Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:31

Bakı-Qazax qatarı 6 saat gecikib


Bakı-Qazax qatarı
Bakı-Qazax qatarı
-
Nəhayət, günorta saat 2-yə 15 dəqiqə işləmiş Bakı-Qazax qatarı Gəncə stansiyasına çatır. Sərnişinlərin ətrafdakı skamyalarda saat 7-dən gözləyən yaxınları qatarın səsinə sevinirlər.

2 SAAT STANSİYADA, 6 SAAT QATARDA

Qatardan düşənlər narazı halda başlayırlar giley- güzara. 3 körpə uşağı ilə Bakıdan Ağstafaya xeyir iş üçün gələn Nəcibə Nəzirova sentyabrın 28-də 2 saatadək Goran stansiyası yaxınlığında gözlədildiklərini deyir. Bildirir ki, günəşin istisindən qızan dəmir qatarda ac-susuz 6 saatadək gözləmək onlara lap işgəncə olub. Üstəlik, bu qədər yorğunluqdan sonra Ağstafaya yola düşməlidirlər:

«Yolda qalmışdıq. Çox narahat idik körpə uşaqla. Bakıdan toya gəlirdik, Ağstafaya toya da gecikmişik. Toyumuz başlayıb. Dedilər Mingəçevirdə stansiyada qəza baş verib. Dedilər 2 qatar qabaqda xarab olub. Biz Goranda 2 saat qaldıq».

Söhbətləşdiyim sərnişinlər dəmiryol stansiyasındakı işçilərin xidmətə məsuliyyətsiz yanaşmasından gileylənirlər. Bildirirlər ki, belə ekstremal vəziyyətləri nəzərə alıb qatara təcili elektrovoz qoşmalı idilər.

KÖRPƏ UŞAQLAR AC QALIBLAR

Sərnişin Murad:

«Bəli, narahatlığımız oldu. Saat 8-də bura çatmalıydıq. Yorulduq. «Gözlə, gözlə, çıxacağıq», amma çıxmadılar. Zazalıda qaldıq. Yarım saatdan bir dayanırdı».

Başqa bir sərnişin Zahid Əmiraslanov:

«Saat 6-dan dayanmışıq, saat 12-yə qədər. Gəlib maraqlanan da yoxdur. Körpə uşaqlar ac qalıblar. Deyirik elektrovoz verin, hərə bir söz deyir. Yolun düzündə bir mağaza yoxdur ki, uşağa bir qismət çörək alasan. Bakıdan Tovuza gedirik».

«Mən yas yerinə getməli idim. Sənəd çatdırmalı idim. Ziya Məmmədov özünü doydurur. Saat neçədir, bir tikə çörək yeməmişik. Dərman içmişəm. Belə zülm olar?».

SƏBƏB ELEKTRİKİN OLMAMASIDIR
Zahid Əmiraslanov: «Saat 6-dan dayanmışıq, saat 12-yə qədər»
Zahid Əmiraslanov: «Saat 6-dan dayanmışıq, saat 12-yə qədər»

Bakı-Qazax qatarının rəisi Eynulla Bağırov da qatarın 6 saatadək gecikməsinin 100-dən çox sərnişini narahat etdiyinə təəssüfləndiyini deyir. Ancaq bildirir ki, hadisə dəmiryoluna birbaşa aid olmayan səbəblərdən baş verib:

«Bizim qatar Goran stansiyasına qədər tərtib olunmuş qrafik üzrə gəlib çatıb. Gorandan sonra hadisə baş verib. Şəbəkədə elektrik enerjisi olmadığına görə qatarımız gecikib. Sərnişinlərlə neçə dəfə maraqlanmışam. Rəhbərliklə əlaqə saxlamışıq. Göstəriş veriblər təbliğat aparın ki, hadisə baş verib. Xəbər vermişik, elektrovoz gətirilib. 2-ci əlavə elektrovoz gətirilib və dayanmışıq Gəncə stansiyasında».

«KOMPÜTER İŞLƏMİR, BİLET SATMIRIQ»

Elektrovoza qoşulmuş qatar Gəncəyə gəlib çatsa da, sentyabrın 28-də Gəncədən Bakıya qatarın hərəkət edib-etməyəcəyi naməlumdur. Hələ də Gəncədə enerji tam bərpa edilməyib. Gəncə dəmiryol vağzalında kassalarda bilet satışı mümkün deyil. Növbətçi kassir Sahib Göyüşov deyir ki, günün bitməsinə az qalsa da, kompüter işləmədiyindən bilet sata bilmirlər:

– Saat 7-dən gəlmişəm. Kompüter işləmirdi. İşıqla əlaqədardır.

– Bu gün bilet sata bilibsiz?

- Xeyr, sata bilməmişəm.

– Nə qədər bilet satırdız gün ərzində?

– 100-150 bilet satırdıq. İşıq yox idi, işıq olacaq, bilet alacaqlar.

Bakı-Qazax qatarı
Bakı-Qazax qatarı
Bakıya yola düşməli olan sərnişinlər də kassanın qarşısında sorğu-sual edirlər:

– Bakıya axşama var bilet?

- Xeyr, yoxdur. Kompüter işləmir.

- Əllə yazıb verə bilməzsiz? Bilet almış olardıq.

- Bizim işimiz kompüterlədir axı.

- İşıq olmasa, deməli Bakıya gedə bilməyəcəyik?

- İşıq yansın, gedərsən.

GƏRGİNLİYİN VERİLMƏSİ GÜNÜN SONUNADƏK BƏRPA OLUNACAQ

Sərnişinlərdən birinə yaxınlaşırıq:

– Bakıya getmək istəyirsiz?

– Bəli yəqin ki, belə gedişlə avtobusla gedəsi olacam. Qatar daha rahatdır.

Ancaq Gəncə Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayev şad xəbər verir. Deyir ki, hazırda şəhərdə bütün xətlərdə gərginlik var. Sadəcə, onun sabit paylanılması işi həyata keçirilir, enerji veriləcək. Gərginlik olmayan təkcə şəhərin 1-ci xəttidir. Orada da gərginliyin verilməsi günün sonunadək bərpa ediləcək.
XS
SM
MD
LG