Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:08

Kürdəxanıda kompensasiya qovğası


Arxiv foto
Arxiv foto
«Dədə-baba torpaqlarımız yeni çəkilən «dairəvi yol»a düşür, ancaq kompensasiyaların verilməsində qeyri-şəffaflıq var».

Bunu «Qaynar xətt»ə üz tutan Kürdəxanı sakini Abdulla Dadaşov deyir. Onun sözlərinə görə, dədə-babalarından miras qalmış 18 sot torpaq sahəsinə görə varislərə 108 min manat kompensasiya ayrılıb. Ancaq 4 varisin arasında bölünməli olan kompensasiyanı əmisi Qəribəli Dadaşova veriblər. İndi əmi digər vərəsələrə düşməli olan paylarını onlarla bölüşmək istəmir:

«May ayında mən xəstəxanada olmuşam, əmimi çağırıb hamımızın pulunu ona veriblər. Xəstəxanadan çıxandan sonra getdim bələdiyyəyə, İcra hakimiyyətinə, dedilər vaxtında çağıranda gəlib alaydın. Halbuki, həmin vaxt mən xəstəxanada olmuşam və onlar mənim xəstəxanadan çıxmağımı gözləməli idilər. İndi də deyirlər ki, get əmindən pulunu özün al».

Abdulla Dadaşov deyir ki, əmisi Qəribəli Dadaşova müraciət edəndə məlum olub ki, əmisi 18 sot torpağın 12 sotunu bir, 6 sotunu isə digər oğlunun adına sənədləşdirməklə 108 min manata sahib olub və digər vərəsələrə pul vermək fikrində olmadığını bildirib.

Arxiv foto
Arxiv foto
Abdulla Dadaşov: «Sabunçu rayon İcra Hakimiyyətinin başçısının yanına getdim, başçı söz verdi ki, mənə kömək edəcək. Ancaq o da məsələni bir yerə çıxartmadı».

«SƏNƏD VARSA MƏHKƏMƏYƏ MÜRACİƏT ETSİN»

Sabunçu rayon İcra Hakimiyyətindən bildirdilər ki, mübahisələndirilən torpaq sahəsinə Qəribəli Dadaşovun adına icazə müqaviləsi olduğuna görə kompensasiya da ona ödənilib. Əgər Abdulla Dadaşovun həmin torpaq sahəsinə vərəsəlik hüququnu təsdiq edən sənədi varsa, məhkəməyə müraciət edə bilər.

İcra hakimiyyətindən o da bildirilib ki, Mərdəkan-Bilgəh-Kürdəxanı-Pirşağı-Sumqayıt yolunun tikintisi ilə əlaqədar Kürdəxanı ərazisindən keçən yola düşmüş torpaq sahələrinə görə may ayından kompensasiyaların verilməsinə başlanılıb. 85 ailə kompensasiya alıb.

Qəribəli Dadaşov isə «Qaynar xətt»ə bildirib ki, şəxsən ona kompensasiya ödənilməyib, adı da kompensasiya alanların siyahısında yoxdur. Kompensasiya övladlarına ödənilib, həm də özlərinə məxsus olan torpaq sahələrinə görə.

VARİSLİK İSTİSNA OLUNUR?

Arxiv foto
Arxiv foto
Vəkil Fariz Namazov deyir ki, əgər birinci növbəli vərəsə varsa və Abdulla Dadaşovun əlində həmin torpağa vərəsəliyini təsdiqləyən hər hansı sənədi yoxdursa, onun varisliyi istisna olunur.

«Əgər hesab edirsə ki, o da dədə-baba torpağına varislərdən biridir, varisliyini məhkəmə yolu ilə tanıtdırıb kompensasiya tələb edə bilər. Bundan əvvəl o, arxiv idarəsinə müraciət edib torpağa dair sənəd tapmalıdır. Həmin sənədi məhkəməyə təqdim etməlidir. Sənəd olmasa vərəsəliyini təsdiq etdirə bilməyəcək».

Vəkil bildirir ki, Abdulla Dadaşov uzun müddət həmin torpağın istifadəçisi olmasını təsdiqləyən sənəd də əldə etməlidir.
XS
SM
MD
LG