Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:55

«Hakim dedi, düz yola qayıt, sənin müxalifətdə nə işin var?»


Foto: Arxiv
Foto: Arxiv
-
Xaçmazda yaşayan müxalifətçi Elmar Nəbiyev «Qaynar xətt»ə şikayət edib ki, siyasi baxışlarına görə polis tərəfindən təqib olunur. Onun dediyinə görə, İctimai Palatanın Xaçmaz təşkilatının əlaqələndirmə şurasının üzvü kimi aktiv fəaliyyət göstərir. Deyir, buna görə də rayon polis şöbəsinin əməkdaşları onu şərləyərək veriblər məhkəməyə. Rayon məhkəməsinin hakimi də öyüd-nəsihət verib ki, cavansan, düz yola gəl, sənin müxalifətdə nə işin. Sonra da ona 5 sutka cəza kəsib. 5 sutkasını başa vurmağa az qalmış daha 5 sutka cəza verilib. Elmar Nəbiyev:

«Sentyabrın 14-də sahə müvəkkilimiz zəng elədi, məni polis məntəqəsinə çağırdı. Mən məntəqəyə getdim, birlikdə polis şöbəsinə gəldik. Şöbəyə çatanda, tanımadığım bir nəfəri mənə göstərib dedilər ki, dünən bu adamı vurmusan, səndən şikayətçidir. Baxdım ki, həmin adam sərxoş vəziyyətdədir, polislər nə deyirsə, təsdiqləyir. Mənə heç qulaq asan da olmadı. 1 gün polisdə saxladılar, sabahı gün məhkəməyə apardılar. Hakim başladı məni tənbeh etməyə ki, sənin müxalifətdə nə işin var, düz yola qayıt və s. Sonra da 5 sutka verdi. Ancaq ittihamda o adamın adı yox idi, yazılmışdı ki, guya mən polisləri təhqir etmişəm, tabe olmamışam. Hakimə dedim ki, axı məni başqa şeyə görə tutublar, guya ayın 13-də kimisə söyüb döymüşəm. Dedi, mənə elə ittiham gəlməyib, məndəki ittihama görə, polis şöbəsinin qarşısında polis işçilərinə tabe olmamısan».

Elmar Nəbiyev deyir ki, məhkəmədən Xaçmaz rayon Polis Şöbəsinə qaytarılıb və 5 gün müvəqqəti saxlama təcridxanasında saxlanıb. Azadlığa çıxmasına 2 saat qalmış polis işçiləri onu yenə məhkəməyə aparıblar. Bu dəfə hakim ona 5 sutka da cəza kəsib. Elmar Nəbiyev:

«Bu dəfə də adını belə qoydular ki, guya təcridxanada səs-küy salmışam, polisləri söymüşəm və sair. Ancaq belə bir hadisə olmamışdı. Polis işçiləri mənə böhtan atırdılar».

Xaçmaz rayon Məhkəməsindən bildiriblər ki, Elmar Nəbiyev barəsində sentyabrın 15-də və 20-də inzibati həbslə bağlı iki qərar çıxarılıb. Birinci qərar xırda xuliqanlıq, ikinci qərar isə müvəqqəti saxlama təcridxanasında nizam-intizam qaydalarını pozma ilə bağlı olub. Hər iki qərarla o, ümumilikdə 10 gün inzibati həbsdə qalıb.

«POLİSƏ ÇAĞIRILANDA ONUN SİYASİ MƏNSUBİYYƏTİNİ BİLƏN OLMAYIB»

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Xaçmaz sakini Elmar Nəbiyevin guya siyasi baxışlarına görə polis tərəfindən təqib olunması barədə iddialarını əsassız sayır. Onun söylədiklərinin diqqəti özünə cəlb etmək məqsədilə ortaya atıldığını deyir:
Orxan Mansurzadə
Orxan Mansurzadə
«Elmar Nəbiyev Xaçmaz sakini olan Vahid adlı şəxsi təhqir etdiyinə görə əvvəlcə polis sahə məntəqəsinə dəvət olunub. Lakin o, məntəqənin qarşısında da həmin şəxsə qarşı eyni hərəkətlərini davam etdirdiyi üçün artıq bu dəfə rayon polis şöbəsinə gətirilib. Burada Elmar Nəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Buna görə də, məhkəmə onun barəsində 5 sutka müddətinə inzibati həbs cəzası kəsib».

Orxan Mansurzadə deyir ki, Elmar Nəbiyev müvəqqəti saxlama təcridxanasında cəzasını çəkərkən dəfələrlə heç bir əsas olmadan hay-küy salıb, daxili intizam qaydalarını pozub. Bu səbəbdən cəzası 10 sutkaya qədər uzadılıb:

«Özü verdiyi izahatda da MST-də hay-küy salmağın yolverilməzliyi barədə nəzarətçilər tərəfindən dəfələrlə xəbərdar olunduğunu qeyd edib. Nə məhkəmədə, nə də RPŞ-də heç kim onun hansı siyasi və ya ictimai quruma aid olması ilə maraqlanmayıb, buna heç ehtiyac da olmayıb. Bir daha təkrar edirəm ki, o, polisə sırf şikayətlə bağlı çağırılıb və heç bir əməkdaş onun hansısa təşkilatın üzvü olub-olmamasının fərqinə varmayıb».

Elmar Nəbiyev isə deyir ki, polis şöbəsində saxlanılarkən və məhkəməsi olarkən ailə üzvlərinə bu barədə məlumat verilməyib. Dövlət tərəfindən təyin olunmuş vəkildənsə özü imtina edib.

Məhkəmənin barəsində çıxardığı birinci həbs qərarı ilə bağlı şikayətin müddəti ötdüyünə görə o, sonuncu qərardan apellyasiya şikayəti verəcək.
XS
SM
MD
LG