Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 13:08

«Obama'ya deyin ki, özüm ona sonra zəng edərəm»


Barack Obama
Barack Obama
-
Görəsən, «dünyanın direktoru» sayılan ABŞ prezidentinə bunları deməyi tapşıran o qüdrətli şəxs kimdir?

Bu günlər Britaniyanın Baş naziri David Cameron'un adı məzəli bir qalmaqalda hallandırılır.

Guya başı öz dostu ilə tennis oyununa qarışmış D.Cameron ona ABŞ prezidentinin telefon xəttində olduğunu söyləyən köməkçisinə belə deyib:

«Obama'ya deyin ki, özüm ona sonra zəng edərəm».

Dost isə kim olsa yaxşıdır - D.Cameron'un məktəb yoldaşı, özü də telefon danışıqlarının dinlənilməsi qalmaqalı ilə əlaqədar həbs edilmiş Charlie Brooks!

Hadisəni yerli mətbuata elə Charlie'nin özü çatdırıb.

AĞ EV XƏBƏRDARLIQSIZ ZƏNG VURMUR

D.Cameron bu iddianı rədd edib. Bildirib ki, o, Charlie ilə bircə dəfə tennis oynayıb, rəsmi qeydiyyat kitabında da Barack Obama'nın zəngi barədə heç bir qeyd yoxdur.

Hökumət rəsmiləri isə deyirlər ki, Baş nazir və ABŞ prezidentinin zəngləri əvvəlcədən planlaşdırılır.
Barack Obama və David Cameron
Barack Obama və David Cameron
Hətta bir dəfə Osama bin Laden'in öldürüldüyünü xəbər vermək üçün gecəyarısı D.Cameron'a zəng etməli olan Obama'nın köməkçisi 15 dəqiqə əvvəl bu barədə xəbərdarlıq edib.

Bununla belə, Charlie Brooks'un dedikləri o qədər inandırıcıdır ki, az qala heç bir şübhə qalmır.

Britaniya ictimaiyyəti isə belə dedi-qoduları və qalmaqalları çərəz əvəzinə yeyir.

Charlie Brooks əhvalatı belə danışır:

«Mən ilk seti asanlıqla uddum, sonra o, ikinci seti uddu. Elə bu vaxt kimsə yaxınlaşıb dedi: «Cənab Baş nazir, cənab Obama telefon xəttindədir». David isə dedi ki, «bizim üçüncü set üçün də vaxtımız var. Cənab Obama’ya deyin ki, mən ona sonra özüm zəng vuraram». Cameron elə bilirdi ki, məni üçüncü setdə uda biləcək. Lakin sonuncu seti mən uddum».

Başqa bir mənbə bildirir ki, cənab Cameron'la cənab Brooks arasında tennis oyunu 2010-cu ilin avqust səhərlərindən birində olub.

Gordon Brown
Gordon Brown
BU, RƏHBƏRLƏR ARASINDA OLAN ŞEYDİR

Britaniyanın keçmiş Baş naziri Gordon Brown'un imic-meykeri Damian McBride deyir ki, bəzən köməkçilər Baş naziri cansıxıcı bir iclasdan «xilas» etmək istəyəndə, ona ağ kağız parçası ötürərdilər. O isə ayağa qalxıb, məsələn, belə bir sual verə bilərdi: «Necə, Netanyahu? Elə indi?». Sonra isə rahatca iclası tərk edərdi.

Deyilənə görə, sələfi Tony Blair də bəzən D.Cameron kimi edərmiş. Ağ Evdən növbəti zənglərdən biri zamanı o, guya, köməkçisinə deyibmiş:

«Sən Allah, savab iş gör, de ki, sonra özüm zəng edəcəyəm. Bir gün sənin xəcalətindən çıxaram».

Britaniya baş nazirləri bir qayda olaraq öz ölkələri ilə ABŞ arasında «məxsusi münasibətlərin» olmasını qabardırlar.

Sadə ingilislər isə amerikalıları zarafatla «əmi uşaqları» adlandırırlar.

Əmioğlu əmioğluya ərk edər də…
XS
SM
MD
LG