Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Meşəyə çır-çırpı yığmağa gedən yeniyetmənin müəmması


Babək Hüseynov
Babək Hüseynov
«Oğlum 5 il əvvəl sentyabrın 22-də həmyaşıdları ilə meşəyə çır-çırpı yığmağa getdi. Hamının uşağı qayıdıb gəldi, mənim balam yox. Uşaqlar dedilər ki, Babək ulağı ilə birlikdə meşədə yoxa çıxıb».

Şəmkir rayonunun Tatarlı kənd sakini Ziyafət Hüseynova 5 ildir ki, gözünü qapıdan çəkmir. Hər gün oğlu Babəkin qapıdan girməsini gözləyir. Ancaq 5 ildir ki, gözləntiləri doğrulmur. Deyir, Babək hələ uşaqlıqdan yay gələndən soyuqlar düşənə qədər həmyaşıdlarına qoşulub meşəyə gedər, çır-çırpı yığıb gətirər, ailə də bütün qışı yandırıb istisinə qızınardı. Ancaq 5 ildir ki, ocağı sönüb.

«ÇOBAN SÖZÜNÜN ARXASINDAN QAÇDI»

Ziyafət Hüseynova: «Əvvəl polis əməlli-başlı axtarış aparırdı. Bizə qoşulub dağlara çıxırdı, meşələri dolaşırdı. 1 aydan sonra bir çoban gəlib dedi ki, uşağı bir prokurorluq işçisinin mal-qarasını otaran görüb. Mən də getdim polisə xəbər verdim. Sonra o çobana necə təzyiq göstərildisə çoban sözünün arxasından qaçdı. Həmin vaxtdan da polis oğlumu axtarmağa maraq göstərmədi. Evin əşyalarına kimi satıb başladıq özümüz axtarmağa. Dağlara çıxdıq, meşələrdə yatdıq, qonşu rayonları, kəndləri bir-birinə vurduq, «gördüm» deyən tapılmadı. 5 ildir düşmüşük polisin arxasıyca, yalvarırıq-yaxarırıq ki, uşağımızın öldüsündən - qaldısından bir xəbər desin. İndi heç polisə də yaxın düşə bilmirik, qapısına gedən kimi deyirlər daha 5 il axtardıq, yorulduq. Elə ömrümüzü sənin uşağının axtarışına sərf etməyəcəyik ki».

Ziyafət Hüseynova deyir ki, Şəmkir rayon Polis şöbəsində ona itmiş oğlunun axtarışını dayandırdıqlarını bildiriblər:

«Deyirlər 5 ildə tapılmayıbsa yəqin öldürüblər. Get, otur evində, nə vaxt təzə xəbər olar çağırıb sənə deyərik».

«ANANIN ŞÜBHƏLƏRİ ARAŞDIRILIB»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, 1990-cı il təvəllüdlü Hüseynov Babək Məhərrəm oğlu 2007-ci ilin sentyabr ayında evdən çıxıb geri qayıtmayıb. Şəmkir rayon Polis şöbəsi axtarışları davam etdirir:

Orxan Mansurzadə
Orxan Mansurzadə
«Ananın bütün şübhələri araşdırılıb, ancaq təsdiqini tapmayıb. 2009-cu ilin sonundan Şəmkir rayon Prokurorluğu tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi qaldırılıb. Prokurorluq istintaq, Şəmkir polisi isə əməliyyat-axtarış tədbirlərini davam etdirir».

İSTİNTAQ DAYANDIRILIB

Şəmkir rayon prokurorunun köməkçisi İlham Səlimov isə bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. 17 yaşlı yeniyetmənin axtarışı ilə bağlı Daxili İşlər Nazirliyinin ölüm şöbəsi ilə prokurorluq birgə axtarış tədbirləri də keçiriblər, ancaq axtarış nəticə verməyib. Buna görə də istintaq dayandırılıb. Əgər Daxili İşlər orqanları yeni bir məlumat üzə çıxartsalar istintaq da bərpa olunacaq.
XS
SM
MD
LG