard Haderer adlı avstriyalı yerli naşir və 4 kitab dükanı sahibi ilə birgə küfrdə ittiham olunmuşdular. “İsa Məsihin həyatı” kitabında İsa peyğəmbər hippi kimi təsvir edilmişdi. Amma sonradan Afinanın Apellyasiya Məhkəməsi onlara bəraət vermişdi.

İrlandiyada küfr Konstitusiya ilə qadağan edilir. Küfrə görə 25 min avro cərimə cəzası var.

Hollandiyada küfr qanunla qadağandır, buna görə 3 aylıq həbs cəzası almaq, yaxud 3800 avroya qədər cərimə olunmaq mümkündür. Amma praktikada belə mühakimələrə nadir halda rast gəlinir. 1966-cı ildə yazıçı Gerard Reve öz romanında eşşək cildinə girmiş allahla cinsi əlaqəni təsvir etdiyinə görə küfrdə təqsirli bilinmiş, amma sonradan yuxarı instansiya məhkəməsi hökmü ləğv etmişdi.

BÖYÜK BRİTANİYA

Küfrə görə cinayət təqibi 2008-ci ildə ləğv edilib.

Küfrə qarşı qanunlardan sonuncu dəfə 2007-ci ildə istifadəyə cəhd edilib.

BBC-nin proqramlarının birində uşaq paltarı geymiş İsa peyğəmbər “bir az homoseksual olduğunu” deyir. Bundan qəzəblənən “Christian Voice” qrupu televiziyaya qarşı iddia qaldırır. Amma məhkəmə iddianı rədd edir. Qrupun şikayətlərindən sonra yuxarı instansiya məhkəməsi də qərarı qüvvədə saxlayır və sənət nümunəsində küfr axtarmağın yersiz olduğunu bildirir.

AVROPA ŞURASININ TƏŞƏBBÜSÜ

2007-ci ildə Avropa Şurası və onun Venesiya Komissiyası üzv ölkələrə tövsiyələr vermişdi. Həmin tövsiyələr küfrə görə cinayət təqibini ləğv etməyə çağırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG